...

Çikaqoda Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan bəhs olunub (FOTO)

Siyasət Materials 9 Dekabr 2016 04:07 (UTC +04:00)
İllinoys Beynəlxalq Ticarət Mərkəzində Şimali İllinoys Universitetinin Biznes Kollecinin təşkilatçılığı ilə "Keçmiş Sovet İttifaqı ölkələri: 25 il sonra" mövzusunda seminar keçirilib
Çikaqoda Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan bəhs olunub (FOTO)

Bakı. Trend:

Dekabrın 7-də ABŞ-ın aparıcı sənaye və maliyyə mərkəzi olan Çikaqo şəhərində yerləşən İllinoys Beynəlxalq Ticarət Mərkəzində Şimali İllinoys Universitetinin Biznes Kollecinin təşkilatçılığı ilə "Keçmiş Sovet İttifaqı ölkələri: 25 il sonra" mövzusunda seminar keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Çikaqoda fəaliyyət göstərən işgüzar və akademik dairələrin, eləcə də yerli ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Şimali İllinoys Universitetinin professoru Harri Lepinski çıxış edərək, Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa etmiş ölkələrin keçdiyi inkişaf yola nəzər yetirib, həmin ölkələrə münasibətdə ABŞ tərəfindən həyata keçirilən siyasət və mövcud imkanlardan danışıb. O, xüsusi olaraq, ölkəmizin regionda ABŞ-ın mühüm tərəfdaşı olduğunu qeyd edərək, Azərbaycana məxsus "Silk Way" aviaşirkəti tərəfindən bu ilin sentyabr ayından etibarən Bakı-Çikaqo istiqamətində hava yük daşımalarının həyata keçirməsinin əhəmiyyətini vurğuladı və bunun ikitərəfli ticarət əlaqələrinin inkişafı baxımından əlamətdar hadisə olduğunu söylədi.

Seminarda çıxış edən Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin nümayəndəsi Sərxan İsmayılov ölkəmizin müstəqilliyinin bərpasının önəm və əhəmiyyəti barədə danışmış, habelə Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat infrastrukturu layihələrindən söhbət açdı. O, son dövrlər ölkəmizdə iqtisadiyyatın diversifikasiyası və biznes mühitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən islahatlar, o cümlədən gömrük və vergi sistemindəki müsbət dəyişikliklər haqqında geniş məlumat verdi. Bu xüsusda, ötən gün dövlət başçısı tərəfindən milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edildiyi diqqətə çatdırdı. Eyni zamanda, ABŞ ilə ikitərəfli iqtisadi əməkdaşlığa toxunan diplomat bir neçə gün öncə Bakıda Azərbaycan-ABŞ biznes forumunun təşkil edildiyini xatırladaraq, onun iş adamları tərəfindən böyük maraqla qarşılandığını bildirdi.

Azərbaycanla yanaşı tədbirdə Qazaxıstan, Özbəkistan və Latviyanın müstəqillik illərində əldə etdiyi uğurlardan bəhs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti