...

Sabitlik və təhlükəsizlik Azərbaycanın ən böyük nailiyyətidir

Siyasət Materials 28 May 2016 10:16 (UTC +04:00)
Müasir dövrdə ən vacib məsələ heç şübhəsiz ki, təhlükəsizlik, sabitlikdir.
Sabitlik və təhlükəsizlik Azərbaycanın ən böyük nailiyyətidir

Bəxtiyar Hacıyev - Trend:

Müasir dövrdə ən vacib məsələ heç şübhəsiz ki, təhlükəsizlik, sabitlikdir. Son dövrlərdə bizdən çox da uzaqda olmayan regionlarda baş verən silahlı qarşıdurmalar, anarxiya, hakimiyyət uğrunda qanlı mübarizələr, yüz minlərlə qaçqın ordusu, hətta qardaş Türkiyədə ardıcıl terror aktları və s. təhlükəsizliyin, sabitliyin hazırda nə dərəcədə əhəmiyyətli, dəyərli olduğunu bir daha göstərdi. Dünyada belə bir mürəkkəb şəraitdə isə Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür.

Ötən gün 28 May - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda bundan sonra da təhlükəsizlik və sabitlik təmin edilməlidir. Dövlətimizin başçısı haqlı olaraq vurğuladı ki, təhlükəsizlik və sabitlik olmasa heç bir ölkə inkişaf edə bilməz: "Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Xüsusilə, indiki şəraitdə, - dünyada gedən prosesləri biz görürük, - bu, yüksək qiymətə layiq olmalıdır. Sabitliyə gəldikdə isə, bunun təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqı dövlət siyasətini dəstəkləyir, xalq-iqtidar birliyi möhkəmlənir və əlbəttə, Azərbaycan xalqı ölkəmizin seçiminə sadiqdir. Azərbaycan xalqı istəyir ki, sabitlik möhkəmlənsin, Azərbaycan daha da güclənsin. Ona görə sabitliyin təminatçısı Azərbaycan xalqıdır, onun iradəsidir".

Həqiqətən də sabitlik olmasa, təhlükəsizlik təmin olunmasa, istənilən ölkədə istənilən sahədə hər hansı tərəqqidən söhbət belə gedə bilməz.

İndi dünyada qüvvələr balansı pozulub. Dünyaya tam sahiblənmək istəyən böyük dövlətlər, qüvvələr kiçik ölkələrdə qarşıdurmalar yaratmaqla, sabitliyi pozmaqla öz məkrli planlarını həyata keçirirlər. Belə bir vəziyyətdə balanslı siyasət yürütmək, ölkəni, xalqı hər cür təhlükədən qorumaq ən ümdə vəzifədir.
Prezident İlham Əliyev də dünyada gedən bu təhlükəli proseslərə toxundu, qeyd etdi ki, demokratik normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır: "Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur. Necə ola bilər ki, bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir. Azərbaycanda sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə yaşayır, amma bu, demokratiya hesab olunmur. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb".

Doğrudan da, bunun adı ikili standartlar deyilsə, bəs nədir? Bu, Azərbaycana qarşı açıq-aşkar təzyiq, qarayaxma deyilsə, bəs nədir? Azərbaycan təhlükəsizlik və sabitlik baxımından bir çox dünya dövlətlərinə nümunə göstərilməli olduğu halda, ölkəmizə qarşı bu bitib-tükənməyin qərəzli münasibətdə məqsəd nədir?

Daha bir sual: hazırkı mürəkkəb durumda Azərbaycanın birliyi, sabitliyi naminə sıx birləşmək əvəzinə, belə məkrli qüvvələrin əlində alətə çevrilmək Vətənə xəyanət etmək deyilsə, bəs nədir?

Lakin, dövlət başçısının sözləri ilə desək, əlbəttə ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir: "Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır".

Sabitlik və təhlükəsizlik Azərbaycanın ən böyük nailiyyəti, uğurudur. Bu nailiyyətdə hamımızın əməyi var və bu ümummilli nailiyyəti hamımız qorumalı, qədrini bilməliyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti