...

Aydın Mirzəzadə: Heydər Əliyev fenomeni hər bir azərbaycanlı üçün mənəvi bir xəzinədir

Siyasət Materials 12 Dekabr 2016 15:19 (UTC +04:00)
Heydər Əliyev tək Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyətin tarixində böyük rol oynamış bir şəxsiyyətdir.
Aydın Mirzəzadə: Heydər Əliyev fenomeni hər bir azərbaycanlı üçün mənəvi bir xəzinədir

Bakı. Elçin Mehdiyev - Trend:

Heydər Əliyev tək Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyətin tarixində böyük rol oynamış bir şəxsiyyətdir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, ümummilli liderin fəaliyyəti Azərbaycan xalqının milli dirçəlişinə, öz hüquqlarını bərpa etməsinə, müstəqil, güclü, dünya birliyində nüfuz qazanmış bir Azərbaycan dövlətinin yaranmasına gətirib çıxardı:

“Eyni zamanda, ulu öndərin fəaliyyəti regionda sabitlik yaratmaqla yanaşı, dünyaya gənc bir dövlətin öz gücünə arxalanaraq, qüdrətli bir dövlət qurmaq təcrübəsini verdi. Heç də təsadüfi deyil ki, dünyanın müxtəlif regionlarında bu gün Heydər Əliyevin təcrübəsinə, onun siyasi fəlsəfəsinə çox böyük diqqətlə yanaşırlar, onu öyrənməyə çalışırlar”.

Millət vəkili qeyd edib ki, Heydər Əliyev ötən əsrdə sovet Azərbaycanına rəhbərlik edərkən geridə qalmış bir regionu SSRİ-nin inkişaf etmiş bir regionuna çevirə bildi: “1969-1982-ci illərdə Azərbaycanda 250 yeni müəssisə tikildi, 13 minə qədər azərbaycanlı gənc SSRİ-nin aparıcı ali məktəblərində təhsil aldı, Azərbaycanda 5 yeni universitet açıldı, mənzil fondu iki dəfə artdı, Azərbaycan mədəniyyəti və incəsənəti SSRİ və dünya səviyyəsində tanınmağa başlandı, Azərbaycanda sosial problemlərin həlli, insan faktoru Heydər Əliyevin diqqətində oldu”.

Deputat vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin böyük siyasətə qayıdışı, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə rəhbərlik etməsi məsələsi həmişə Azərbaycan cəmiyyətində ciddi müzakirə edilirdi: “Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə açdı. Azərbaycanda yeni, demokratik bir dövlət quruculuğu başladı. Azərbaycanda bazar münasibətlərinin hökmran olduğu yeni iqtisadiyyat formalaşdı, insan hüquq və azadlıqları cəmiyyətin aparıcı mövzusu oldu. Azərbaycan sürətlə beynəlxalq birliyə inteqrasiya olmağa başladı”.

A.Mirzəzadə bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətdə olduğu 10 il güclü, müstəqil Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğu bir dövr oldu: “Məhz həmin bünövrənin nəticəsidir ki, 2003-cü ildə hakimiyyətə gələn cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu davam etdirməklə Azərbaycanın qüdrətini daha da artırdı. Azərbaycan bu gün dünyanın nüfuzlu ölkələrindən biridir, Azərbaycan iqtisadiyyatını modernləşdirən, vətəndaşlarının sosial problemlərinin həllini daim diqqətdə saxlayan bir ölkədir. Heydər Əliyev fenomeni bu gün hər bir azərbaycanlı üçün mənəvi bir xəzinədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti