...

Lisenziyalar haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir

Siyasət Materials 5 Dekabr 2016 11:44 (UTC +04:00)
Azərbaycanda lisenziyalar haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.
Lisenziyalar haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda lisenziyalar haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə 602-1 (Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulması) maddəsinin əlavə edilməsi təklif olunub.

Dəyişiklik layihəsinə əsasən, “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulmuş məlumatların həmin qanunla müəyyən edilmiş müddətdə və qaydada lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə görə, vəzifəli şəxslər 5 yüz manatdan min manatafək miqdarında cərimə ediləcəklər.

Sahibkarın müraciəti əsasında lisenziya və icazə verən orqan tərəfindən səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verilməməsinə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki yardım göstərilməməsinə görə, vəzifəli şəxslərin 5 yüz manatdan min manatadək cərimə edilməsi nəzərdə tutulur.

Dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyesterlər və digər informasiya resursları) istifadə etməklə əldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə, vəzifəli şəxslər min manatdan beş yüz manatdək məbləğdə cərimə ediləcəklər.

Lisenziya və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyatı dövlət orqanı və müəssisələrinin tələb olunan rəyinin və verməli olduqları sənədlərin alınması üçün lisenziya və icazə verən orqan tərəfindən tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək cərimə ediləcəklər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti