...

Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır

Siyasət Materials 23 Sentyabr 2016 18:10 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılsın.

“ABAD” mərkəzləri vasitəsilə aşağıdakılar həyata keçiriləcək:

- ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədilə fondun yaradılması;

- “ABAD” layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması;

- ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi;

- istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili;

- istehsal olunan məhsulun daşınmasının və satışının təşkili;

- istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;

- layihə çərçivəsində nəzarət və qiymətləndirmə aparılması;

- istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkili.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ABAD” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını təmin edən “ABAD” publik hüquqi şəxsi yaratsın və publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirəcək.

Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 milyon manat ayrılır.

İqtisadiyyat Nazirliyi “ABAD” mərkəzlərinin fəaliyyəti üçün ailə təsərrüfatlarının və təsərrüfat məhsullarının müəyyənləşdirilməsi məqsədi ilə regionlar üzrə iqtisadi təhlil və proqnozlar əsasında təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkqabiliyyətli aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin göstərdiyi xidmətlərdən istifadəsini təmin etmək məqsədilə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edəcək.

Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu fərmanın 2.4-cü bəndində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyən etdiyi qaydada “bir pəncərə” prinsipi əsasında təşkili üçün zəruri tədbirlər görməlidirlər.

Nazirlər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Maliyyə Nazirliyinə bu fərmanın 4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Vergilər Nazirliyinə isə “ABAD” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti