...

Məhkəmə terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə çərçivəsində aktivlərin dondurulması işlərinə də baxacaq

Siyasət Materials 8 Noyabr 2016 16:29 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli qanununun tətbiqi barədə fərman imzalayıb.
Məhkəmə terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə çərçivəsində aktivlərin dondurulması işlərinə də baxacaq

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli qanununun tətbiqi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən, Məcəllənin 305-ci maddəsinə (Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər) aşağıdakı məzmunda 305.1.14-cü bənd əlavə edilir:

“305.1.14. terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında.”.

Həmçinin Məcələyə aşağıdakı məzmunda 40-4-cü fəsil əlavə edilir:

“Fəsil 40-4. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında işlər üzrə icraat

Maddə 355-11. Ərizənin verilməsi

355-11.1. Müvafiq icra hakimiyyəti orqanı apardığı ilkin yoxlama nəticəsində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 19-1.4-cü maddəsində nəzərdə tutulmuş halları müəyyən etdikdə, fiziki və ya hüquqi şəxslərin aktivlərinin dondurulması üçün məhkəməyə müraciət edir.

355-11.2. Aktivlərin dondurulması barədə ərizə aktivlərin yerləşdiyi yer üzrə verilir.

Maddə 355-12. Ərizənin məzmunu

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizədə aktivlərin dondurulması üçün qanunda nəzərdə tutulmuş əsaslar, həmçinin aktivlər barədə məlumatlar və onlar haqqında məhkəməyə qədər görülmüş tədbirlər qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir.

Maddə 355-13. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi

355-13.1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

355-13.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

355-13.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

355-13.4. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

355-13.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir.

Maddə 355-14. Aktivlərin dondurulması ilə bağlı tədbirlərin ləğvi

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında qətnamə qəbul edildikdən sonra aktivlərin dondurulması üçün əsaslar aradan qalxdıqda, aktivləri dondurulmuş şəxsin və ya müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən məhkəmə tərəfindən 5 gün müddətində aktivlərin dondurulması tədbirlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti