...

Arzu Nağıyev: "Türkiyədə bir sıra siyasi partiyaların terror təşkilatları ilə əlaqəsi var"

Siyasət Materials 29 İyun 2016 17:41 (UTC +04:00)
Son zamanlar Türkiyədə törədilən terror aktlarının əsas məqsədi Türkiyəni bir dövlət kimi zəiflətməkdir.
Arzu Nağıyev: "Türkiyədə bir sıra siyasi partiyaların terror təşkilatları ilə əlaqəsi var"

Bakı. Samir Əli-Trend:

Son zamanlar Türkiyədə törədilən terror aktlarının əsas məqsədi Türkiyəni bir dövlət kimi zəiflətməkdir.

Bunu Trend-ə açıqlamasında tanınmış politoloq Arzu Nağıyev deyib. Onun sözlərinə görə, terrorun ümumi məqsədlərindən biri hakimiyyətə inamsızlıq yaratmaqdır: “Türkiyənin təhlükəsizliyinə təhdid olan bir neçə amil var. Bunlardan biri dini qurumlardır. Türkiyə siyasətində olan bir sıra siyasi partiyaların da terror təşkilatları ilə əlaqəsi var. Bu bir faktdır. Söhbət kürd partiyasından gedir. Bundan başqa, digər amil Türkiyənin özünün Suriya ilə sərhəd ərazilərində, eyni zamanda öz ərazisində PKK-ya qarşı apardığı antiterror əməliyyatlarıdır. Ümumi götürsək, son zamanlar Türkiyəyə qarşı terror aktları qaçılmaz idi”.

A.Nağıyev deyir ki, bu gün Türkiyənin ətrafında bu dövləti sevməyən, siyasəti ilə razılaşmayan bir çox dövlətlər var: “Ermənistan, Suriya, İraq və İranla problemlər var. Yəni Türkiyə ətraf qonşularla problemsiz dövlət deyil. Bu terror aktı elə bir vaxta təsadüf etdi ki, Türkiyə İsraillə yaxınlaşmağa, eyni zamanda Rusiya ilə münasibətlərini düzəltməyə başlayırdı. Təsadüf də olsa məhz həmin gün terror hadisəsi oldu. Bu o demək deyil ki, terror həmin günün məhsulu idi. Belə terrorlar aylarla hazırlanır. Terror hadisəsi İŞİD-in dəstxətinə uyğundur. Amma bunu da sübut etmək lazımdır. Acınacaqlı odur ki, İŞİD özünü müsəlman təşkilatı kimi qələmə versə də, bu terror hadisəsi nəticəsində həlak olan daha çox Türkiyə vətəndaşlarıdır. Eyni zamanda, AZAL-ın oradakı ofisi böyük zərbə alıb”.

Politoloq bildirib ki, bu gün İŞİD-lə mübarizə bütün dünyada gedir və İŞİD artıq tənəzzülə uğrayan bir terror təşkilatıdır. Belə bir vəziyyətdə isə bu təşkilat özünü mütləq büruzə verməli və hadisə törətməli idi: “Ümumiyyətlə, heç bir dövlət terrordan sığortalanmayıb. Özünü supergüc hesab edən Amerika Birləşmiş Ştatları 2001-ci il 11 sentyabr hadisələrində bir günə 3 min vətəndaşını itirdi. Xüsusi xidmət orqanları nə qədər qabaqlayıcı məlumatlar alsa da, nəticəni aradan qaldırmaq mümkün olmadı. Görünür, terrorun qarşısını almaq üçün daha böyük işlər görmək lazımdır”.

Terror aktının baş vermə səbəbinin Ərdoğanın hakimiyyətinin devrilməsinə cəhd olub-olmaması məsələsinə münasibət bildirən A.Nağıyev qeyd edib ki, bu hadisə tam olaraq Ərdoğana qarşı atılan addım hesab oluna bilməz: “Məlumdur ki, Türkiyə siyasi ambisiyaların, siyasi partiyaların üzərində qurulmuş bir dövlətdir. Bununla yanaşı, demək olar ki Türkiyə ən demokratik dövlətlərdən biridir. Ona görə də, burada terror aktı törətmədən də növbədənkənar seçkilər keçirmək olar. Eyni zamanda, terror aktını törətməkdə məqsəd hakimiyyətin gücsüzlüyünü nümayiş etdirməkdir. Türkiyəni terror aktı ilə qorxutmaq olmaz. Lakin Türkiyədə ərazi iddiasında olan bir sıra qurumlar var ki, bu dövlətin torpaqlarından ərazi alıb orada ikinci bir dövlət yaratmaq istəyirlər. Buna görə də əminəm ki, bu terror aktı Ərdoğan hakimiyyətinə qarşı deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti