...

DTX rəisi: AXC-Müsavat cütlüyü diletantlıqldan uzağa gedə bilmədi

Siyasət Materials 25 İyun 2016 11:22 (UTC +04:00)
1991-ci ildə Azərbaycanda müstəqilliyin bərpası elan edildikdən sonra dərhal milli ordu quruculuğuna başlamaq əvəzinə respublika rəhbərliyi, sadəcə, bir qvardiya təşkil etmək istəyirdi ki, bu da yaranmış vəziyyəti düzgün qiymətləndirməməyin, dövlət quruculuğu məsələlərinə naşı münasibətin nəticəsi idi.
DTX rəisi: AXC-Müsavat cütlüyü diletantlıqldan uzağa gedə bilmədi

Bakı. Trend:

“1991-ci ildə Azərbaycanda müstəqilliyin bərpası elan edildikdən sonra dərhal milli ordu quruculuğuna başlamaq əvəzinə respublika rəhbərliyi, sadəcə, bir qvardiya təşkil etmək istəyirdi ki, bu da yaranmış vəziyyəti düzgün qiymətləndirməməyin, dövlət quruculuğu məsələlərinə naşı münasibətin nəticəsi idi”.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı yazdığı məqaləsində qeyd edib.

M.Quliyev vurğulayıb ki, o dövürdə Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və silahlı qüvvələrin yaradılması haqqında qanunun icrası hər vəchlə ləngidilirdi:

“Hakimiyyəti silahlı çeviriliş yolu ilə ələ alan AXC-Müsavat cütlüyü də nəinki hərbi quruculuq, ümumən, dövlətçilik ənənələrinin bərpası, dövlət qurumlarının formalaşdırılması məsələlərində diletantlıqldan uzağa gedə bilmədi və çox tezliklə ölkəni ağır bəlalara düçar etdi. Hərbi işdə heç bir biliyi və səriştəsi olmayan adamların Silahlı Qüvvələrdə yüksək vəzifələrə təyin edilməsi orduda şəxsi mənafelərin önə çəkilməsinə şərait yaradır, peşəkar zabit kadrlarının sıradan çıxarılması ilə nəticələnirdi.

Beləliklə də Qarabağda lokal silahlı toqquşmalar əsil müharibəyə çevrildi, torpaqlarımızın işğalı sürətləndi, ölkəni köçkünlük, qaçqınlıq, fərarilik dalğası bürüdü, separatizm meyilləri digər bölgələrimizə də sirayət etdi, vətəndaş qarşıdurması, qardaş qırğını təhlükəsi yarandı”.

M.Quliyev qeyd edib ki, yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli müstəqillik arzularının qarşısındakı maneələrin dəf edilməsini, dövlət quruculuğu prosesinin, o cümlədən hərbi quruculuğun başlanmasını mümkünləşdirdi:

“Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildikdən dərhal sonra Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı qəbul etdiyi mühüm qərarlar, silahlı qüvvələrin dövlətin tam nəzarətinə keçməsi Qarabağ cəbhəsindəki vəziyyətə müsbət dinamika gətirə bildi. 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarının nəticəsiz qaldığını görən düşmən qısa müddətdə ordumuzun gücü qarşısında atəşkəsə razılıq verməli oldu”.

M.Quliyev bildirib ki, atəşkəs dövründə Azərbaycanda ordu quruculuğu prosesində hansı uğurların qazanıldığı göz önündədir: “Silahlı Qüvvələrimizin müasir standartlar əsasında yenilənməsi və təkmilləşdirilməsi bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Hazırda öz təşkilat strukturuna, təlim imkanlarına, hərbi təchizatına və s. xüsusiyyətlərinə görə yüksək standartlara cavab verən Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə Müstəqil Dövlətlər Birliyi məkanında ön sıralarda qərarlaşmışdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti