...

Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 8 Dekabr 2016 17:43 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb
Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov ATƏT Nazirlər Şurasının 23-cü iclasının mükəmməl təşkilatçılığına görə Frank-Valter Ştaynmayerə öz təşəkkürünü bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə etdilər və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi yollarına dair fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi haqqında həmkarına ətraflı məlumat verib.

E.Məmmədyarov etimad quruculuğu tədbirləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi kimi məsələlərin müzakirəsinin münaqişənin həlli ilə bağlı aparılan substantiv danışıqlar prosesi ilə sinxronlaşdırılmasının və onun tərkib hissəsi olmasının vacibliyini vurğulayıb.

Görüşdə həmçinin gündəlikdə olan digər məsələlər ərafında da ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti