...

UNESCO-da Qarabağ həqiqətlərindən danışılıb

Siyasət Materials 6 Dekabr 2016 16:04 (UTC +04:00)
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-nin nümayəndəsi UNESCO QHT Simpoziumunda Qarabağ həqiqətlərindən danışıb.
UNESCO-da Qarabağ həqiqətlərindən danışılıb

Bakı. Trend:

Noyabrın 28-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası baş tutub.

Trend-in məlumatına görə, sessiya çərçivəsində UNESCO-da akkreditasiyadan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə UNESCO QHT Simpoziumu keçirilib.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov simpoziumda “silahlı münaqişələrin mədəni irsə təsirləri” mövzusunda çıxış edib, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində Azərbaycanın mədəni irsinin erməni vandalizminə məruz qaldığını auditoriyanın diqqətinə çatdırıb.

İctimai Birliyin nümayəndəsi çıxışında, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşının məcburi köçkünə çevrildiyini, onların qeyri-maddi mədəni irsinin təcili qorunmağa ehtiyacı olduğunu qeyd edib. F.Qasımov, Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı proqram və layihələrin həyata keçirildiyini, bununla belə, erməni təcavüzünün, işğal olunmuş ərazilərdən köçkün düşmüş insanların mədəni irsinə böyük zərbə vurduğunu, zəngin ənənələrin daşıyıcıları olan məcburi köçkünlərin psixoloji, sosial və iqtisadi amillərin təsiri ilə mədəni irsin qorunmasında çətinliklərlə üzləşdiyini ifadə edib.

F.Qasımov, Ermənistanın işğalçı siyasətinin Qafqaz regionunda sülhə, sabitliyə təhlükə yaratdığını, bölgədə yaşayan xalqlar arasında mədəniyyətlərarası dialoq imkanlarını məhdudlaşdırdığını qeyd edib, Azərbaycan torpaqlarının işğalından sonra Ermənistanın, Azərbaycan və Türkiyə ilə bütün mədəni, iqtisadi əlaqələrini itirdiyini söyləyib.

“Aşıq Şəmşir” Mədəniyət Ocağı İctimai Birliyinin nümayəndəsi UNESCO QHT Simpoziumunda İctimai Birliyin, məcburi köçkünlərin mədəni irsinin qorunması sahəsində həyata keçirdiyi layihələrdən, tədbirlərdən danışıb və evlərini, yurd-yuvalarını itirmiş məcburi köçkünlərin, könüllü olaraq İctimai Birliyin həyata keçirdiyi mədəni tədbirlərdə iştirak etdiyini, zəngin ənənələrimizin yaşadılmasına böyük səy göstərdiyini diqqətə çatdırıb.

İctimai Birliyin nümayəndəsi F.Qasımov çıxışının sonunda qeyri-hökumət təşkilatlarının silahlı münaqişələrdən zərər çəkən insanların mədəni irsinin qorunmasına dair layihələr həyata keçirməsinin zəruriliyini vurğulayıb, QHT-lərin beynəlxalq əməkdaşlıq imkanlarını düzgün dəyərləndirməsinin dünyada sülhə xidmət edəcəyini söyləyib.

Xatırladaq ki, 2016-cı il iyunun 1-də UNESCO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə UNESCO-da məsləhətçi status verilib.

Qeyd edək ki, UNESCO-da akkreditasiyadan keçən QHT-lər hər il UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin sessiyasına dəvət olunur, UNESCO sessiyalarında müşahidəçi kimi müzakirələrdə iştirak edir, UNESCO Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə təklif və tövsiyələrini verir. Bununla yanaşı, sessiyadan əvvəl akkreditasiyadan keçən QHT-lərin simpoziumu keçirilir, simpoziumda müzakirə edilən mövzuların nəticələri haqqında qəbul edilən bəyanat UNESCO Hökumətlərarası Komitəsinin sessiyasında oxunaraq UNESCO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətləri təmsil edən nümayəndələrin diqqətinə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti