...

Azərbaycanın II Dünya müharibəsi veteranları Roma Papasına müraciət qəbul ediblər

Siyasət Materials 25 İyun 2016 15:40 (UTC +04:00)
Azərbaycanın İkinci Dünya müharibəsi veteranları Roma Papası Fransiskə müraciət qəbul ediblər.
Azərbaycanın II Dünya müharibəsi veteranları Roma Papasına müraciət qəbul ediblər

Bakı. Trend:

Azərbaycan Respublikasının İkinci Dünya müharibəsi veteranları Roma Papası Fransiskə müraciət qəbul ediblər.

Müraciətdə deyilir:

"Roma Papası Zati-aliləri Fransiskə

Zati-aliləri,

Bizə məlumdur ki, 2016-cı il iyunun 24-dən 26-dək Siz Ermənistana səfər etmisiniz. Bizim regionda sülh, əmin-amanlıq və firavanlıq naminə bu səfərin uğurlu olmasını arzu edirik.

Bununla bərabər, Zati-alinizin yüksək diqqətini Ermənistanda baş verən, dinc yanaşı yaşamaq ideyalarına təhlükə yaradan və sizin müqəddəs missiyanıza zidd olan hadisələrə cəlb etmək istəyirik.

Zati-aliləri,

Azərbaycan və Vatikan sivilizasiyalar və dinlər arasında dialoq naminə əməkdaşlığın əyani nümunəsini dünyaya nümayiş etdirdikləri şəraitdə bizimlə qonşu Ermənistanda faşist ideyaları dövlət səviyyəsində təbliğ edilir.

Biz, İkinci Dünya müharibəsi veteranları hələ keçən il, faşizm üzərində tarixi Qələbənin 70 illik yubileyi ərəfəsində Hitler nasizminin əlaltılarının Ermənistan tərəfindən qəhrəmanlar kimi qələmə verilməsinin çox ciddi narahatlıq doğurduğunu bəyan etmişdik. Söhbət nasist canilərin nəinki Ermənistanın özündə, həm də beynəlxalq informasiya-mədəniyyət məkanında ləyaqətsizcəsinə təriflənməsindən gedirdi.

Biz ürək ağrısı ilə Sizin diqqətinizi buna cəlb etmək istəyirik ki, Ermənistan Hitlerin və Gimmlerin yaxınlarını, erməni SS cəza legionunun rəhbərləri, general Dro və general Njde adları ilə məşhur olan Drastamat Kanayanı və Qaregin Ter-Arutyunyanı təmizə çıxarmaq üçün bütün vasitələrdən istifadə edir.

Qısaca xatırladaq ki, Ermənistanın bu “milli qəhrəman”larının əli ilə Ukraynada və Polşada 10 minlərlə insanın həyatına son qoyulub, yəhudilərə və nasist ideologiyası üçün “yararlı olmayan” başqa xalqlara qarşı cinayətlər törədilib, onlar hitlerçi cəza düşərgələrində kütləvi şəkildə qətlə yetiriliblər. Erməni legionunun özünün hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin məhv edilməsi təsdiqlənir.

Bu gün son dərəcə hiddətləndiricidir ki, Ermənistan faşist canilərin qəhrəmanlar kimi qələmə verilməsində əsas “cəbhə”ni qonşu Rusiyanın – faşistlərin əli ilə qətlə yetirilmiş milyonlarla insanın xatirəsinə dərin ehtiram bəsləyən ölkənin ərazisində yaradıb.

Yerevanın lap mərkəzində faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Halbuki bir il əvvəl həmin Sarkisyan faşizmdən zərər çəkmiş ölkələrin liderləri ilə birlikdə Moskvada Qələbə paradında iştirak edib, bu il mayın əvvəlində isə Yerevanda İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini “ehtiramla yad edib”.

Zati-aliləri,

Bu gün dünya faşizmin hər hansı təzahürlərini pisləyir. 2015-ci il dekabrın 17-də BMT Baş Məclisi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnamə qəbul edib.

Həmin sənədin 4-cü bəndində qeyd olunur ki, BMT Baş Məclisi “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirir”.

Bu Qətnaməyə qoşulmuş Ermənistanda isə faşist rejiminə sadiqliyə and içmiş şəxslərin ətrafında genişmiqyaslı pərəstiş ab-havası yaradılır. Halbuki onlar milyonlarla insanın, o cümlədən erməni xalqının özünün nümayəndələrinin ölümünə bais olublar.

Bizi heyrətləndirən odur ki, beynəlxalq birlik tərəfindən buna hər-hansı şəkildə münasibət bildirilmir, amma başqa ölkələrlə bağlı hallarda həmin birlik bu cür hadisələrə həmişə reaksiya verir. Ermənistanın bu cür davranmağa xüsusi hüququ olmasını, bu ölkədə nasist canilər Dronun və Njdenin şərəfinə xatirə sikkələri zərb edilməsini, filmlər çəkilməsini başa düşmürük. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Drastamat Kanayanın adını daşıyan küçə də var. İndi Yerevanın lap mərkəzində, hökumət binaları kompleksi və Ermənistanın hakim pariyasının qərargahı ilə yanaşı, Njdenin heykəli də ucaldılıb.

Məgər bu, həlak olanların xatirəsinin təhqir edilməsi deyilmi?! Məgər bu, faşizm qurbanlarına həyasızcasına hörmətsizlik deyilmi?!

Biz, faşizmə qarşı müharibənin bütün ağrı-acılarını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar indi nasist canilərin qəhrəmanlar kimi təqdim olunmasını ürək ağrısı ilə müşahidə edirik. Ermənistanın bu hərəkətləri bütün dünyaya meydan oxumaq deməkdir. Bu hərəkətlər bizi hiddətləndirir.

Əminik ki, Siz faşizmə qarşı mübarizədə həlak olmuş insanların nurlu xatirəsinə sadiq bir insan kimi Ermənistan tərəfindən yayılan faşist ideologiyasının nümunəsində ümumi şərə qarşı səylərinizi əsirgəməyəcəksiniz.

Biz çox ümid edirik ki, Zati-aliniz bizim səsimizi eşidəcək, buna görə Sizdən səmimi qəlbdən xahiş edirik, nasist canilərə bəraət qazandırmaq və onları şöhrətləndirmək cəhdlərinin qarşısını almaq, o cümlədən Hitlerin əlaltısı, faşist ordusunun generalı Qaregin Njdenin heykəlinin sökülməsi məqsədilə Ermənistan rəhbərliyinə təsir göstərin.

Hörmətlə və bizi düzgün başa düşəcəyinizə ümidlə, Azərbaycanın bütün Böyük Vətən müharibəsi veteranları adından:

Rzayev Dadaş Qərib oğlu – Respublika Veteranlar Təşkilatının sədri, MDB Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü, ehtiyatda olan zabitlər təşkilatının Beynəlxalq Məşvərət Komitəsinin və ehtiyatda olan Zabitlər Komitəsinin üzvü, ehtiyatda olan general-mayor;

Ağahüseynov Tofiq Yaqub oğlu –Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, müharibə veteranı, ehtiyatda olan general-polkovnik, “Qırmızı Ulduz” ordeni ilə təltif edilib;

Səmədov Ağadadaş Əbdülqasım oğlu – müharibə veteranı, “Şərəf” ordeninin üç dərəcəsi ilə təltif edilib;

Rzayeva Mariya Stepanovna – müharibə veteranı, 2-ci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilib;

Qritçenko Aleksandr Aleksandroviç – müharibə veteranı, 1-ci dərəcəli kapitan, “Şərəf” ordeni ilə təltif edilib;

Qədimova İrina İvanovna – Leninqrad blokadaçısı, universitet müəllimi;

Fərəcov İsmayıl Mövsüm oğlu – müharibə veteranı, Nəsimi rayonu Veteranlar Təşkilatının sədri;

Sarıyev Qara Əli oğlu – müharibə veteranı, professor;

Cəfərova Sofiya Həşim qızı – müharibə veteranı, istefada olan polis polkovniki;

İbrahimov İsmayıl Əli oğlu – akademik, müharibə veteranı, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, Sosialist Əməyi Qəhrəmanı;

Hüseynov Bahadur Məmmədqulu oğlu - müharibə veteranı, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, istefada olan general-mayor;

Xəlilov Cəlil Malik oğlu – müharibə veteranı, Respublika Veteranlar Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, Respublika Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, MDB Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü, ehtiyatda olan zabitlər təşkilatının Beynəlxalq Məşvərət Komitəsinin və ehtiyatda olan Zabitlər Komitəsinin üzvü, ehtiyatda olan polkovnik;

Moxin Lev Mixayloviç – müharibə veteranı;

Şevtsov Vasiliy Romanoviç – müharibə veteranı;

Hacıyev Atabala Həzi oğlu - müharibə veteranı, “Lenin” ordeni ilə təltif edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti