...

Deputat: "Bu cür addımlar məhbusları yenidən cinayət törətməkdən çəkindirir"

Siyasət Materials 15 İyun 2016 16:34 (UTC +04:00)
Milli Məclisin qəbul etdiyi amnistiya aktı ilə 10 minə yaxın insana öz bir daha səhv etməmələri, həyatlarına yenidən başlamaları üçün şans verilib.
Deputat: "Bu cür addımlar məhbusları yenidən cinayət törətməkdən çəkindirir"

Bakı. İlhamə İsabalayeva - Trend:

"Milli Məclisin qəbul etdiyi amnistiya aktı ilə 10 minə yaxın insana bir daha səhv etməmələri, həyatlarına yenidən başlamaları üçün şans verilib. Bu cür addımlar dövlətin öz vətəndaşına qayğı ilə yanaşdığını, vaxtilə səhv hərəkət etmiş insana yenidən şans verməyə hazır olduğunu göstərir".

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat hesab edir ki, Milli Məclisin qəbul etdiyi amnistiya aktı Azərbaycan cəmiyyətində çox böyük maraqla qarşılandı.

Onun sözlərinə görə, artıq necənci dəfədir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva humanist təşəbbüslə çıxış edir. Bu təşəbbüsün dəstəklənməsi 3000-dən çox məhbusun azad edilməsinə səbəb olan, ümumilikdə 10 min nəfəri əhatə edəcək böyük bir siyasi addımdır: "Artıq amnistiya aktının icrasına başlanılıb. Amnistiyaya düşən ilk məhbuslar azadlığa buraxılırlar. Nəzərə alsaq ki, hər bir məhbusun ailə üzvləri var, onda bu amnistiya aktının icrası ilə təqribən yarım milyona qədər insanı sevindirmək mümkün olur".

Bu gün 350 məhbus azadlığa qovuşdu (YENİLƏNİB)

Bu gün 350 məhbus azadlığa qovuşdu (YENİLƏNİB)

Deputat qeyd edib ki, indiyədək Azərbaycanda qəbul edilmiş onlarla amnistiya aktı və Prezident İlham Əliyevin bir ildə bir neçə dəfə imzaladığı əfv fərmanları on minlərlə insanın həyatını tamamilə yenidən dəyişib:

"Bu amnistiya aktı ilə bir daha sübut olundu ki, Azərbaycan dövləti hüquqi dövlətdir. Azərbaycan dövləti özünün humanist addımları ilə vətəndaşlarının cəmiyyətə yenidən inteqrasiyasına şərait yaradır. Praktika göstərir ki, bu cür addımlar o insanları gələcəkdə yenidən cinayət törətməkdən çəkindirir. Ümumilikdə, bu cür addımlar cəmiyyətdə kriminal durumu ciddi nəzarət altında saxlamağa imkan verir".

Qeyd edək ki, bu gündən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında qəbul edilmiş amnistiya aktının icrasına başlanılıb. Amnistiya aktı 10 min nəfər məhbusu əhatə edəcək. 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti