...

İlham Əliyev dörd ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Siyasət Materials 26 Oktyabr 2016 11:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Cibutinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib.
İlham Əliyev dörd ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Cibutinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib.

Səfir Məhəmməd Əli Kamil fəxri qarovul dəstəsinin qarşısından keçib. Məhəmməd Əli Kamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Cibuti arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirib. Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Cibutinin dost ölkələr olduğunu deyib.

Dövlət başçısı ölkələrin xüsusilə beynəlxalq təşkilatlarda həmrəylik göstərərək uğurlu əməkdaşlıq etmələrinin və bir-birilərinə daim dəstək vermələrinin önəmini qeyd edib. Siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən dövlət başçısı bu əlaqələri digər sahələrdə də genişləndirməyin vacibliyini bildirib. İkitərəfli əlaqələrin inkişafında səfirlərin rolunu qeyd edən Prezident İlham Əliyev səfir Məhəmməd Əli Kamilin Azərbaycanın müvafiq qurumları ilə iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılması üçün müzakirələr aparacağına ümidvar olduğunu bildirib.

Səfir Məhəmməd Əli Kamil Cibuti Prezidenti İsmayıl Ömər Celinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Bakıya səfər edərkən ölkəsinin Prezidenti ilə görüşdüyünü vurğulayan Məhəmməd Əli Kamil deyib: “Cənab Prezident, mən Bakıya gələrkən cənab İsmayıl Ömər Celi ilə görüşdüm. O, mənə şəxsən bildirdi ki, Azərbaycan bizim üçün böyük əhəmiyyət kəsb edən mühüm ölkədir”.

Dövlət başçısı Prezident İsmayıl Ömər Celinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Cibuti dövlətinin başçısına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev bu gün Banqladeşin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Allama Siddikinin etimadnaməsini də qəbul edib.

Səfir Allama Siddiki fəxri qarovul dəstəsinin qarşısından keçib. Allama Siddiki etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Banqladeş arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən dövlət başçısı ölkələrin bir-birini beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləməsinin önəmini qeyd edib. Hər iki ölkənin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının bu il İstanbulda keçirilən Sammitində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun təsis edilməsinə göstərdiyi dəstəyə görə Banqladeş tərəfinə minnətdarlığını bildirib. Azərbaycan ilə Banqladeş arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı qarşılıqlı ticarətin həcminin artırılması üçün çoxlu imkanların mövcud olduğunu qeyd edib, iş adamları arasında əlaqələrin, eləcə də bu sahədə mövcud imkanların araşdırılmasının əhəmiyyətini vurğulayıb. Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mütəmadi təmaslar qurulmasının vacibliyini bildirib.

Səfir Allama Siddiki Banqladeş Prezidenti Abdul Hamidin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Banqladeşin Azərbaycana qardaş ölkə olduğunu deyən səfir Azərbaycana, Azərbaycan xalqına və mədəniyyətinə ölkəsində məhəbbətlə yanaşıldığını bildirib, ölkəmizin qədim tarixi, həmçinin tarixən oynadığı rol barədə məlumatlı olduqlarını qeyd edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevi ehtiramla yad edən səfir Allama Siddiki onun Azərbaycan xalqının milli ruhunun formalaşmasındakı rolundan danışaraq, Ulu Öndərin rəhbərlik etdiyi illərin ölkəmizin tarixində yaddaqalan bir dövr olduğunu deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Səfir Allama Siddiki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə daha da inkişaf edəcəyinə, geostrateji mövqeyini möhkəmləndirəcəyinə və daha vacib rol oynayacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev Banqladeş Prezidenti Abdul Hamidin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını Banqladeş Prezidentinə çatdırmağı xahiş edib.

Dövlət başçısı bu gün həmçinin Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefanenin etimadnaməsini qəbul edib.

Səfir Pule İsaak Malefane fəxri qarovul dəstəsinin qarşısından keçib. Pule İsaak Malefane etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayan dövlət başçısı ölkələrimizin iqtisadiyyat və ticarət sahələrində də əməkdaşlığı genişləndirməsinin zəruriliyini qeyd edib. Artıq bir neçə ildir Azərbaycanın Cənubi Afrika Respublikasında səfirliyinin fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev ölkələr arasında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və biznes nümayəndələri üçün imkanların yaradılması baxımından səfirliklərin rolunu vurğulayıb.

Səfir Pule İsaak Malefane ölkələr arasında mövcud əlaqələrin gücləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

Prezident İlham Əliyev bu gün Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakupitiya Kuruppu Araççic Rohanacitin də etimadnaməsini qəbul edib.

Səfir Yakupitiya Kuruppu Araççic Rohanacit fəxri qarovul dəstəsinin qarşısından keçib. Yakupitiya Kuruppu Araççic Rohanacit etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Yakupitiya Kuruppu Araççic Rohanacit Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Ölkələr arasında mədəni sahədə əlaqələrin mövcud olduğunu deyən səfir bu sahədə əməkdaşlığının daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Azərbaycan ilə Şri-Lankanın dost ölkələr olduğunu deyən dövlətn başçısı hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini qeyd edib. Prezident İlham Əliyev ölkələr arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı bu istiqamətdə ticarət dövriyyəsinin həcminin artırılmasının qarşıda duran ən mühüm məqsəd olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycan-Şri-Lanka əlaqələrinin inkişaf etdirilməsi baxımından səfirin ölkəmizdəki diplomatik fəaliyyətinin uğurlu olacağına ümidvar olduğunu bildirib.

Dövlət başçısı Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Şri-Lanka Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti