...

Fransalı senator: Müşahidələr referendumun azad və demokratik keçəcəyinə heç bir şübhə yeri qoymur

Siyasət Materials 26 Sentyabr 2016 15:12 (UTC +04:00)
Sentyabrın 26-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Rişarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Fransalı senator: Müşahidələr referendumun azad və demokratik keçəcəyinə heç bir şübhə yeri qoymur

Bakı. Trend:

Sentyabrın 26-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Rişarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, spiker qonaqları salamlayaraq onlara Azərbaycanda keçirilən referendumu izləmək üçün ölkəmizə səfər etdiklərinə görə minnətdarlığını bildirdi. Qeyd edildi ki, bu, Fransa nümayəndə heyətinin ölkəmizdə gedən demokratik proseslərə dəstəyinin göstəricisidir.

Daha sonra sədr referendum haqqında qonaqlara ətraflı məlumat verərək bildirdi ki, bu siyasi tədbir ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlıdır: "Bu dəyişikliklər cəmiyyət həyatında baş verən dinamik proseslərə uyğun olaraq həyata keçirilir. Başqa sözlə, ictimai-siyasi həyatdakı dəyişikliklərin siyasi müstəvidə də öz əksini tapması artıq günün tələbinə çevrilib. Dəyişikliklərə əsasən, çevik idarəetmə mexanizmi yaratmaq üçün vitse-prezidentlik institutunun təsis edilməsi nəzərdə tutulub. Biz belə hesab edirik ki, ölkənin Əsas sənədinə edilən dəyişikliklər Azərbaycan xalqının mənafelərinə xidmət edəcək, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması üçün möhkəm zəmin yaradacaq".

Spiker bildirdi ki, bu mühüm siyasi tədbirlə əlaqədar ölkə ərazisində yaradılmış seçki məntəqələrində prosesin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, informasiya texnologiyalarının nailiyyətlərindən geniş istifadə olunub. Belə ki, seçkiləri hər bir vətəndaşın onlayn müşahidə etmək imkanı var, mindən artıq məntəqədə veb-kameralar quraşdırılıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa nümayəndə heyətinin başçısı A.Rişar Senatda dostluq qrupunun rəhbəri kimi Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında həmişə maraqlı olduğunu söylədi. Bildirildi ki, onların müşahidələri referendumun Avropa standartlarına uyğun azad və demokratik keçəcəyinə heç bir şübhə yeri qoymur:

"Biz Azərbaycanın uğurları ilə yanaşı, problemlərini də yaxşı bilirik. Bu baxımdan, qaçqınlar məsələsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük diqqət yetiririk. Budəfəki gəlişimizdə də qaçqınların ümumxalq səsverməsi prosesində iştirakı ilə yaxından maraqlanmışıq. İnanırıq ki, Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər ölkədə demokratiyanın daha da dərinləşməsinə, xalqın rifahına xidmət edəcək".

Görüşdə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Fransa parlamentinin senatoru Natali Qule və digər rəsmi şəxslər iştirak edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti