...

İlham Əliyev: Azərbaycanla Bosniya və Herseqovina arasında güclü siyasi əlaqələr region üçün əhəmiyyətli amildir (YENİLƏNİB)

Siyasət Materials 1 Dekabr 2016 13:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev: Azərbaycanla Bosniya və Herseqovina arasında güclü siyasi əlaqələr region üçün əhəmiyyətli amildir (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İkitərəfli münasibətlərin inkişafının və tərəfdaşlığın səviyyəsinin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələr arasında güclü siyasi əlaqələrin region üçün də əhəmiyyətli amil olduğunu deyib. Dövlət başçısı Bosniya və Herseqovinanın rəhbərləri ilə son illər çoxlu sayda səmimi, konstruktiv və dostluq ruhunda görüşlər keçirdiyini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın Azərbaycanda keçirəcəyi görüşlərdə siyasi əlaqələrin və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.

Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrin bir-birini həmişə dəstəklədiklərini qeyd edən Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı bütün təşəbbüslərdə daim qarşılıqlı dəstəyin zəruriliyini də vurğulayıb. Azərbaycanla Bosniya və Herseqovina arasında iqtisadi tərəfdaşlıq və sərmayə qoyuluşu ilə bağlı məsələlərə toxunan dövlət başçısı İlham Əliyev Bakir İzetbekoviç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri olarkən onunla Azərbaycan sərmayəsinin Bosniya və Herseqovinaya yatırılmasına dair səmərəli müzakirələr aparıldığını qeyd edib.

Prezident İlham Əliyev ölkələr arasında müvafiq sahələrdə idxal-ixrac imkanlarının müəyyənləşdirilməsi və qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyini diqqətə çatdırıb. Təkcə ölkəmiz və region üçün deyil, qlobal xarakter daşıyan enerji layihələrinə toxunan dövlət başçısı Bosniya və Herseqovinanın Azərbaycanın həyata keçirdiyi bu layihələrdə fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak öz növbəsində ölkələr arasında çox yaxşı əlaqələrin olduğunu vurğulayaraq münasibətlərin möhkəmləndirilməsində səmimi dostluq şəraitində keçən yüksək səviyyəli səfərlərin önəmini qeyd edib. O bildirib ki, qarşılıqlı səfərlərin əsas məqsədi əməkdaşlığın bütün əhəmiyyətli sahələrini əhatə etmək və ikitərəfli əlaqələri dərinləşdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti