...

Azərbaycanın tolerantlıq nümunəsi beynəlxalq aləmdə öyrənilir (FOTO)

Siyasət Materials 21 Sentyabr 2016 09:23 (UTC +04:00)
Los Ancelesin ən nüfuzlu və qabaqcıl yəhudi dini ocaqlarından olan "University" Sinaqoqunda 2016-cı ilin sentyabrın 16-da Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın tolerantlıq nümunəsi beynəlxalq aləmdə öyrənilir (FOTO)

Bakı. Trend:

Los Ancelesin ən nüfuzlu və qabaqcıl yəhudi dini ocaqlarından olan "University" Sinaqoqunda sentyabrın 16-da Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə tədbirdə, sinaqoqun dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edərək, məruzə ilə çıxış edib.

Sinaqoqun rəhbəri Ravvin Morli Faynstayn tədbiri açaraq, Azərbaycanın tolerantliq və multikulturalizm modelinin ibrətamiz xarakter yaşadığını, burada yəhudilərin minillərlə sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib. O, 1940-cı illərdə Parisdə çalışmış və Holokost zamanı minlərlə yəhudini ölümdən xilas etmiş Azərbaycan əsilli diplomat Əbdül-Hüseyn Sərdari Qajarı misal gətirərək, tolerantlıq dəyərlərinin Azərbaycan xalqının kimliyinin və mədəniyyətinin daim ayrılmaz bir hissəsi olduğunu qeyd edib.

Sonra söz baş konsul N.Ağayevə verilib. Baş konsul, öz çıxışında, Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün ölkəmizdə müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat qeyd edib ki, mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın yarada bildiyi uğurlu multikulturalizm və tolerantlıq nümunəsi bu gün artıq beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunur və öyrənilir. Diplomat qeyd edib ki, bir çox ölkələrdən fərqli olaraq bu gün Azərbaycanda nəinki müxtəlif dinlər, həmçinin şiə və sünnilər də mehriban şəraitdə birgə yaşayırlar. Baş konsul vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dinlər və millətlərarası qarşılıqlı hörmət və etimad mühiti hər gün daha da güclənməkdə, müxtəlif mədəniyyətlər arasında mübadilə imkanları genişlənməkdədir.

N.Ağayev, həmçinin, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti, Azərbaycanın ABŞ və İsrail ilə münasibətləri, eləcə də Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı sıx tarixi dostluq əlaqələri barədə iştirakçıları məlumatlandırıb.

Baş konsulun çıxışından sonra söz sinaqoqun sabiq sədri, ABŞ-ın ən tanınmış hüquqşünaslarından olan Maykl Tuşinə verilib. O, hazırda dünyanın bir çox ölkələrində qanlı toqquşmaların, xüsusilə də dini zəmində şiddətli qarşıdurmaların yaşandığı bir dövrdə Azərbaycan kimi qədim tolerantlıq ənənələri və etiqadlararası güclü birgəyaşayış təcrübəsi olan bir modelin öyrənilməsinə böyük zərurətin olduğunu diqqətə çatdırıb. M.Tuşin, təmsil etdiyi sinaqoqun Azərbaycanı daha yaxından öyrənməyə və bu mütərəqqi modelin daha geniş ictimaiyyətə çatdırılmasına çalışacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti