...

Avropa Parlamenti - sonrakı peşmançılıq fayda verər

Siyasət Materials 21 Sentyabr 2016 19:08 (UTC +04:00)
Zaman-zaman Avropanın müxtəlif qurumları Azərbaycan əleyhinə böhtan xarakterli bəyanatlar yayır, qətnamələr qəbul edir.
Avropa Parlamenti - sonrakı peşmançılıq fayda verər

Bəxtiyar Hacıyev - Trend:

Zaman-zaman Avropanın müxtəlif qurumları Azərbaycan əleyhinə böhtan xarakterli bəyanatlar yayır, qətnamələr qəbul edir. Təbii ki, bu kağız parçalarının heç bir əhəmiyyəti yoxdur, lakin belə birtərəfli addımlar, qərəzli münasibət haqlı olaraq ölkə vətəndaşlarında demokratiyanın aliliyindən dəm vuran Avropa qurumlarına etimadı azaldır, onların obyektiv fəaliyyət göstərdiyinə şübhə yaradır.

Ötən gün Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə Azərbaycan vətəndaşlarının mövqeyini ən yüksək səviyyədə bəyan etdi, iftiralara tutarlı cavab verməklə müvafiq Avropa qurumlarını, necə deyərlər, ifşa etdi.

Məlum olduğu kimi, bir il əvvəl Avropa Parlamenti Azərbaycan əleyhinə reallığı əks etdirməyən, yanlış məlumatlar əsasında hazırlanan qətnamə qəbul etdi və bundan sonra münasibətlər korlandı. İndi isə Azərbaycan kimi etibarlı tərəfdaşı itirdiyini görən AP, deyəsən, əməlindən peşman olub.

Prezident İlham Əliyev qətnamədəki qərəzli məqamları bir-bir incələyib elə yerindəcə Avropa Paralamentinin nümayəndələrinə ətraflı cavab verdi:

“...Təəssüf ki, Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamə bizim münasibətlərimizdə ciddi geriləmə yaratdı. Bu, çox böyük təəccüb doğurdu. Biz Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik. Buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq. Məndə bununla bağlı sənəd var. Bilmirəm, sizin hamınız bu barədə məlumatlısınız, yoxsa yox, yəqin ki, məlumatlısınız. Lakin mən bəzi məsələləri qeyd etmək istərdim. Burada çox məsələ var, lakin düşünürəm ki, bəzilərini qeyd etməyə dəyər. Yəqin ki, sizin üçün mənim bununla bağlı şərhlərimi öyrənmək yaxşı olar”.

Sanki Avropa təşkilatlarının işi yalnız Azərbaycanı izləmək, ölkədə baş verən ən adi neqativ hadisəni şişirdərək insan hüquqlarının pozulması kimi qələmə verməkdir. Hərdən belə təəssürat yaranır ki, Azərbaycan olmasa, bu təşkilatlar fəaliyyətsiz, boş-bekar qalarlar. Bəs necə? Avropada insan hüquqları qətiyyən pozulmur axı...

Almaniya, etiraz aksiyası

Dövlətimizin başçısı insan haqları, sərbəst toplaşma azadlığı ilə bağlı vəziyyətə də aydınlıq gətirdi:

“Burada deyilir ki, son bir neçə ildə ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. Bu, doğru deyil. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşır. Ölkəmiz demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir. Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir. Bildirilir ki, 2006-cı ildən bu yana dinc nümayişçilərə Bakının mərkəzində nümayişlər keçirmək qadağan olunub. Yalandır. Nümayişlər qadağan olunmayıb. Sərbəst toplaşma azadlığı ölkəmizdə tam şəkildə təmin olunur. 2006-cı ildən bu yana, 2006-cı ildən əvvəl və indi Bakının mərkəzində müxalifət azad şəkildə mitinqlər keçirib. Onlar bir neçə yüz adam toplayıblar. İnsanların niyə bu nümayişlərə getməməsi ayrı məsələdir. Lakin onlar dinc, azad olub və hər kəs, o cümlədən səfirlik bunu sübut edə bilər. Beləliklə, daha bir yalan”.

İlham Əliyev ATƏT-in Bakı ofisinin bağlanmasının əsas səbəblərindən də danışdı. Bu həqiqəti nəinki bir çox Azərbaycan vətəndaşları, bəlkə heç qəbulda olan Avropa nümayəndələri də bilmirdilər. Prezidentin bu məsələdə tutduğu mövqe, qoyduğu şərt isə sadəcə alqışalayiqdir – “Həmyerlimiz Şahtaxtinskini geri qaytarın, ofisi yenidən açaq”:

“Burada o da deyilir ki, ATƏT-in Bakıdakı ofisi Azərbaycan hökuməti ilə ATƏT arasındakı anlaşma memorandumuna xitam verməklə əlaqədar Azərbaycan hökumətinin qərarı ilə 2015-ci ilin iyulunda bağlanıb. Bəli, buna xitam verilib, lakin məlumat üçün deyim ki, bunun səbəbi olub. ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub. Bu ailəyə Azərbaycanda çox hörmətlə yanaşılır. Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub. Məndə olan məlumata görə, onlar Fransa hökumətinə təzyiq göstəriblər və ATƏT-in buradakı nümayəndəsi Şahtaxtinskiyə heç bir izahat verilmədən o, işdən azad olunub. Onun karyerasına son qoyuldu, o, Fransa Xarici İşlər Nazirliyindən çıxarıldı. Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə mənimlə şəkil çəkdirmək cinayətdirsə biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir. Buradakı bir cümlədə isə deyilir ki, biz heç bir izahat vermədən ofisi bağlamışıq”.

Avropa Parlamentinin bu qərəzli, birtərəfli, qeyri-peşəkar yanaşması sonda əlaqələrimizin pozulmasına gətirib çıxardı. Və bu münasibətləri düzəltmək hazırda AP-nin boynuna düşür – münasibətləri kim korlayıbsa, o da düzəltməyə çalışsın. Hər halda Azərbaycan buna görə hansısa qurumdan nəsə xahiş edən deyil, əksinə, Avropa Parlamenti Azərbaycanla əlaqələri yoluna qoymaq üçün vasitələr axtarmalıdır.

“...İndi vəziyyət belədir. Faktiki olaraq bir ildir heç bir əlaqəmiz yoxdur. Bu, bizim ucbatımızdan baş verməyib. Biz digər Avropa təsisatları - Avropa İttifaqı, Avropa Şurası, ATƏT-lə işləməyə davam edirik. Lakin Avropa Parlamenti Azərbaycanla bağlı bu mövqeyi tutmağı qərara aldı. Bizdə olan məlumata görə, bu sənəd qurumun rəhbərləri, xüsusilə də bilmirəm hansı səbəbdən Azərbaycana nifrət edən və hər dəfə bizim nüfuzumuza xələl gətirməyə çalışan Şults və Lunaçek tərəfindən təşkil olunub... Avropa Parlamentinin bəzi üzvləri bunu etməməklə bağlı xəbərdarlıq ediblər. Mən onlardan birinin “Biz Azərbaycanı itirəcəyik” dediyini eşitmişəm, yəqin ki, o, haqlı idi. Avropa Komissiyasının komissarı da danışıb, xəbərdarlıq edib, lakin onları dinləməyiblər və nəticədə nə oldu? Heç bir münasibət, heç bir əlaqə yoxdur. Biz parlamentimizdə işçi qrupu yaratmadıq. Biz Avronestdəki fəaliyyətimizə xitam verdik. Vəziyyət belədir. Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?”

Avropanın məntiqinə əsaslansaq, belə çıxır ki, demokratiya guya məhz Azərbaycanda boğulur. Prezident İlham Əliyev bu məntiqsizliyə çox məntiqli cavab verdi. Dövlətimizin başçısı qeyd etdi ki, Avropa Parlamentinin ötənilki qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildiyi halda, Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib.

Səbəbi maraqlıdır, eyni zamanda məlumdur. Avropa qurumlarının ermənilərə həmişə hüsn-rəğbəti olub. Bu hüsn-rəğbət hətta o qədər böyükdür ki, gizlədə də bilmirlər, öz qeyri-obyektiv fəaliyyətləri ilə bunu açıq-aşkar nümayiş etdirirlər.

Azərbaycan Prezidenti “Freedom House” deyilən ermənipərəst təşkilatın fəaliyyətinə də toxundu:

“Freedom House” ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır. Uzun illər “Freedom House”un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub. Deyim ki, “Freedom House”un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir. Avrasiyada ən böyük geriləmənin Azərbaycanda olduğunu deməsi bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir. “Freedom House” Azərbaycanın azad olmadığını, internetin qismən azad olduğunu, son 10 ildə bütün Avrasiyada demokratik idarəetmədə ən çox geridə Azərbaycanın qaldığını hesab edir. Təsəvvür edirsiniz? Bu, tamamilə gülüncdür və yəqin ki, şərh etməyə dəyməz”.

Avropa Parlamentinin təmsilçiləri isə bütün bu tutarlı cavablardan sonra ötən il qəbul olunan qətnamə ilə bağlı yaranan çətinliklərin dəf ediləcəyinə və əlaqələrimizin irəliyə aparılacağına ümidvar olduqlarını, AP-nin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiyini, Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduqlarını, dünyəvi cəmiyyətin qurulması, uğurlu islahatların həyata keçirilməsi baxımından Azərbaycanın müsəlman ölkələri içərisində bir nümunə olduğunu bildirdilər:

“Azərbaycan bizim üçün mühüm ölkədir. Biz bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq”.

Avropa Parlamentinin nümayəndələri artıq bir ildir AP ilə Milli Məclis arasında heç bir dialoqun olmamasından təəssüf hissi duyduqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırışı aydın şəkildə başa düşdüklərini də vurğuladılar.

Əlqərəz, artıq AP anlayır ki, Azərbaycanın Avropa Parlamentinə deyil, Avropa Parlamentinin Azərbaycana ehtiyacı var. AP həm də bu qənaətə gəlib ki, sonrakı peşmançılıq fayda verər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti