...

Səfir: Almaniya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

Siyasət Materials 22 Sentyabr 2016 15:55 (UTC +04:00)
Əli Həsənov bu gün Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mixael Kindsqrabla görüşüb.
Səfir: Almaniya Azərbaycanla  əlaqələrin genişləndirilməsində  maraqlıdır

Bakı. Trend:

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mixael Kindsqrabla görüşüb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş nazirin müavini səfirə Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Problemin həlli naminə görülən işlərdən söz açan Ə.Həsənov deyib ki, münaqişənin tənzimlənməsi üçün bütün beynəlxalq təşkilatlar sənədlər qəbul ediblər. Lakin Ermənistan tərəfi həmin sənədləri icra etmir. Yəni, heç bir beynəlxalq qurum qalmayıb ki, bu problemə münasibət bildirməsin, amma təəssüf ki, problem həll olunmur.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan Ə.Həsənov bildirib ki, Avropa bunun qarşılığında münaqişənin həlli üçün ciddi səy göstərmir: “Biz bütün dünyadan yalnız münaqişənin həll edilməsini istəyirik. İstək olsa bu problemi danışıqlar yolu ilə həll etmək mümkündür. Bu münaqişənin həlli ilə bağlı beynəlxalq qurumların qətnamələrinin icrası üçün Ermənistana ciddi təzyiq göstərilməlidir. Onlar bu gün Ermənistana təzyiq göstərməlidirlər ki, bizim ərazilərimizi boşaltsın. Beynəlxalq qurumların qəbul etdiyi qətnamələri icra etsinlər.Onlardan fərqli olaraq Azərbaycan bütün beynəlxalq qurumların qəbul etdyi qərarlara hörmətlə yanaşır və onları icra edir. Bu gün Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar”.

Baş nazirin müavini Ə.Həsənov onu da diqqətə çatdırıb ki, Azərbaycan dövləti hazırda ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həllini öz üzərinə götürüb və bu işin öhdəsindən lazımınca gəlir. Ancaq bunlara baxmayaraq ölkəmizdə beynəlxalq humanitar təşkilatların fəaliyyətlərini davam etdirməsinə də zərurət var. Onların tam şəffaf fəaliyyəti üçün Azərbaycan Prezidenti tərəfindən hərtərəfli şərait yaradılıb.

Mixael Kindsqrab ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı sabit və inkişaf edən tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini qeyd edb. Almaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib. O, həmçinin Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti