...

Ermənistanı Rusiya "İsgəndər"ləri də xilas edə bilməz

Siyasət Materials 24 Sentyabr 2016 09:25 (UTC +04:00)
İsgəndər” OTRK olduqca ciddi, eyni zamanda hələ tam “kəşf edilməmiş” hərbi texnikadır.
Ermənistanı Rusiya "İsgəndər"ləri də xilas edə bilməz

Bəxtiyar Hacıyev - Trend:

Bu yaxınlarda Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raket kompleksləri (OTRK) bağışladığı məlum oldu. Belə ki, sentyabrın 21-də Yerevanda keçirilən paradda nümayiş etdirilən hərbi texnikalar arasında RF istehsallı “İsgəndər-E” OTRK-ləri də peyda oldu.

Rusiyanın hansı məqsədlə belə addım atmasına, ümumiyyətlə, Ermənistanın dəyəri yüz milyon dollarlarla ölçülən belə texnikanı almaq imkanının olmamasına toxunmazdan əvvəl “İsgəndər”lər haqqında qısa məlumat verək.

İlk dəfə 1999-cu ilin avqustunda təqdim olunan “İsgəndər”lərin xarakteristikası belədir:

- Raketlərin start kütləsi: 3800 kq
- Döyüş hissəsinin çəkisi: 480 kq
- Uzunluq: 7,2 m
- Diametr: 920 mm
- Raketlərin başlanğıc məntəqədən sürəti: 2100 m/s
- Hədəfi məhv etmə üzrə minimal məsafə: 50 km
- Hədəfi məhv etmə üzrə maksimal məsafə: 500 km - "İsgəndər-K" (bəzi mənbələrə görə hətta 700 km)
- Raket buraxılışları arasında interval: 1 dəqiqə
- İstismar müddəti 10 il, o cümlədən səhra şəraitində 3 il və b.

Beynəlxalq müqavilələrə əsasən, ixrac olunan raketlərin hədəfi vurma məsafəsi 300 km-dən artıq ola bilməz. Məlumatlara görə, məhz bu səbəbdən də kompleksin hədəfi vurma məsafəsi 500 km-dən 280-300 km-dək azaldılıb.

Hətta "Rostex" dövlət korporasiyasının direktoru Sergey Çemezov adıçəkilən kompleksin nüvə silahı daşıma qabiliyyəti olduğunu bəyan etmişdi.

Bütün bu yüksək göstəricilərə, dəqiqliyə malik, uzaq mənzilli OTRK-lərin ilk dəfə 2008-ci ilin avqustunda Gürcüstanla müharibədə tətbiq edildiyi, lakin raketlərin bir neçəsinin hədəfi düzgün nişan almadığı və ya partlamadığı bildirilir. Buna rəğmən, S-300 daxil olmaqla, Rusiya istehsallı bütün Hava Hücumundan Müdafiə sistemlərinin "İsgəndər"i vurmaq qabiliyyətində olmadığı deyilir.

Göründüyü kimi, İsgəndər” OTRK olduqca ciddi, eyni zamanda hələ tam “kəşf edilməmiş” hərbi texnikadır.

Ordusunu Rusiyanın istismar müddəti bitmiş silah-sursat ianəsi ilə "zənginləşdirən" Ermənistanın “İsgəndər”lərin yararlı olub-olmamasını müstəqil şəkildə, icazə almadan yoxlamağa isə hünəri çatmaz.

Maraqlıdır ki, Rusiyada “İsgəndər”lərin ixracı qadağan olunan məhsulların siyahısındadır. Hətta RF-nin bu raket kompekslərini Səudiyyə Ərəbistanı və Qazaxıstana satmaqdan imtina etidyi məlum olsa da, mətbuatda hələ 2013-cü ildə Ermənistanın bu kompleksləri əldə etdiyi barədə məlumatlar yayılmışdı. Lakin rəsmi olaraq nümayiş etdirilməmişdi. Rus mənbələri isə kompleksin ixrac edildiyini deyirdi.

ТЗМ 9Т250-1 "İsgəndər-M" kompleksi

Bir məqamı da vurğulamalıyıq ki, bu vaxta qədər Ermənistanda keçirilmiş hərbi paradlarda nümayiş etdirilən texnikaların əsas hissəsi və yarıdan çoxu ölkədə "kök salmış" Rusiya hərbi bazalarına məxsusdur. Bu dəfə də ermənilərin görüntü yaratmaq baxımından RF istehsallı hərbi texnikanın nümayişinə əl atdığı istisna deyil.

İstənilən halda bu addımlar Rusiyanın imicinə zərər verir. ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun üç həmsədrindən biri olan Rusiyanın münaqişə tərəflərindən birinə, daha doğrusu, münaqişəyə səbəb olan tərəfə belə təhlükəli texnika satmaqda, bağışlamaqda və ya paradda nümayiş etdirməyə icazə verməkdə məqsədi nədir? Bəs RF rəsmilərinin münaqişənin nizamlanmasına sadiq olduqları barədə bəyanatlar? Bütün bunlardan sonra hansı obyektiv, qərəzsiz, ədalətli vasitəçilikdən danışmaq olar? Zaman-zaman sözdə bir cür, əməldə başqa cür olan Rusiya nədənsə, həmsədr olduğunu ara-sıra unudur.

Əslində bu "silah bağışlamaq" birinci deyil, demək olar ki, hər iki-üç ildən bir təkrarlanan faktdır. Və ortaya haqlı olaraq belə bir sual çıxır: ümumiyyətlə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsini həll etmək niyyəti varmı?

Görünür, Rusiya qonşu Azərbaycanla çoxəsrlik birgə tarixə, sıx mədəni, siyasi və iqtisadi əlaqələrə malik olduğunu, II Dünya müharibəsində Azərbaycanın Qələbəyə verdiyi böyük töhfəni, Qərb tərəfindən sanksiyalara məruz qalanda, bundan əziyyət çəkəndə Azərbaycanın mehriban qonşuluq, tərəfdaşlıq münasibətlərini pozmadığını, sanksiyaları pislədiyini, hətta Azərbaycanın Rusiya hərbi ixracatında ən mühüm tərəfdaş ölkələrdən biri olduğunu unudur. Bütün bunların müqabilində isə işğalçı ölkəni ən müasir silahlarla silahlandırmaqla Azərbaycana "təşəkkür" edir.

Təbii ki, Ermənistan ordusunun “İsgəndər”lərə və Rusiya istehsallı digər silahlara sahib olması ilə bölgədə qüvvələr balansı dəyişməyəcək.

Azərbaycan Ordusu öz gücünü artıq aprel döyüşlərində göstərib. Hələ də məğlubiyyətlə barışmayan Ermənistanın apreldə Azərbaycanın təmas xəttinə yaxın ərazilərdəki yaşayış məntəqələrinə atdığı Rusiya istehsallı mərmilərin yarıdan çoxu isə heç partlamadı. Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyin hesabatları da göstərir.

Füzulidə partlamamış OF-26, 125 mm-lik tank mərmisi

Və xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan təkcə müasir texnikalar almır, artıq özü ən müasir silahları istehsal və ixrac edir. Son vaxtlarda isə xaricdə Azərbaycanın istehsal etdiyi silahlara tələbat xeyli artıb. Hətta sifarişlər çox olduğuna görə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bəzi ölkələrin sifarişlərindən imtina edib.

Xatırladaq ki, sentyabrın 21-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan istehsallı müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı oldu. Bununla yanaşı, Azərbaycan "Orbitr 4” və “Orbitr 3” müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarının da istehsalına başlayacaq.

Bu gün dünya miqyasında güclü ordular sırasında olan, Ermənistanın istənilən təhdidini dəf etmək iqtidarında olan Azərbaycan ordusu ölkəmizin maraqlarını təmin etmək qüdrətindədir və heç bir qüvvə ərazi bütövlüyümüzün bərpasına mane ola bilməz. Ermənistanı heç "İsgəndər"lər də xilas edə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti