...

Baş nazirin müavini Əli Həsənov: Bu gün Prezident İlham Əliyevlə Azərbaycan xalqı və ordusu arasında monolit birlik var

Siyasət Materials 1 İyul 2016 12:28 (UTC +04:00)
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Trend-ə eksklüziv müsahibəsi
Baş nazirin müavini Əli Həsənov: Bu gün Prezident İlham Əliyevlə Azərbaycan xalqı və ordusu arasında monolit birlik var

Bakı. Elçin Mehdiyev - Trend:

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Trend-ə eksklüziv müsahibəsi

- Əli müəllim, aprel ayında cəbhə xəttində ermənilər tərəfindən törədilən təxribatlar Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsini istəməməsini bir daha nümayiş etdirdi. Bu hadisələri necə qiymətləndirirsiniz?

- 1994-cü ildən bəri atəşkəs rejimi tətbiq olunmasına baxmayaraq ermənilər öz çirkin əməllərindən əl çəkmirlər. Mütəmadi olaraq Azərbaycan ərazilərini atəşə tuturlar. Ərazilərimizi işğal altında saxlayan işğalçı Ermənistan ordusu 2016-cı ilin aprel ayında yenə də təmas xəttində yerləşən mövqelərimizdə təxribat törətmiş, Azərbaycan kəndlərini, yaşayış məntəqələrini iriçaplı silahlar və artilleriya qurğularından atəşə tutmuş, bunun nəticəsində hərbçilərimiz və mülki şəxslər həlak olmuş, mülki əhalinin məskunlaşdıqları çoxsaylı mənzillər və təsərrüfatlara ciddi ziyan dəymişdir. Düşmənə milli ordumuz tərəfindən layiqli cavab verildi. Xeyli canlı qüvvə və texnika itirən düşmən Azərbaycan ordusunun gücü qarşısında geri çəkilməyə məcbur oldu. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan atəşkəsi birtərəfli qaydada təmin etdi. Lakin Ermənistan atəşkəs çağırışlarına məhəl qoymur və ağır silahlarla Azərbaycanın mövqelərinə atəş açmağa davam edir, mütəmadi olaraq Azərbaycan ərazilərini atəşə tutur. Erməni silahlı qüvvələri tərəfindən cəbhə bölgəsində atəşkəs rejiminin ciddi şəkildə pozulması bir daha göstərir ki, Sarkisyan rejimi münaqişənin dinc yolla həll olunmasını istəmir, danışıqlar posesinin bərpa olunmasından imtina edir.

Adətən Ermənistanın hakimiyyətdə olan cinayətkar faşist rejimi təxribatçı hərəkətlərə nə vaxt yol verir?
Birinci halda Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici ölkələrə səfər edərkən, bu səfər çox uğurlu olarkən və orada çox mühüm beynəlxalq tədbirlər keçirilərkən Sarkisyan rejimi bu addımı atır. Həm oradakı görüşlərin mahiyyətini zəiflətmək üçün, həm də beynəlxalq ictimaiyyətin fikrini o görüşlərdən yayındırmaq üçün.
İkinci halda ölkəmizdə çox mühüm beynəlxalq tədbirlər keçirilən zaman.
Üçüncü halda isə Ermənistanda hazırda hakimiyyətdə olan rejimə qarşı ictimai-siyasi sabitlik gərginləşən zaman. Məqsəd isə birdir. Sarkisyan rejimi öz xalqının və ictimaiyyətin fikrini yayındırmaq üçün bu addımları atır.

Bu gün Sarkisyan öz faşist rejimini qoruyub saxlamaq üçün öz xalqını çox pis vəziyyətə salıb. Sual olunur: Sarkisyan Köçəryan rejimi 20 ildir öz xalqına nə verib? Bəs nə üçün o xalq o rejimə dözür? Çünki o rejimi saxlayanlar və ona havadarlıq edənlər var. Əgər belə olmasaydı, o rejim özbaşına qala bilməzdi. Ancaq gün gələcək onların havadarları da onlardan əl çəkəcəklər. Bu gün Ermənistan 4 yerdən idarə olunur və özünün heç bir müstəqil siyasəti yoxdur. Hesab edirəm ki, onlara havadarlıq edənlər bir gün onların arxasından qaçacaqlar.

Aprel hadisələri zamanı Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün düşmənin təxribat xarakterli hücumlarına layiqli cavab verdi və cəbhənin bütün istiqamətlərindəki ordumuzun uğurları xalqımızda böyük qürur hissi yaşatdı.

Bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılan yüksək şərait bizim üçün qürurvericidir. Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan Ordusu nəinki regionda, dünya miqyasında güclü ordular sırasındadır. Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmlənib və ordumuzda nizam-intizam, qələbə əzmi yüksək səviyyədədir. Hesab edirəm ki, aprel döyüşləri bunu bir daha sübut etdi və bu gün nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksək səviyyədədir. Prezident İlham Əliyev həmişə öz çıxışlarında bildirib ki, biz müharibə istəmirik və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Lakin əgər düşmən təxribatlarını davam etdirərsə, Azərbaycanın qüdrətli ordusu işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək. Biz buna əminik. Dövlətimizin başçısının göstərdiyi cəsarət, onun iradəsi, hərbçilərimizə verdiyi qiymət, bütün bunların nəticəsi olaraq bizdə tam əminlik yaranıb ki, işğal altındakı torpaqlarımızın hamısı azad ediləcək, məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Xüsusi olaraq onu da vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsindəki rayonlara səfəri, əsgər və zabitlərlə, buradakı kəndlərin sakinləri və məcburi köçkünlərlə görüşü onlarda böyük ruh yüksəkliyi yaradıb və qələbəyə inamı daha da artırıb.

Ən başlıcası isə odur ki, düşmənin təxribatlarına, törətdiyi vəhşiliklərə baxmayaraq, qələbəyə böyük inam bəsləyən soydaşlarımız düşməndən çəkinmədiklərini, öz torpaqlarında möhkəm dayandıqlarını, əhval-ruhiyyələrinin yüksək səviyyədə olduğunu, Prezident, Ali Baş Komandan İlham Əliyevə, ordumuza arxalandıqlarını bəyan edərək qələbənin heç də uzaqda olmadığına əminliklərini bildirirlər. Çünki artıq dördgünlük müharibədən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vəziyyət ölkəmizin xeyrinə dəyişib. Torpaqlarımız hələ işğal altında olsa da, bu gün hərbi-siyasi üstünlük Azərbaycanın tərəfindədir. İndiyədək diplomatiya sahəsində Ermənistanı dalana dirəyən Azərbaycan göstərdi ki, torpaqlarımızı hərbi yolla azad etmək barədə səsləndirdiyimiz bəyanatlar kifayət qədər ciddidir. İndi həm Ermənistanın terrorçu rəhbərliyi, həm də Dağlıq Qarabağdakı separatçı rejim ciddi təlaş içindədir. Onların sabah Azərbaycanın hərbi gücü qarşısında salamat qalacaqlarına artıq zəmanətləri yoxdur. Çünki Azərbaycanın mübarizəsi ədalətlidir və məqsədimiz ərazilərimizi işğaldan azad etməkdir. Bütün bunlara rəğmən əminliklə qeyd etmək lazımdır ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgəri bundan sonra da düşmənə layiqli cavab verəcək, torpaqlarımızın azad olunması, vətən torpağının müdafiəsi üçün son qələbəyədək əzmlə vuruşacaq.

Ulu Öndər Heydər Əliyevin vaxtında, 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı Prezident, xalq və ordu arasında birlik təmin edildi. Həmin bu birlik 2-5 aprel tarixlərində yenidən baş verdi. Bu gün Azərbaycan Prezidenti ilə Azərbaycan xalqı və ordusu arasında monolit birlik var və bunun nəticəsidir ki, 2-5 aprel tarixlərində ordumuz bu uğurları əldə etdi. Azərbaycan ordusu son hadisələr zamanı Ali Baş Komandanın göstərişi ilə yalnız hərbi obyektlərə cavab zərbəsi endirdi, lakin Ermənistan ordusu bizim mülki əhalini atəşə tutdular. Azərbaycan Prezidenti bəyan etdi ki, biz istəmirik müharibə olsun, Azərbaycan analarının gözləri yaşlı olsun, hətta bildirdi ki, heç istəmirik ki, erməni analarının da gözləri yaşlı olsun. Bu, Azərbaycan Prezidentinin humanistliyidir, insanpərvərliyidir.

Hesab edirəm ki, Ermənistanı sülh prosesinə cəlb etməyin, Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılmasının əsas yolu işğalçı dövlətə qarşı hazırda mövcud olan bütün siyasi, iqtisadi sanksiyaların tətbiq olunmasıdır. Münaqişənin dinc yolla həlli yalnız bu yolla mümkündür. Azərbaycan tərəfi həmişə olduğu kimi indi də münaqişənin danışıqlar yolu ilə həll olunmasını istəyir. Hal-hazırda dünya ictimaiyyəti də münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ümid edirik ki, tezliklə danışıqlar prosesi bərpa olunacaq və münaqişənin sülh yolu ilə həll olunması üçün ciddi addımlar atılacaq. Bu yaxınlarda baş tutmuş Sankt-Peterburq görüşünü irəliyə doğru addım hesab etmək olar.

- Azərbaycan atəşkəs rejiminə əməl etsə də, Ermənistan tərəfi daha da azğınlaşaraq Azərbaycanın mülki əhalisini atəşə məruz qoymağa başladı və nəticədə dinc sakinlər arasında ölən və yaralananlar oldu, xeyli sayda evlər, məktəblər və ictimai binalar dağıdıldı. ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilatlar yenə də ikili standartlardan çıxış edərək işğalçı Ermənistana təzyiq göstərmək əvəzinə işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycanı eyni səviyyədə tutaraq hər iki tərəfə eyni çağırışlar etdi. Bu mövqelərlə əlaqədar fikirlərinizi bildirməyi xahiş edirik.

- Ermənistan silahlı birləşmələrinin xüsusən aprel ayında Ağdam, Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması, uşaqlara, qadınlara və qocalara qarşı törətdikləri barbarlıq halları, həmçinin məktəb və uşaq bağçalarının qəsdən hədəflərə çevirməsi sivil dünyanın elementar normalarına ziddir. Bu gün bütün dünyaya bəllidir ki, Ermənistanın faşist xislətli rəhbərliyinin iştirakı ilə həyata keçirilən irqçilik, ksenofobiya və nifrət təşviqinin nəticəsidir ki, bu işğalçı dövlətin quldur dəstələri hətta həlak olan günahsız insanların cəsədlərini təhqir etməkdən belə çəkinmirlər. Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn daim kobud və silsiləvi şəkildə pozulması və birbaşa cinayətlərdə iştirak edən şəxslərin ali siyasi səviyyədə tərif edilməsi öz-özlüyündə hərbi cinayətdir, bəşəriyyətə qarşı törədilən cinayətdir, beynəlxalq hüquq normalarına məhəl qoymamaqdır.

Çox təəssüf ki, ermənilərin bu vəhşilikləri cəbhə bölgələrindən olan Ağdamın, Tərtərin təmas xəttində yerləşən kəndlərində məskunlaşan məcburi köçkünlərdən də yan keçməyib. Belə ki, son hadisələr zamanı 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq yerli əhali kimi məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir, Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər. Ən başlıcası isə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin mayın 1-də cəbhə bölgəsinə səfəri orada yaşayan əhali, əsgər və zabitlərlə keçirdiyi görüşlər insanların və ordumuzun əhval-ruhiyyəsini daha da yüksəldib və onlar arasında bir daha belə əminlik yaradıb ki, hər bir vətəndaşın Prezidenti olan dövlətimizin başçısı bütün ölkə vətəndaşlarının, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür, konkret qərarlar qəbul edir və onların icrasını şəxsi nəzarətində saxlayır.

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki əhaliyə atəş açmaları nəticəsində zərər çəkmiş bütün məcburi köçkünlərin evlərinin bərpası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən, yerli sakinlərin mənzilləri isə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə zərərçəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq. Bundan başqa, məcburi köçkünlərə dəymiş maddi ziyan hamısı hesablanıb. Bu 403 min manatdır. Onların hər birinə bankda hesab açılıb və bu vəsait onların şəxsi hesabına köçürülüb.

Aprel döyüşlərindən sonra Ermənistan beynəlxalq siyasi arenada da təklənmiş duruma düşdü. Lakin bu forpost dövlətin cinayətkar başçısı ölkəsindəki kütləvi etirazların qarşısını almaq, təkləndiyini ört-basdır etmək üçün Azərbaycanın xoş məram nümayiş etdirərək atəşi birtərəfli qaydada dayandırmaq barədə təşəbbüslə çıxış etməsinə də məhəl qoymayaraq gərginliyi artırmaq cəhdlərini sonrakı günlərdə də davam etdirib.

Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev öz çıxışlarında da bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə mütəmadi məşğul olurlar, bölgəyə dəfələrlə səfər etmişlər, qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib.

Hesab edirəm ki, bu məsələ bu gündə belədir və ATƏT-in Minsk qrupu artıq mənasız bir quruma çevrilib. Mənim fikrimcə, ATƏT-in Minsk qrupu bu formatda yaradılıb ki, bu problem həll edilməsin. Bunlar 20 ildən çoxdur məşğuldular, ancaq nə əldə ediblər?

Eyni zamanda, ATƏT-in Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər. İlk növbədə ATƏT-in Minsk qurupunun üzvləri öz aralarında bu məsələni həll etməlidir.

Digər tərəfdən isə həmsədr dövlətlər həm region üçün, həm də dünya üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalıdırlar, Ermənistana təsir etməli və onu beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

ATƏT-in Minsk qrupunda təmsil olunmuş ölkələrdə, erməni lobbisi olduqca güclüdür və bildiyiniz kimi, həmin ölkələrdə keçirilən bütün seçkilərdə ermənilər təsir imkanlarına malikdirlər. Onlar da həmin diaspor təşkilatlarının mövqeyini eşidirlər və buna görə də öz ölkələrinin strateji maraqlarını erməni lobbisinin mənafelərinə qurban verirlər.

Beləliklə, həmsədr dövlətlər onların ərazisində olan erməni lobbisinin biznes maraqlarına təsir etməklə, onları məcbur etməlidirlər ki, Ermənistan rəhbərliyinə təsir etsinlər.

Digər bir tərəfdən, hazırda Ermənistanda hakimiyyətdə olan rejim mütləq dəyişilməlidir. Əgər erməni xalqı xoş gələcək istəyirsə, buna nail olmalıdır. Çünki onlar azərbaycanlıların tökülmüş qanı üzərində hakimiyyətə gəliblər və neçə ki, bu rejim orada hakimiyyətdədir, onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə getməyəcəklər.

Hesab edirəm ki, bu vəziyyət bütövlükdə region üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda təmsil olunan dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar. Əgər bütün bunlar da alınmırsa, onda bu dövlətlər çəkilməlidirlər kənara, Azərbaycanla Ermənistan özləri təkbaşına bu problemi həll etməlidir. Çünki bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdırlar.

Bu gün ATƏT-in Minsk qrupu da daxil olmaqla, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı siyasətinə, ardıcıl təxribatlarla sülh prosesini pozmaq cəhdlərinə kəsərli reaksiya vermir. Dünyanın ayrı-ayrı bölgələrində baş verən konfliktlərlə bağlı BMT-nin qətnamələri dərhal icra olunur, təcavüzkarlar, beynəlxalq hüquqa hörmət etməyən qüvvələr dərhal cəzalandırılır, onlara qarşı müxtəlif sanksiyalar tətbiq olunur. Lakin 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görülməmişdir. Bu da Ermənistanın cinayətkar, terrorçu rəhbərliyini daha da azğınlaşdırır.

Hesab edirik ki, bununla Azərbaycana qarşı ikili standartların ən açıq forması tətbiq olunur, Azərbaycan xalqına, beynəlxalq hüquqa və ədalət prinsipinə hörmətsizlik nümayiş etdirilir. Beynəlxalq birlik, ATƏT və digər təşkilatlar işğalçı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı yönəlmiş bu addımlarına son qoyulması üçün qətiyyətli tədbirlər görməlidirlər. Azərbaycan Ermənistan rəhbərliyinin və bu ölkənin silahlı qüvvələrinin növbəti təxribatlarına, yaşayış məntəqələrinin dağıdılmasına, dinc sakinlərin qətlə yetirilməsinə dözmək niyyətində deyil. Beynəlxalq ictimaiyyət bundan sonra da susqunluğunu davam etdirəcəyi təqdirdə, Azərbaycan dinc əhalini müdafiə etmək və təxribatlara son qoymaq üçün qətiyyətli tədbirlər görməyə məcbur olacaq. Bundan sonra yaranmış vəziyyətin məsuliyyəti bilavasitə Ermənistanın cinayətkar rəhbərliyinin və onun təxribatlarını susqunluqla qarşılayanların üzərinə düşəcəkdir.

Xüsusi olaraq bildirmək istəyirəm ki, bu gün qərb dünyasının Ermənistana, ermənilərə gizli xristian sevgisi və təəssübkeşliyi də az rol oynamır. Bu, fövqəlgüclər boyunlarına almasalar da, Türkiyəyə qarşı saxta erməni soyqırımının 100 illiyi ilə bağlı edilən haqsız təzyiqlərdən, münasibətdən də aydın şəkildə görünür.

Cənab Prezident hər dəfə Avropanın mərkəzindən dünyaya mesaj verərək, Qərbin ikili standart siyasətini tənqid edərək, Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrin icra olunmadığını bir daha vurğulayaraq bildirib ki, Azərbaycan ikili standartları qəbul etməyəcək.

Eyni zamanda, cənab Prezident öz çıxışlarında dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, bizim ölkəmizin torpaqları işğal olunub, ermənilər bizim üçün və bütövlükdə bütün region üçün təhlükə mənbəyidir. Onlar nə qədər tez bu siyasətin gələcəyinin olmadığını başa düşsələr, münaqişə həllini o qədər tez tapacaq və bu gün yoxsulluq içərisində yaşayan erməni xalqı da o qədər tez firavan həyat yaşamağa başlayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır.

Bu gün bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən vacib məsələ yoxdur. Bu, ən birinci məsələdir. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşının borcudur ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı hər bir addıma, Azərbaycanın ədalətli mövqeyinin dünyada tanınmasına dəstək versin və ərazilərimizin işğaldan azad edilməsi uğrunda mübarizədə öz köməyini əsirgəməsin.

Xalqımızın Ümummilli lideri Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ölkəmizin bir nömrəli problemi adlandırmışdı və O, bu problemin həll edilməsi üçün var qüvvəsi ilə çalışırdı. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu çox uğurla davam etdirən cənab Prezident İlham Əliyev də bu problemi ölkəmiz üçün yeganə həll olunmamış problem kimi qeyd edir.

Əminik ki, cənab İlham Əliyev kimi Ali Baş Komandanı olan qüdrətli Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı tezliklə düşməndən azad edəcək və azərbaycanlılar öz ata-baba yurdlarına ləyaqətlə qayıdaraq yenidən öz doğma torpaqlarında yaşayacaqlar.

- Ermənistan tərəfindən qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ilə bağlı hazırda hansı işlər görülür?

- Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdlarını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı Dağlıq Qarabağ rejiminin “məhkəmə”sinin qərarı ilə barələrində “hökm” çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı işğalçı ölkənin tutduğu mövqe beynəlxalq hüquq normalarına saymazlıq, onları kobud şəkildə pozmaq və ciddi özbaşınalıqdır.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi istiqamətində aidiyyəti beynəlxalq təşkilatlarla işləri davam etdirir. Bu məsələ ilk gündən Ölkə Prezidenti cənab İlham Əliyevin daimi nəzarətindədir.

Cənab Prezidentin tapşırığı ilə bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə, o cümlədən, Beynəlxalq Qızıl Xaç Komitəsinin Prezidenti Piter Maurerə, BMT-nin baş katibi Pan Gi Muna, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreşə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad əl Hüseynə, Avropa Komissiyasının vitse-prezidenti xanım Vivian Redinqə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və ATƏT-in baş katibi Lamberto Zannierə rəsmi müraciətlər ünvanlandı. Həmin müraciətlərdə bütün müvafiq beynəlxalq təşkilatlar yaranmış problemin həllinə köməklik göstərməyə çağırılır. Həmçinin, Dilqəm Əsgərovun özünün, Şahbaz Quliyevin isə həyat yoldaşının Rusiya vətəndaşı olması ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə də iki dəfə məktubla müraciət olunub və girovluqda olan vətəndaşlarımızın azad edilməsində köməklik göstərilməsi xahiş edilib.

Cənab Prezidentin tapşırığı ilə hər iki vətəndaşımızın girovluqdan azad edilməsi məsələsini Cenevrədə səfərdə olarkən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə etmişəm. O da söz verdi ki, bu işlə daha ciddi məşğul olacaq. Əvvəldən məlum idi ki, ermənilər onları asanlıqla verməyəcəklər. Çünki Dilqəm Əsgərov və Şahbaz Quliyev, həmçinin rəhmətlik Həsən Həsənov ermənilərə elə bir zərbə vurub ki, o zərbənin yeri sağalmır. Ona görə ermənilər prinsipə düşüb onları qaytarmaq istəmirlər. Bizdə nə qədər erməni əsir var, hamısını təklif edirik, dəyişmirlər. Bütün beynəlxalq təşkilatlar hamısı qalxdı ayağa ki, bu, qanunsuz hərəkətdir, yenə də qaytarmırlar. Yəni bu çətinliklər var. Mən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentindən xahiş etdim ki, heç olmasa Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə “Skype” vasitəsi ilə canlı danışmasını təşkil etsinlər. O da söz verdi ki, bu işlə məşğul olacaqlar. Lakin hələ də bir nəticə yoxdur.

Onu da nəzərinizə çatdırım ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Dilqəm Əsgərovun, Şahbaz Quliyevin ailələri mənzillə təmin edilib. İnanırıq ki, cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində hər iki vətəndaşımız girovluqdan azad ediləcək. Biz buna əminik. Çünki Ramil Səfərovu azad edərək ölkəyə gətirən Prezident mütləq bunu da edəcək.

- Azərbaycanın işğal olunmuş ərazilərindən narkotiklərin qanunsuz daşınması bu gün də davam edir. Ancaq indiyə qədər bu qanunsuzluqların da qarşısı alınmayıb. Bu, bütövlükdə dünya üçün hansı bəlalar gətirir və kimlərin maraqlarına xidmət edir?

- Bu gün dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Məlumdur ki, Azərbaycan ərazisinin 20 %-i 24 ildir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bundan əlavə, təcavüz nəticəsində dövlət sərhədimizin cənub hissəsinin 132 km-i Ermənistanın nəzarəti altındadır. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən narkotik əkilib-becərilir, xüsusi laboratoriyalarda emal edilir və müxtəlif ölkələrə göndərilir. Bundan əldə olunan vəsaitlə silah əldə olunur. Bu gün ermənilərin işğal altındakı ərazilərdə silahlı dəstələr hazırladığı da məlumdir. Orada silahlı dəstələr, terror qrupları hazırlanır və dünyanın bütün konflikt zonalarına göndərilir.

Bu faktlarla bağlı Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər məlumat bazası toplanılıb və BMT-nin müvafiq strukturlarına təqdim edilib.

Xususi olaraq vurğulamaq istəyirəm ki, bu ilin 19-21 aprel tarixində BMT Baş Assambleyası dünyada narkotik probleminin vəziyyətini müzakirə etmək üçün xüsusi bir sessiya təşkil etdi. Cənab Prezidentin tapşırığına əsasən həmin tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri kimi mənim rəhbərliyimlə nümayəndə heyəti də iştirak etdi və Azərbaycan hökuməti adından çıxış etdim. BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında əsas tribunadan birinci beş şəxsə söz verildi ki, onlardan biri Azərbaycan nümayəndə heyəti oldu. Təbii ki, bu Azərbaycan dövlətinə və Prezidentinə olan münasibətdən irəli gələn bir məsələ idi.

Eyni zamanda, biz xüsusi sessiyada çıxışımızda ölkədə olan narkotiklərlə mübarizə haqqında qısa məlumat verdik, xüsusən ölkəyə daxil olan marşrutları bəyan etdik. Bildirdik ki, əvvəllər Əfqan narkotiki 3 marşrutla daxil olurdu və 4-cü marşrutun isə işğal altında olan ərazilərdən, yəni dövlət sərhədlərimizin 132 km bizim nəzarətimiz altında olmaması, bilavasitə Ermənistanın nəzarəti altında olması, həmin işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən külli miqdarda narkotiklərin əkilib becərilməsi, orada xüsusi laboratoriyalar vasitəsilə onun hazırlanması və satış üçün xaricə göndərilməsi təşkil edilir. Ondan əldə olunan gəlirlərlə silah alınır və bizim ölkəyə qarşı yönəlməsi faktlarını sadaladıq. Bundan əlavə bildirdik ki, orada xüsusi hərbi birləşmələrin formalaşdırılması və dünyada olan konflikt zonalarına göndərilməsi halları mövcuddur. Bütün bu faktlar haqqında məlumatı BMT tibunasından xüsusi sessiyada iştirak edən ölkələrin nəzərinə çatdırdıq.

Bizim əlimizdə bütün bu faktlar toplandı və cənab Prezidentin tapşırığı ilə Azərbaycan hökuməti adından BMT-nin Vyana ofisinə göndərildi və tələb etdik ki, bu faktların yerində təsdiqini tapması üçün bir komissiya yaradılsın.Vyana ofisi belə bir komissiyanı yaratdı, ancaq Ermənistanda olan bu faşist, cinayətkar rejim onları ora buraxmadı.

Son illər Ermənistanın borcları durmadan artır, dərin iqtisadi-sosial böhranın yükünü kasıb və müflisləşən təbəqə daşımalı olur. Ermənistanın ixracat siyasətinin tam iflasa uğradığı bir vaxtda hakim zümrə heç bir problem yaşamır. Əksinə, Sarkisyan hakimiyyətinin qara biznesi çiçəklənir. Bura narkotik maddələrin istehsalı, insan alveri, qara bazarda silah alveri və s. qeyri-qanuni ticari əməliyyatlar aid edilə bilər.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əldə etdiyi faktlara görə, hakim zümrə Azərbaycanın işğal olunmuş torpaqlarında narkotik bitkilər yetişdirir. Özü də bu qara biznesin başında Ermənistan prezidenti Sarkisyanın kürəkəni durur. Komissiyanın əlində real faktlar və videogörüntülər var. Eyni zamanda, işğal edilən ərazilərdən Azərbaycana narkotik keçirməyə çalışan kifayət qədər xarici ölkə vətəndaşları tutulub saxlanılıb ki, onların ifadələri və konkret faktlar sənədləşdirilərək, hüquq-mühafizə orqanlarında saxlanılır.

Onu da qeyd edim ki, Sarkisyan-Köçəryan cütlüyü Ermənistanı daha ciddi bir təhlükə ilə üz-üzə qoyur. Nüvə materialları və nüvə tullantılarının alveri ilə, hətta qonşu Azərbaycanı “çirkli bomba” ilə hədələyən bu quldur cütlük Ermənistanı dünya və bölgə üçün təhlükəli dövlətlər sırasına sürükləyir. Nüvə təhdidlərinə beynəlxalq ictimaiyyətin heç bir vəchlə laqeyd qala bilməyəcəyini nəzərə alsaq, Ermənistanın ən sərt beynəlxalq sanksiyalarla üzləşəcəyi gün uzaqda deyil.

Artıq belə bir əminlik var ki, cinayət tərkibli kölgə iqtisadiyyatı tam hakim zümrənin nəzarəti altında aparılır və buna görə də hakimiyyəti zəbt etmiş dəstə heç bir korluq və sıxıntı keçirmir. Məhz buna görə də, Sarkisyan hakimiyyəti diaspor təşkilatlarından ikiəlli yapışır ki, qazanc mənbələrini itirməsin, olan ehtiyaclarını gələcəkdə də çirkli pullarla ödəsin.

Məhz buna görə də hərbi-kriminal rejimin üzündən Ermənistanda əhali qalmayıb. Son 15 ildə ölkəni 1 milyon 500 min əhali tərk edib.

Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə 2018-ci ilə qədər olan dövrü əhatə edən, sayca dördüncü "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib, Proqramın icrası müddətində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində müsbət nəticələr əldə edilib. Ölkəmizdə bu sahədə çox ciddi tədbirlər həyata keçirilir.

- Ötən illər ərzində qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün xeyli işlər görülüb, yeni qəsəbələr salınıb, yaşayış binaları tikilib. Bundan sonra bu istiqamətdə hansı işlərin görülməsi nəzərdə tutulur?

- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin Dövlət Proqramına Əlavələr təsdiq edilmişdir. Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin Dövlət Proqramı, ona edilmiş Əlavələr və digər normativ aktlar uğurla icra edilib və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir.

Ümumiyyətlə, 2001-2015-ci illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,9 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 94 müasir qəsəbə salınıb, 49 min ailə və ya 243 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Yeni salınmış yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi və 1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi, 206 ədəd müxtəlif tutumlu su anbarı,64 ədəd nasos stansiyası tikilib, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442 kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 km drenaj şəbəkəsi çəkilmiş, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.

Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilib. Həmçinin gücünə görə son 20 ildə ən böyük elektrik yarımstansiyası -280 meqavat olmaqla, məcburi köçkünlər üçün 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilib. Bu yarımstansiya 5 rayonun-Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və İmişli rayonlarının elektrik enerjisinə olan tələbatını stabilləşdirib. Bu sahədə qəbul edilmiş Dövlət Proqramı və Dövlət Proqramına Əlavələrə uyğun olaraq işlər sistemli şəkildə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti