...

Müdafiə Nazirliyi Azərbaycanda xarici ölkənin hərbi bazasının yaradılması haqda məlumatı təkzib edib

Siyasət Materials 20 İyul 2016 23:59 (UTC +04:00)
“Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması barədə mətbuatda yayılan məlumatların heç bir əsası yoxdur və bu, həqiqətə uyğun deyil”
Müdafiə Nazirliyi Azərbaycanda xarici ölkənin hərbi bazasının yaradılması haqda məlumatı təkzib edib

Bakı. Trend:

“Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması barədə mətbuatda yayılan məlumatların heç bir əsası yoxdur və bu, həqiqətə uyğun deyil”.

Bunu bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının yaradılması barədə yayılan məlumatlara aydınlıq gətirən Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov deyib.

R.Tahirov bildirib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki aerodromdan hələ 1999-cu ildən beynəlxalq sülhməramlı missiyada iştirak edən hərbi qulluqçularımızın Kosovo, İraq və Əfqanıstana yola salınması üçün istifadə edilir:

“Burada yerləşən bir terminalda təyyarələrə texniki xidmət göstərən personal və pilotlar üçün istirahət otaqları nəzərdə tutulub. Qeyd edim ki, Azərbaycan sülhməramlılarının Əfqanıstana aparılması və oradan gətirilməsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilir. Təyyarə aerodroma enməzdən 1 saat əvvəl Türkiyə hərbi attaşeliyi aparatının nümayəndəsi tərəfindən buradakı 2 otaq açılır. Təyyarə aerodromda olarkən ona texniki qulluq göstərilməsi, yanacaqla təchiz olunması və digər prosedurlar icra edilən zaman pilotların qısamüddətli istirahəti bu otaqlarda təmin edilir. Təyyarə yola düşdükdən sonra isə otaqlar bağlanır, Azərbaycan tərəfinə təhvil verilir, mühafizəyə götürülür və Türkiyə hərbi attaşeliyi aparatının nümayəndələri ərazini tərk edirlər”.

Nazir müavini vurğulayıb ki, təsdiq edilmiş Protokola əsasən, hələ keçən əsrin 90-cı illərindən ölkəmizdə fəaliyyət göstərən və “Qızıl Şərq” hərbi şəhərciyi ərazisində yerləşən bina Türkiyənin ölkəmizdəki hərbi attaşelik aparatına icarə qismində müvəqqəti istifadəyə verilib: “Bu protokol həmin tikilidə icarəçi tərəfindən təmir-bərpa işlərinin aparılması üçün hüquqi imkan yaradır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti