...

Avropa Xalq Partiyası: Azərbaycanda referendum ən yaxşı beynəlxalq normalara riayət olunmaqla, azad şəraitdə keçdi

Siyasət Materials 27 Sentyabr 2016 12:27 (UTC +04:00)
Avropa Xalq Partiyasının (EPP) müşahidə nümayəndə heyəti sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilmiş referenduma dair bəyanat yayıblar.
Avropa Xalq Partiyası: Azərbaycanda referendum ən yaxşı beynəlxalq normalara riayət olunmaqla, azad şəraitdə keçdi

Bakı. Trend:

Avropa Xalq Partiyasının (EPP) müşahidə nümayəndə heyəti sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilmiş referenduma dair bəyanat yayıblar.

Trend-in məlumatına görə, EPP-nin bəyanatında qeyd olunur ki, nümayəndə heyəti səsvermə günündən əvvəl bəzi seçki məntəqələrində hazırlıq işləri ilə tanış olub və Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşüb: "Mərkəzi Seçki Komissiyası vətəndaşların ətraflı məlumatlandırılması, eləcə də səsvermə günü üçün nəzərdə tutulmuş prosedurlarla bağlı bütün hazırlıq işlərindən ibarət geniş təhlil təqdim edib. Bizə məlumat verildi ki, səsə qoyulacaq 29 düzəlişin tam mətni və hazırki Konstitusiya mətni ilə fərq səsvermədən bir ay əvvəl bütün vətəndaşlara çatdırılıb. Mərkəzi Seçki Komissiyasının bütün qaydaları müsbət təcrübələrə və beynəlxalq standartlara uyğun idi.

İlk olaraq onu vurğulamaq lazımdır ki, bu gün biz 1 deyil, 29 referendumun şahidi olduq, çünki Azərbaycan Respublikası vətəndaşları hər düzəliş üzrə öz səsini verə bildi, bu isə hər seçicinin səsvermə kabinəsində həmişəkindən daha çox qalmasına səbəb oldu".

Bildirilir ki, EPP nümayəndə heyəti səsvermə məntəqəsində açılış prosedurlarında iştirak etdi və səsvermə müddətində digər məntəqələrə baş çəkdi, eləcə də səsvermə məntəqələrindən birinin bağlanması prosesini müşahidə etdi:

"Baş çəkilən bütün məntəqələrdə prosedurlar beynəlxalq normalara uyğun idi, seçicilərə müvafiq kömək göstərilirdi, böyük əksəriyyət prosesin mahiyyəti və səsvermə proseduru barədə yaxşı məlumatlanmışdı, eyni zamanda hərbçilər, yaxud polis işçilərinin olmadığı qeydə alındı. Səsvermə bağlandıqdan sonra nümayəndə heyətimizin bəzi üzvləri hazırda səslərin sayılması prosesini izləyir".

Nəticə etibarilə, nümayəndə heyəti hesab edir ki, 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında Konstitusiyaya dəyişikliklərə dair referendum prosesi ən yaxşı beynəlxalq normalara riayət olunmaqla, azad, açıq və müvafiq prosesə uyğun şəraitdə keçdi və şübhəsiz, Azərbaycan Respublikası xalqının iradəsini ifadə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti