...

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Siyasət Materials 3 Dekabr 2016 17:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Mövlud Çavuşoğlu dedi: “Mən buraya gəlməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım, dedim ki, cənab Prezident bizi qəbul edəcək. O dedi ki, cənab Prezidentə çoxlu salamlarım var və İlham qardaşımdan soruş, onun bir tapşırığı varmı?”

Türkiyə Prezidentinə möhkəm cansağlığı arzulayan dövlətimizin başçısı dedi: “Bilirsiniz ki, hörmətli Prezidentlə biz çox yaxınıq. Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır”. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif nazirliklərinin rəhbərləri arasında da sıx əlaqələrin mövcud olmasından məmnunluğunu ifadə etdi.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti