...

Ermənilərin növbəti təxribatına tutarlı cavab

Siyasət Materials 5 Sentyabr 2016 09:38 (UTC +04:00)
Uruqvayın "La Republica" qəzetinin və Uruqvay Xəbərlər Agentliyinin (UYPRESS) portallarında erməni icmasının təxribatına cavab verilib.
Ermənilərin növbəti təxribatına tutarlı cavab

Bakı. Trend:

Uruqvayın "La Republica" qəzetinin və Uruqvay Xəbərlər Agentliyinin (UYPRESS) portallarında erməni icmasının təxribatına cavab verilib.

XİN-dən Trend-ə verilən məlumata görə, Uruqvayın "La Republica" qəzetinin və Uruqvay Xəbərlər Agentliyinin (UYPRESS) internet portallarında bu ilin sentyabrın 2-də Montevideoda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin ("dqr") "25-ci müstəqillik günü" ilə bağlı keçirilmiş "Dağlıq Qarabağ Forumu" adlı tədbirlə əlaqədar Ermənistan-Azərbaycan münaqişəsi və ölkəmizlə bağlı qərəzli və təhrif edilmiş məlumatlara əsaslan dərc olunmuş məqalələrə cavab olaraq həmin portallarda diplomatik nümayəndəliyin təşəbbüsü ilə ölkəmizin mövqeyini əks etdirən "Ermənistan Azərbaycan ərazilərini işğal edir" və "Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir" adlı məqalələr dərc edilib.

Məqalələrdə Xarici İşlər Nazirliyinin 30 avqust 2016-cı il tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olması və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz edərək Dağlıq Qarabağ və yeddi rayon da daxil olmaqla Azərbaycanın 20% ərazisini işğal etməsi, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirərək bir milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirməsi, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə danışılıb.

Həmçinin, Uruqvay erməni icmasının keçirdiyi "Dağlıq Qarabağ Forumu" adlı tədbirin təxribatçı məqsədlərlə təşkil edildiyi, bu tədbirin münaqişənin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirdiyi, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermədiyi, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət etdiyi bildirilib.

Məqalələrə habelə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin göstərən xəritə də əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti