...

Əli Əhmədov: Prezidentlik müddətinin artırılması sabitliyə təhlükə yaranmasına imkan verməyən modelin yaradılması baxımından ən yaxşı variantdır

Siyasət Materials 28 İyul 2016 11:58 (UTC +04:00)
Azərbaycanda prezidentin səlahiyyət müddətinin dəyişməsi adi konstitusion dəyişikliklər norması sayıla bilər.
Əli Əhmədov: Prezidentlik müddətinin artırılması sabitliyə təhlükə yaranmasına imkan verməyən modelin yaradılması baxımından ən yaxşı variantdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda prezidentin səlahiyyət müddətinin dəyişməsi adi konstitusion dəyişikliklər norması sayıla bilər.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə prezidentin səlahiyyət müddəti ilə əlaqədar normalar dəyişdirilib. Siyasi praktikada bu, o qədər də xüsusi əhəmiyyət kəsb edən məsələlər sırasına daxil edilmir.

Baş nazirin müavini hesab edir ki, ona görə də prezidentin səlahiyyət muddətinin 5 ildən 7 ilə artırılması ilə əlaqədar dəyişiklik seçicilər tərəfindən normal qarşılanacaq: “Sözügedən dəyişikliyin motivlərinə gəldikdə isə ilk növbədə, onun ölkədə həyata keçirilməkdə olan idarəçilik islahatları kontekstində dəyərləndirilməsinin gərəkli olduğu vurğulanmalıdır. Nəzərdə tutulan idarəetmə islahatları kompleks xarakter daşıyır və onun daxili məntiqi tam dəyişikliklər dəstinin gerçəkləşdirilməsini şərtləndirir. Qeyd etmək istədiyim ikinci məqam siyasi sistemin sabitliyi, bütövlükdə sabitlik amili ilə əlaqədardır. Konstitusiyanın 8-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Bu vəzifənin yerinə yetirilməsi siyasi sistemin sabit rejimdə fəaliyyət göstərməsinin təmin edilməsində Prezidentin məsuliyyət dərəcəsini artırır”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycana yaxın bölgələrdə qarşıdurmalar, müharibələr, fəlakətlər, terrorizm və bunların nəticəsi olan kütləvi köçlər davamlı xarakter alıb: "Vəziyyətin yaxın zamanlarda sabitləşəcəyini söyləmək həddindən artıq optimizm nümunəsi olardı. Belə vəziyyətdə ölkəni mümkün təhlükəli təhdidlərdən sığortalamaq, sabitliyi qoruyub saxlamaq həyati əhəmiyyət kəsb edir. Tez-tez keçirilən, cəmiyyətdə ehtirasları və siyasi ambisiyaların dərəcəsini həddən ziyadə artıran siyasi kampaniyalar, seçkilər təbii ki, belə siyasi kampaniyalardandır, sabitliyin pozulması təhlükəsini real olaraq artırır. Bununla əlaqədar elə bir optimal modelin seçilməsi ehtiyacı yaranmışdır ki, o, bir tərəfdən haqqında söhbət açdığımız sabitliyə təhlükə yaranmasına imkan verməsin, digər tərəfdən isə demokratik normalar zərər çəkməsin. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, düşünürəm ki, həmin modelin yaradılması nöqteyi-nəzərindən ən yaxşı variant sayıla bilər”.

Vitse-prezidentlər institutunun təsis edilməsi məsələsinə gəldikdə isə Ə.Əhmədov qeyd edib ki, prezident üsuli-idarəsinin tez-tez rast gəlinən fərqləndirici xüsusiyyətlərindən biri məhz onunla əlaqədardır: "Ancaq heç də bütün prezident respublikalarında vitse-prezident təsisatı mövcud deyil. Vitse-prezidentlik təsisatı ayrı-ayrı ölkələrdə müxtəlif mülahizələrlə əlaqədar yaradılır. Onun xüsusilə 3 əsas funksiyasını fərqləndirmək olar: a) siyasi qüvvələrin və ya elektoratın konsolidasiyası; b) prezidentin öz səlahiyyətlərini icra etmədiyi dövrdə hakimiyyətin yenidən formalaşdırılmasının təmin edilməsi; c) hakimiyyət bölgüsünün optimallaşması və demokratik nəzarət mexanizminin təmin edilməsi (ABŞ vitse-prezidenti Senata sədrlik edir). Düşünürəm ki, sualınızla əlaqədar dediklərim məsələnin mahiyyətinin qavranılmasında açar rolunu oynaya bilər. Heç şübhəsiz, yeni təsisatın yaradılması ölkədə idarəçilik sistemində anonsu prezident tərəfindən edilmiş dəyişikliklərin ümumi məntiqindən irəli gəlir. Həyat idarəçilik sisteminin təkmilləşdirilməsi tələbini irəli sürüb və bu dəyişikliklərin müəyyən qismi Konstitusiya islahatlarını tələb edir. Konkret bu dəyişikliklərlə əlaqədar güdülən əsas məqsəd prezident üsuli-idarəsinin təkmilləşdirilməsi və müasir çağırışlara cavab verməsinin təmin edilməsidir. İnanıram ki, yeni təsisat ölkənin idarəçiliyi sistemini daha da səmərəli edəcək, ölkənin inkişafının yeni mərhələyə keçməsi ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin icrasına müsbət təsir göstərəcəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti