...

Səfir: Azərbaycanda son 10 ildə yerli və xarici turistlər üçün yüksək şərait yaradılıb

Siyasət Materials 5 Dekabr 2016 13:38 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin nüfuzlu “Al Khaleej” qəzetinə müsahibə verib.
Səfir: Azərbaycanda son 10 ildə yerli və xarici turistlər üçün yüksək şərait yaradılıb

Bakı. Trend:

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin nüfuzlu “Al Khaleej” qəzetinə müsahibə verib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qəzetin iqtisadi blokunun jurnalisti Adnan Nəcm ilə müsahibədə səfir BƏƏ Vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl Maktumun və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq olaraq 2015-ci ilin aprel ayında Azərbaycana və 2016-cı ilin fevral ayında Ərəb Əmirliklərinə rəsmi səfərlərini xatırlayaraq, bu mühüm səfərlərin mövcud güclü ikitərəfli siyasi əlaqələrin, eləcə də ticari-iqtisadi əməkdaşlığın daha da artmasına töhfə verdiyini və bunun bəhrələrini artıq qarşılıqlı ticarət mübadiləsində, o cümlədən turizm sahəsində görmək mümkün olduğunu xüsusilə qeyd edib və bütün bunların ölkə rəhbərlərinin qarşılıqlı istəyindən qaynaqlandığını oxucuların diqqətinə çatdırıb.

2015-ci ildə əmtəə dövriyyəsinin həcminin 65 milyon ABŞ dolları həddində olduğunu bildirən Səfir D.Şikarov hər iki ölkədə fəaliyyət göstərən yüzlərlə şirkətin sayının get-gedə artdığını, eləcə də Azərbaycanın kənd təsərrüfatı, turizm və İT kimi istiqamətlərə özəl maraq verdiyini, Ərəb Əmirliklərinin isə kənd təsərrüfatı məhsullarını idxal etdiyini, o cümlədən turizm, İT, logistika və infrastruktur layihələrdə mütərəqqi təcrübəyə malik olduğunu əsas tutaraq, həmin rəqəmin cari il ərzində yüksələcəyini söyləyib. Eyni zamanda AR-BƏƏ Birgə İqtisadi Komissiyasının bu yaxınlarda keçiriləcək 6-cı iclasında mövcud imkanların əsaslı şəkildə müzakirə ediləcəyi, habelə Müştərək İnvestisiya Fondunun və Biznes Şuranın yaradılması imkanlarının da nəzərdən keçiriləcəyi nəzərə çatdırılıb.

Bununla yanaşı, səfir ölkəmizə səfər edən BƏƏ vətəndaşlarının orqanik kənd təsərrüfatı və qida sənayesi məhsullarından zövq aldıqlarını, bunun nəticəsidir ki, BƏƏ şirkətlərinin həmin məhsulların idxalına maraq göstərdiyini nəzərə alaraq, Əbu-Dabi, Dubay və ya Şarca şəhərində Azərbaycan ərzaq məhsullarının sərgisinin təşkil olunması yönündə müvafiq işlərin görüldüyünü və sərginin tezliklə keçiriləcəyinə ümidvar olduğunu deyib.

Turizm sahəsinə gəlincə, burada səfir D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin digər sahələrdə olduğu kimi, turizm sahəsinin də inkişafına və respublikamızın regionun turizm mərkəzinə çevrilməsinə xüsusi əhəmiyyət verdiyini oxucuların nəzərinə çatdıraraq, bu məqsədlə 4 təbiət fəslinin mövcud olduğu ölkəmizin turizm sektorunda yaradılmış və yaradılmaqda olan müasir mehmanxana infrastrukturu və təbii gözəllikləri haqda ətraflı bəhs edib, BƏƏ sərmayədarlarını Azərbaycan hökumətinin turizm sektorundakı əlverişli siyasətindən bəhrələnməyə dəvət edib.

2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Nazirlər Kabinetinin qərarını yada salan səfir bu qərarın nəticəsi olaraq cari ildə turistlərin sayının 2015-ci illə müqayisədə 20-25 dəfə artaraq 30-35 min nəfərə çatdığını, Dubay-Bakı-Dubay istiqamətlərində “Azərbaycan Hava Yolları” (AZAL) və “Fly Dubai” aviaşirkətləri tərəfindən həftəlik uçuşların sayının 4 dəfə artaraq 28-ə qədər yüksəldiyini və şimali Əmirliklərdən turist axınının artdığına görə 2017-ci ilin 16 mart tarixində Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Şarca-Bakı-Şarca istiqamətlərində ilk uçuşlara başlayacağını qeyd edib.

Ölkəmizdə gəzməli yerlər barədə jurnalistin sualına cavab olaraq, səfir son 10 il ərzində yerli və xarici turistlər üçün yaradılmış yüksək şəraitə toxunaraq, Naxçıvan, Qəbələ, Qusar, Quba, Şamaxı, Şəki və digər regionlarda mövcud təbii gözəlliklər fonunda möhtəşəm beşulduzlu mehmanxanaların, eləcə də istirahət zonalarının fəaliyyət göstərdiyini və orada gələn qonaqlara keyfiyyətli xidmətlərin təqdim olunduğunu qabardıb, Qəbələdə “Qafqaz” otellər şəbəkəsinin, Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin, Qubada “Quba Rixos” otelinin, Naxçıvanda müalicəvi turizm üçün yüksək beynəlxalq meyarlara cavab verən sanatoriyaların oralara səfər etmiş BƏƏ turistlərinin artıq rəğbətini qazandığını söyləyib. Həmçinin dini tarixi sevənlərə Naxçıvan şəhərində yerləşən Əshabi-Kəhf mağarasını ziyarət etmək tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti