...

Vaşinqtonda Beynəlxalq İTSO-nun Tərəflər Assambleyasının 37-ci iclası başlayıb (FOTO)

Siyasət Materials 13 Oktyabr 2016 08:09 (UTC +04:00)
Oktyabr 12-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 37-ci iclası öz işinə başlayıb
Vaşinqtonda Beynəlxalq İTSO-nun Tərəflər Assambleyasının 37-ci iclası başlayıb (FOTO)

Bakı. Trend:

Oktyabr 12-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 37-ci iclası öz işinə başlayıb.

Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Tədbirin ilk günündə Azərbaycan Respublikasının nümayəndəsi - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərkosmos” ASC-nin hüquq departamentinin direktoru İlqar Abdullayev İTSO-nun Mandat Komitəsinin sədri seçilib.

Belə ki, İTSO-nun Tərəflər Assambleyasının 37-ci iclası zamanı aparılmış gərgin müzakirələr və danışıqlar nəticəsində Azərbaycan Respublikası təşkilatın Şərqi Avropa və Şimali Asiya ölkələri qrupundan (C qrupu) İTSO-nun Mandat Komitəsinə üzv qəbul edilib.

Daha sonra İTSO-ya üzv ölkələrin yekdil qərarı ilə Lüksemburq, Butan, Cənubi Afrika və Kanadanın da üzv olduğu Mandat Komitəsinin sədri vəzifəsinə Azərbaycan Respublikasının nümayəndəsi İlqar Abdullayev seçilib.

Tədbirin ilk günündə Mandat Komitəsinin sədri kimi çıxış edən İlqar Abdullayev ölkəmizə göstərilmiş etimada görə üzv ölkələrə təşəkkürünü bildirərək, Mandat Komitəsinin səlahiyyətində olan bir sıra məsələlər barədə danışıb.

Dünyanın 149 ölkəsinin nümayəndələrinin iştirakı ilə Amerika Universitetinin Hüquq üzrə Vaşinqton kollecində keçirilən bu tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərkosmos” ASC-nin nümayəndəsi ilə yanaşı, Azərbaycan Respublikasının Vaşinqtondakı Səfirliyinin əməkdaşları Emil Səfərov və Sərxan İsmayılov təmsil edir.

Beynəlxalq Telekommunikasiya Peyki Təşkilatının (İTSO) Tərəflər Assambleyasının 37-ci iclası oktyabr ayının 14-də qədər öz işini davam etdirəcəkdir. Bu xüsusda Fransa, İspaniya və Uqandadan olan üç namizəd arasından İTSO-nun yeni Baş Direktorunun seçilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti