...

Bəhruz Quliyev: Azərbaycan dünyada öz sözünü deyən liderlər sırasına daxil olur

Siyasət Materials 2 İyun 2016 17:32 (UTC +04:00)
ABŞ-ın Azərbaycana münasibətinin dəyişməsi heç də təsadüfi sayılmalı deyil. İlk növbədə, bu, bir fövqəldövlət başçısının Azərbaycan haqqında fikirləridir.
Bəhruz Quliyev: Azərbaycan dünyada öz sözünü deyən liderlər sırasına daxil olur

Bakı. Trend:

"ABŞ-ın Azərbaycana münasibətinin dəyişməsi heç də təsadüfi sayılmalı deyil. İlk növbədə, bu, bir fövqəldövlət başçısının Azərbaycan haqqında fikirləridir. Bu həm də onun göstəricisidir ki, Azərbaycanın son 20 il ərzində apardığı iqtisadi siyasi islahatlar dəstəklənir". Bunu Trend-ə siyasi ekspert, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Bakıda 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı münasibətilə ABŞ Prezidenti Barak Obamanın Azərbaycan rəhbərliyinə və sərgi iştirakçılarına ünvanlandığı məktubda dəstəkverici ifadələrə, ölkəmizin enerji lideri kimi qiymətləndirilməsinə münasibət billdirərkən deyib.

B.Quliyevin fikrincə, bəzi məqamlarda ABŞ-Azərbaycan münasibətləri müəyyən mənada zəifləsə də, bu tendensiya aradan qaldırılır və ümumi strateji hədəf ölkəmizin beynəlxalq aləmdəki mövqeyini qazanması, möhkəmləndirməsidir: "Fakt budur ki, Barak Obamanın Azərbaycanı dünyanın enerji lideri adlandırması belə qənaətə gəlməyə zəmin yaradır ki, belə bir dövrdə, yəni neftin dünya bazarındakı qiymətinin ucuzlaşması, iqtisadi böhrana səbəb olan digər səbəblərə baxmayaraq, Azərbaycan öz iqtisadi gücünü, potensialını nümayiş etdirməkdədir. Ümumiyyətlə, dünya iqtisadiyyatına kimin, hansı ölkənin daha böyük töhfə verdiyi göz önündədir. Ona görə də ABŞ kimi dövlətin prezidentinin fikirləri bir daha onu göstərir ki, Azərbaycan Avropa və dünya bazarına enerji dəstəyini vermiş bir dövlətdir".

O bildirib ki, burada müxtəlif nəhəng layihələri göstərmək olar: "Əgər Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan üçün nə qədər önəm kəsb edirsə, Avropa üçün də bir o qədər önəm daşımaqdadır. Hazırda dünyanın enerji bazarına əsas töhfənin məhz Azərbaycan tərəfindən verildiyi isbatlanmaqdadır. Təbii ki, belə olan tədqirdə bu kimi layihələrin marağı yalnız Azərbaycanla tamamlanmır, burada Qərbin də maraqları təmin olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bununla bağlı son çıxışında vurğulayıb ki, Azərbaycan Avropa və Qərblə əməkdaşlığın artırılmasında maraqlıdır. O cümlədən, dövlət başçımız xüsusilə qeyd edib ki, enerji faktoru kimlərisə şantaj etmək məqsədi daşımamalıdır və bu şantaj predmeti deyil. Əksinə, sözügedən faktor dünyanın enerji təhlükəsizliyinə verilən bir töhfə, dəyər kimi qiymətləndirilməlidir. Beləliklə, istər Cənub Qaz Dəhlizi, istərsə də digər aparıcı enerji layihələrinin reallaşdırılması yalnız Azərbaycanın deyil, həmçinin dünyanın maraq mərkəzindədir".

B.Quliyev vurğulayıb ki, Azərbaycanın yerləşdiyi bölgə və bu bölgənin təhlükəsizliyi amili də sözügedən maraq dairəsindədir: "Azərbaycanın coğrafi mövqeyi onun qonşu dövlətlərlə də münasibətlərinə təsirini göstərir. Ona görə də Azərbaycan hər hansı bir iqtisadi və s. layihələri həyata keçirdiyi zaman onunla əməkdaşlıq edən qonşularına töhfəsini vermiş olur. Əgər biz enerjinin istehsalçısı kimi çıxış ediriksə, həmin enerjinin nəqli və dünya bazarına çıxarılmasından qonşu dövlətlər də faydalanırlar. Onlar layihələr çərçivəsində ilkin istehlakçılara çevrilirlər. Bu baxımdan, geostrateji mövqeyimiz öz önəmli rolunu oynamaqdadır. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyanın enerji liderinə çevrilən dövlət statusunu qazanıb. Bu mənim fikrim deyil, bir fövqəldövlətin liderinin fikridir".

Ekspert bildirib ki, növbəti məqam Azərbaycanın təhlükəsizliyinin təminatıdır. Onun fikrincə, əgər nəzərə alarsaq ki, enerji layihələri çəşrivəsində dünyanın əsas diqqəti və marağı məhz Azərbaycanla bir yerdə olmaqdırsa, demək, ölkəmizin təhlükəsizliyində də həmin maraqlar birləşir: "Əgər beynəlxalq münasibətlər sistemi düzgün qurulubsa, sözsüz ki, əməkdaşlıq etdiyimiz dövlətlər də eyni zamanda bizim ölkənin təhlükəsizliyində qarant rolunu öhdələrinə götürməlidirlər. Bu həm də onların öz enerji təhlükəsizliklərinin qarantiyası kimi dəyərləndirilə bilər. Beləliklə, həyata keçirilən layihələr dünya bazarına verilən yeni bir nəfəsdir və bu enerji əməkdaşlığının davamlı xarakter alması yaxın gələcəkdə strateji tərəfdaşlığın, müttəfiqliyin də möhkəmləndirilməsini köklü şəkildə əsaslandıra bilər. Barak Obama məktubunda Azərbaycanın iqtisadi tranformasiyasını təhlil edərək göstərdi ki, o, ölkəmizin bu istiqamətdə atdığı bütün adıdmları dəstəkləyir. Həmçinin sözügedən faktor uzun illər Azərbaycana qarşı yürüdülən ikili standartların aradan qaldırılmasına səbəb ola bilər. Unutmaq lazım deyil ki, hələ Ulu Öndər Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, Azərbaycan balanslaşdırılmış siyasət yürüdən bir ölkədir".

B.Quliyev ABŞ-Azərbaycan yaxınlaşmasına fərqli mövqe bildirən bir sıra siyasi şərhçilərin fiikirləri ilə razı olmadığını da deyib: "Diqqqətinizi ona da yönəltmək istərdim ki, məhz həmin məktubdan sonra bəzi siyasi şərhçilər bunu Azərbaycanın ABŞ-a meyillənməsi kimi qiymətləndirirlər. Amma şəxsən mən belə düşünmürəm və bu fikirlərlə müəyyən mənada razı deyiləm. Hətta deyərdim ki, belə fikirlər əsaslı deyil. Məsələn, Azərbaycan-Rusiya münasibətlərinə nəzər salsaq görərik ki, məhz balanslaşdırılmış siyasət nəticəsində ölkəmiz şimal qonşusu ilə uğurlu strateji əməkdaşlıq edir. Bu bir reallıqdır ki, Azərbaycan Rusiya ilə tarixən qonşu olub və bu qonşuluq siyasəti əsrlərdir ki, davam edir, regionumuz eynidir. Ancaq son olaraq mən Prezidentimizin fikirlərini də xatırlatmaq istərdim ki, Azərbaycan müstəqil dövlət olduğu kimi, həm də müstəqil siyasət yürüdür. Ona görə də istər enerji, istərsə də digər önəmli layihələrdə müstəqil tərəfdaş kimi çıxış edir. Buna görə də hesab edirəm ki, Azərbaycanın tutduğu mövqe yalnız ABŞ tərəfindən təqdir olunmur, eyni zamanda Rusiya, Türkiyə, Fransa, Almaniya, eləcə də digər superdövlətlərin mövqeyində biz bunun şahidi olduq. Bu gün dünyanı idarə edən dövlətlərin fikirləri budur ki, Azərbaycan doğru yoldadır və düzgün siyasət yürüdərək dünyada öz sözünü deyən liderlər sırasına daxil olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti