...

Elman Nəsirov: Vyana görüşü cəbhədə qazanılan uğurların diplomatiyada davamıdır

Siyasət Materials 18 May 2016 19:06 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü aprelin əvvəlində Azərbaycan Ordusunun cəbhə xəttində qazandığı uğurlar nəticəsində mümkün oldu.
Elman Nəsirov: Vyana görüşü cəbhədə qazanılan uğurların diplomatiyada davamıdır

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü aprelin əvvəlində Azərbaycan Ordusunun cəbhə xəttində qazandığı uğurlar nəticəsində mümkün oldu. Yəni bu görüş Azərbaycan Ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir". Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, bu bir həqiqətdir ki, aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeni mərhələ başlayıb: "Yeni mərhələnin özəlliyi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu daha köhnə qayda ilə münaqişəni həll edə bilməyəcəyinin, status-kvonun bundan sonra davam edə bilməyəcəyinin, Azərbaycanın işğal faktı ilə heç vaxt barışmayacağının fərqindədir. Eyni zamanda həmsədrlər əmin oldular ki, bu münaqişə dondurulmuş münaqişə deyil, istənilən vaxt müharibəyə çevrilə bilər".

Millət vəkilinin sözlərinə görə, aprel döyüşlərindən sonra yaranmış yeni reallıqda Azərbaycanın və Ermənistanın davranışını müqayisə etsək, belə bir situasiya yaranır: "Ermənistan prezidenti bəyan etdi ki, yeni reallıqda o, danışıqlardan imtina edir və özünün əcaib şərtini irəli sürdü. Azərbaycan təbii ki, həmin şərtləri qəbul edə bilməzdi. Belə məlum oldu ki, Ermənistan danışıqlara getmir, Azərbaycan isə aprel döyüşlərindən qələbə ilə çıxaraq danışıqlara hazır olduğunu bəyan etdi. Amma indi Ermənistan prezidenti Vyanaya danışıqlara gedir. Deməli, Ermənistan müstəqil dövlət deyil, yalnız təsir və təzyiq altında öz hərəkətlərini müəyyən edir".

E.Nəsirovun fikrincə, yeni reallıqda Azərbaycan tərəfi, şahmat dili ilə desək, ağ fiqurlarla oynayır: "Aprel döyüşlərində cəbhə xəttində əldə edilən uğur Azərbaycanın diplomatik cəbhədə də uğurunu şərtləndirən bir amilə çevirib. Ermənistan prezidenti danışıqlara getməyəcəyini bütün dünyaya bəyan etmişdi. Azərbaycanın cəbhədə qazandığı uğur ona gətirdi ki, diplomatik cəbhədə də biz nailiyyətimizi davam etdirdik və Ermənistan prezidenti danışıqlara gəlməyə məcbur edildi".

Deputat əlavə edib ki, Azərbaycanın əldə etdiyi hərbi və diplomatik üstünlük ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün ciddi zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti