...

ABŞ-da Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı konfrans keçirilib (FOTO)

Siyasət Materials 20 Oktyabr 2016 07:56 (UTC +04:00)
19 oktyabr 2016-cı il tarixində ABŞ-ın paytaxtı Vaşiqnton şəhərində Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Səfirliyin həm-təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan və Qafqaz – irəliyə baxış” mövzusunda konfrans keçirilib
ABŞ-da Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı konfrans keçirilib (FOTO)

Bakı. Trend:

19 oktyabr 2016-cı il tarixində ABŞ-ın paytaxtı Vaşiqnton şəhərində Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Səfirliyin həm-təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan və Qafqaz – irəliyə baxış” mövzusunda konfrans keçirilib. Tədbirdə ABŞ dövlət qurumları, düşüncə mərkəzləri, diplomatik korpus, media və çox saylı ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin moderatoru qeyd edilən institutunun direktoru, region üzrə tanınmış ekspert Svante Kornell olub.

Azərbaycanın ABŞ-dakı sefirliyindən Trend-ə verilən məlumata görə, yüzdən artıq auditoriyası olan tədbir zamanı çıxış edən səfir Elin Süleymanov Azərbaycanın müstəqillik illərində qazandığı uğur və əldə edilmiş nailiyyətləri barədə geniş məlumat verib. O, Azərbaycanda müstəqillik illəri zamanı iqtisadi, sosial və dövlət quruculuğu sahələrində möhtəşəm nailiyyətləri vurğulayaraq, bunu Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti ilə bağlamışdır. Hal-hazırda həmin siyasətin uğurla davam etdirildiyini qeyd edən səfir Azərbaycanın bütün sahələrdə regionun liderləri sırasında olduğunu bildirib. Azərbaycan səfiri bildirmişdir ki, regionda həyata keçirilən, uğurlu olduğunu sübut etmiş və bununla da bütün region ölkələrin iqtisadi rifahına və daha yaxın əməkdaşlığına gətirən və Qara Dəniz, Aralıq Dənizi, Egey Dənizi, Adriatik Dəniz coğrafiyalarına yol açan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzərum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələri qeyd edib. Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını qeyd edən Səfir Süleymanov bunun Azərbaycanın əldə etdiyi anlaşmalara sadiqliyindən irəli gəldiyini və bunun bariz nümunəsi kimi enerji sahəsində 20 ildən çox müddət ərzində beynəlxalq şirkətlərlə əldə edilmiş “Hasilatın Pay Bölgüsü” razılaşmalarının dəyişilməz qaldığını göstərib.

Şərqdə ilk müsəlman demokratik respublikanın davamçısı olan Azərbaycanın ənənəvi olaraq müxtəlif millət və mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu dilə gətirərək hazırda ölkə rəhbərliyinin bu ənənəyə sadiq qaldığını və onu dünyada radikalizm və dözümsüzlüyün baş qaldırdığı bir zamanda dünya miqyaslı mədəniyyətlərarası forumların təşəbbüskarı və aparıcı qüvvəsinə çevrilib. Bunun Azərbaycan tarixindən qaynaqlandığı və ölkə başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirildiyi vurğulanıb.

Bundan sonra baş tutmuş müzakirələrdə Səfir E.Süleymanov iştirakçıların qaldırdığı çox saylı suallara cavab vermişdir. Aparılmış canlı müzakirələr iştirakçıların Azərbaycana və onun apardığı siyasətə dair böyük marağının olduğunu göstərib. Nəqliyyat barədə suala cavabda səfir Süleymanov Azərbaycanın beynəlxalq əhəmiyyətli iri infrastruktur layihələri həyata keçirdiyi, müasir İpək Yolunun canlanması üçün bir sıra ölkələrlə, o cümlədən Çinlə əməkdaşlıq edir, Azərbaycanın AZAL və Silkway şirkətlərinin müasir təyyarə donanmasına sahib olduğu və onların, habelə dünyanın bir sıra ölkələrinə, o cümlədən ABŞ-ın Nyu York və Çikaqo şəhərlərinə sərnişin və yük daşıma uçuşları həyata keçirməklə Azərbaycanı hava limanı mərkəzinə çevirməkdədir.

Qaldırılan suallar arasında erməni diplomatı tərəfindən verilən təxribat xarakterli suala cavab olaraq səfir Süleymanov Azərbaycanın hər zaman olduğu kimi bu münaqişənin tezliklə həll olunmasını tərəf olduğunu vurğuladı. Münaqişənin həllinin masa üzərində olduğunu bildirən səfir hazırkı status-kvonun dəyişməsinin və öz doğma yurdlarından didərgin düşmüş Azərbaycanlıların işğal olunmuş ərazilərə qayıtmasının və orada hər iki – erməni və Azərbaycanlı - icmasının birgə yaşayışa öyrəşməsinin ilk addım olduğunu bildirib. Bundan daha çox Ermənistan xalqının bəhrələnəcəyini və onun hazırkı acınacaqlı durumundan çıxmaq imkanı yaradacağını vurğuladı. İrəli sürülən təkliflərin mükəmməl olmadığını, lakin bunlara alternativin nə olduğunu sual edən E.Süleymanov rəsmi Yerevanın sülh prosesinə zərər vurmaqla əslində öz müstəqilliyinə xələl gətirdiyini qeyd edib.

Azərbaycana qarşı ifrat qərəzi ilə tanınan, “Freedom House” təşkilatının keçmiş direktoru David Kramerin sualına cavab verən Azərbaycan səfiri D.Kramerin uzun zamandan səsləndirdiyi ritorikanın bolşevik zamanı propaqandasına bənzədiyini deyib. Eyni zamanda o, bütün cəmiyyətlərdə, o cümlədən ABŞ-da olduğu və son seçki kampaniyasının göstərdiyi kimi, Azərbaycan cəmiyyətinin də öz çağırış və çətinliklərinin mövculuğunu bildirmiş, və son on illərin göstərdiyi kimi Azərbaycan həmin çağırışların tədricən və uğurla öhdəsindən gəlməkdə və demokratik, inklyuziv cəmiyyətin inkişafını təmin edir. Səfir həmçinin Azərbaycanın öz tərəfdaşları ilə hər zaman səmimi, obyektiv və konstruktiv dialoqa hazır olduğunu vurğuladı.

Bundan başqa, iştirakçılar tərəfindən Rusiya ilə Türkiyə arasında “Türk Axını”nın Azərbaycanın layihələrinə təsiri, habelə Rusiya-ABŞ arasındakı gərginliyin regiona mümkün təsiri barədə sual verilmişdir. “Türk Axını”nın Azərbaycan layihələrinə təsir etmədiyini söyləyən səfir Süleymanov regional sabitlik üçün Rusiya ilə Türkiyə arasında işlək münasibətlərin vacibliyini önə çəkmişdir. İkinci suala dair E.Süleymanov bildirmişdir ki, Rusiya ilə ABŞ arasındakı gərginliyin regiona mənfi təsir göstərə bilər və bu iki dövlət arasında əməkdaşlığın sabitləşməsi ümumi marağa xidmət edərdi.

Həmçinin konfrans çərçivəsində iştirakçılara Azərbaycanın milli mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti