...

"Opinion Way": Seçici fəallığı 66,8 faiz olub (YENİLƏNİB)

Siyasət Materials 26 Sentyabr 2016 19:57 (UTC +04:00)
Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun Azərbaycanda referendum ilə bağlı 152 seçki məntəqəsi və 118 dairədə keçirdiyi “exit-poll”un nəticələrinə görə seçicilərin aktivliyi 66,8 faiz təşkil edib.
"Opinion Way": Seçici fəallığı 66,8 faiz olub (YENİLƏNİB)

Bakı. Aygün Bədəlova – Trend:

Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda səs verən seçicilər arasında apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, Bakıda mətbuat konfransında qurumun idarəçi direktorunun müavini Bruno Canbart deyib ki, institutun referendumla bağlı 152 seçki məntəqəsi və 118 dairədə keçirdiyi “exit-poll”un nəticələrinə əsasən seçicilərin fəallığı 66,8 faiz təşkil edib.

Onun sözlərinə görə, şirkətin 320 əməkdaşı seçki məntəqələrinin çıxışında səs verən 12 mindən çox vətəndaşın rəyini öyrənib.

B.Janbart bildirib ki, referenduma çıxarılan 29 suala verilmiş cavablar 4 blokda qruplaşdırılıb. Təhlükəsizliyin və müdafiənin təmin edilməsi ilə bağlı təkliflərə 89,3% "bəli", icra hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflərə 88,9% "bəli", insan hüquqları və azadlıqlarının konstitusion təminatı ilə bağlı təkliflərə 90,1% "bəli", Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı təkliflərə 88,8% "bəli", prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasına isə seçicilərin təqribən 80%-i "bəli" cavabını verib.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti