...

Prezident İlham Əliyev: Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır

Siyasət Materials 25 İyun 2016 22:02 (UTC +04:00)
“Azərbaycanda ordu quruculuğu prosesinə çox böyük diqqət göstərilir, bu da təbiidir. Hər bir ölkə bunu etməlidir, xüsusilə müharibə şəraitində yaşayan bir ölkə”.
Prezident İlham Əliyev: Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır

Bakı. Trend:

“Azərbaycanda ordu quruculuğu prosesinə çox böyük diqqət göstərilir, bu da təbiidir. Hər bir ölkə bunu etməlidir, xüsusilə müharibə şəraitində yaşayan bir ölkə”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olarkən hərbçilərlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın iqtisadiyyatı artır, maliyyə imkanları genişlənir və dövlət büdcəsinin əsas xərcləri hərbi məqsədlərə sərf olunur:

“Büdcə xərclərinin artması nəticəsində son illər ərzində Azərbaycanda görülən işlər göz qabağındadır. Bu gün ordumuz maddi-texniki təchizat baxımından güclü ordular sırasındadır. Son illər ərzində əldə etdiyimiz texnika, silah-sursat ən yüksək standartlara cavab verir. Bu gün ordumuz yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan hərbi silahlardan istifadə edir. Yəni, ordumuzun bütün ehtiyacları təmin edilir. Bununla bərabər, bir neçə ildir ki, artıq əsgərlər hərbi hissələrdə mülki işlərə cəlb olunmurlar, onların yerinə mülki vətəndaşlar cəlb edilibdir və biz burada iki məqsədi güdürük - ilk növbədə, əsgərlər orduda xidmət etməli və öz peşəkarlıqlarını artırmalıdırlar, digər tərəfdən, bu, mülki vətəndaşlar üçün yeni iş yerlərinin açılması deməkdir. Bu proqram çərçivəsində artıq minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alır. Mən hərbi hissələrdə olarkən onlarla da söhbət edirəm və görürəm ki, onlar da bu işlərdən çox razıdırlar”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır:

“Bununla paralel olaraq, Azərbaycanda hərbi–sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, eyni zamanda, biz artıq xarici bazarlara da çıxmışıq. Bakıda keçirilmiş müdafiə sənayesi sərgisi bir daha onu göstərir ki, artıq Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb. Çünki birinci sərgiyə çox böyük maraq var idi. Orada nümayiş etdirilən hərbi təyinatlı məhsullar dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilmişdir və onlardan bir hissəsini artıq Azərbaycan əldə edib. Beləliklə, müxtəlif ölkələrdə keçirilən ənənəvi müdafiə sənayesi sərgiləri ilə yanaşı, bu gün Azərbaycan da bu məsələdə öz imzasını qoyub.

Qeyd etdiyim kimi, Azərbaycanda ordu quruculuğu prosesi planlı şəkildə aparılır. Əlbəttə ki, bu prosesdə maddi–texniki təchizat mühüm yer tutur. Çünki bu gün dünyada inkişaf edən texnologiyalar nəinki elmdə, sənayedə, iqtisadiyyatda, eyni zamanda, hərbi sahədə də özünü göstərir və növbəti onilliklərin müharibələri texnologiyalar müharibələri olacaq. Əlbəttə, adi silahlar da həmişə olduğu kimi, öz rolunu oynayacaq. Ancaq bu gün müxtəlif yerlərdə, müharibələrdə, toqquşmalarda gördüyümüz mənzərə bundan ibarətdir ki, hərbi üstünlüyü bütün digər amillərlə yanaşı, texnoloji tərəqqi də böyük dərəcədə müəyyən edir. Ona görə, Azərbaycana gətirilən ən müasir silah-sursat, texnika yüksək texnoloji səviyyəyə cavab verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti