...

Səfir: Azərbaycanda dini-mədəni müxtəliflik mühiti dövlət tərəfindən qorunur (FOTO)

Siyasət Materials 30 Noyabr 2016 17:17 (UTC +04:00)
Səfir Nərgiz Qurbanova Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetində mühazirə ilə çıxış edib.
Səfir: Azərbaycanda dini-mədəni müxtəliflik mühiti dövlət tərəfindən qorunur (FOTO)

Bakı. Trend:

Azərbaycanda qeyd olunan multikulturalizm ilinin təbliği çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetində tələbə və müəllim heyəti qarşısında “Azərbaycanda multikulturalizm” mövzusunda mühazirə ilə çıxış edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, multikulturalizm məfhumunun tarixi haqda məlumat verən səfir, Azərbaycanda multikulturalizmin həm cəmiyyətin dünya görüşündən irəli gələn dəyərin, həm də Ümummilli lider Heydər Əliyevdən başlayaraq dövlət ideologiyasının tərkib hissəsi olduğunu bildirib. Səfir davam edib ki, Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və cəmiyyətdə davamlı olaraq təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət tərəfindən qorunur.

N.Qurbanova geniş mənada multikulturalizm anlayışının insanların fərqli dini, etnik, mədəni, irqi mənsubiyyətə malik olmalarının dəyərləndirilməsi, tanınması və təşviqindən ibarət olduğunu qeyd edib. Tarixən multikulturalizmin Azərbaycan mədəniyyətinin fərqli cəhəti olduğunu xatırladaraq səfir Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi bu gün multikulturalizmin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olduğunu vurğulayıb. Müsəlman aləmində ilk dünyəvi demokratik dövlətin 1918-ci ildə məhz Azərbaycanda qurulduğunu bildirən səfir, dini, etnik mənsubiyyəti, cinsi və irqindən asılı olmayaraq bütün vətəndaşların ölkənin ictimai həyatında fəal iştirakı üçün şəraitin yaradıldığını diqqətə çatdırıb.

Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq modeli kimi qəbul olunduğunu qeyd edən N.Qurbanova hal-hazırda ölkəmizdə müsəlman, xristian, yəhudi və digər icmaların sərbəst fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Səfir 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə Azərbaycan tərəfindən Avropa Şurası üzv ölkələri və İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin mədəniyyət nazirlərini birləşdirən "Bakı prosesi" təşəbbüsünün irəli sürüldüyünü və prosesin mütərəqqi dialoq üçün faydalı platforma olduğunu qeyd edib. Son dövrdə ölkəmizdə Dünya Dini Liderlərinin Ümumdünya Sammiti , Bakı Beynəlxalq Humanitar Forumu, cari ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı ilə birgə Bakıda 7-ci Qlobal Forumun uğurla baş tutduğu və Bakı Bəyannaməsinin qəbul olunduğu söyləyən səfir növbəti ilin də bu kimi mötəbər hadisələrlə dolu olacağını qeyd edib və bu kontekstdə ölkəmizin 2017-ci ilin aprel ayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, may ayında isə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi barədə dinləyiciləri məlumatlandırıb.

Səfir Azərbaycan Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsinin mövcud olduğu, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyi, Mərkəz tərəfindən bolqar tələbələrinin də iştirak etdiyi beynəlxalq yay məktəbi layihəsinin həyata keçirildiyini və Mərkəzin dəstəyi ilə "Azərbaycanın Gənc Dostları Klubu" İctimai Birliyinin yaradıldığı barədə məlumat verib.

Səfir Azərbaycan hökumətinin ölkədəki bütün dini təsisat və ziyarətgahlara maliyyə dəstəyinin ayrılmasından söz açıb. Bu konteksdə səfir, ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini və onların maddi durumunun yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan maliyyə vəsaitin ayrılmasına diqqət çəkib.

Səfir Qafqazda ilk xristian kilsəsi olan, Şəki rayonunun Kiş kəndidə yerləşən "Müqəddəs Yelisey kilsəsi "nin tarixi barədə məlumat verib və məbədin Apostol Faddeyin tələbəsi Yelisey tərəfindən ucaldıldığını bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi barədə danışaraq səfir Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyündən bəhs edib. Səfir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində mövcud 876 tarixi, mədəni və dini abidələri Ermənistan tərəfindən məhv edilib.

Səfir ölkəmizdə etnik qrupların ana dili fənninin tədris proqramına daxil edildiyi, etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə, xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziya ilə birgə "Azərbaycan - doğma diyar" şüarı altında hər iki ildən bir Azsaylı Xalqların İncəsənəti festivalı keçirildiyini və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Azsaylı xalqların folkloru bölməsinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, "Multikulturalizm ili" çərçivəsində 2016-cı il ərzində Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi tərəfindən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda multikulturalizm” mövzusunda dəyirmi masa keçirilmiş, “Azərbaycan dili” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi ilə əlaqədar mərkəz səfirlik tərəfindən materiallarla təmin edilib, cari ilin dekabr ayında isə səfirlik, mərkəz və Bilik Fondunun birgə təşkilatçılığı ilə “Qədim Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizmin ənənələri” mövzusunda sərgi və elmi konfrans keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti