...

İslamabadda ümummilli lider Heydər Əliyevə həsr olunmuş konfrans keçirilib (FOTO)

Siyasət Materials 14 Dekabr 2016 08:05 (UTC +04:00)
Pakistan Prezidenti Məmnun Hüseynin rektoru olduğu Quaid-i-Azam Universitetinin və Azərbaycan Respublikasının Pakistandakı Səfirliyini birgə təşkilatçılığı ilə “Heydər Əliyev – müasir Azərbaycanın qurucusu və Azərbaycan-Pakistan münasibətlərində rolu” mövzusunda konfrans İslamabad şəhərində keçirilib
İslamabadda ümummilli lider Heydər Əliyevə həsr olunmuş konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Pakistan Prezidenti Məmnun Hüseynin rektoru olduğu Quaid-i-Azam Universitetinin və Azərbaycan Respublikasının Pakistandakı Səfirliyini birgə təşkilatçılığı ilə “Heydər Əliyev – müasir Azərbaycanın qurucusu və Azərbaycan-Pakistan münasibətlərində rolu” mövzusunda konfrans İslamabad şəhərində keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, konfrans ümummili lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və onun ruhuna Qurani-Kərimdən ayələrin oxunmasından sonra öz işinə başladı.

Konfransı ilk çıxışı ilə açan Universitetin Siyasət və Beynəlxalq Münasibətlər Bölməsinin direktoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis, doktor Zəfər Nəvaz Caspal 1990-cı illərdən bəri Azərbaycanla Pakistan arasında qardaşlıq və dostluq münasibətlərinin qurulduğunu qeyd etdi, rəhbəri olduğu bölmənin bütün ölkə miqyasında ən qabaqcıl bölmələrdən olduğunu, “Heydər Əliyev – müasir Azərbaycanın qurucusu və Azərbaycan-Pakistan münasibətlərində rolu” mövzusunda konfransın Quad-i-Azam Universitetində keçirilməsinin də Azərbaycan-Pakistan dostluğunun bir təzahürü olduğunu qeyd etdi.

Daha sonra çıxış edən “Sülh və Diplomatik Araşdırmalar” İnstitutunun prezidenti, həmçinin “Diplomatic İnsight” jurnalının redaktoru – Fərhad Asif Quad-i-Azam Universitetinin dünyada ilk 500, Asiya qitəsində isə ilk 100 universitet arasında olduğunu bildirdi. Xanım Asif ulu öndər Heydər Əliyevin M.K.Atatürk, M.Ə.Cinnah kimi dahi şəxsiyyətlərdən olduğunu, Heydər Əliyevin uzaqgörən siyasətçi, ölkəsinə ümid verən əsl lider və müasir Azərtbaycanın qurucusu olduğunu qeyd etdi. Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycanın iqtisadi inkişafından söz açan xanım, aparılan uğurlu xarici siyasət nəticəsində ölkənin 2012-13-cü illər ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini də vurğuladı. F.Asif rəhbərlik etdiyi İnstitutun kitabxanasında Nizami Gəncəvi və Heydər Əliyevə aid guşələrin mövcudluğu haqqında da konfrans iştirakçılarına məlumat verdi.

Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə mütəxəssis – Mehmud ul-Həsən Xan isə konfransda çıxış edərək, videoslaydlar əsasında Azərbaycanın sosial-iqtisadi nailiyyətlərini və Azərbaycan-Pakistan münasibətlərinə dair məlumatları konfrans iştirakçılarına təqdim etdi. Heydər Əliyevin siyasi fəlsəfəsinin üç təməl prinsipə: iqtisadi inkişaf, müstəqillyin möhkəmləndirilməsi, dövlətçiliyin bərpası prinsiplərinə əsaslandığını bildirən M.H.Xan ümummilli liderin dövründə ölkədə aparılmış demokratik islahatlar və Konstitusiyanın qəbulu, “Əsrin müqaviləsi”nin imzalanması və iqtisadi inkişaf, həmçinin sosial infrastrukturun gücləndirilməsindən danışdı. Natiq 1993-cü ildən sonra Azərbaycanın xarici siyasətində baş vermiş radikal dəyişikliklər və dünya ölkələri ilə normal münasibətlərin qurulması, eyni zamanda, Pakistanla müxtəlif sahələrdə qardaşlıq əlaqələrinin yaranmasında Heydər Əliyevin müstəsna rolunun olduğunu vurğuladı.

Ümummilli liderin digər fəaliyyətlərindən və xidmətlərindən söhbət açan natiq, Heydər Əliyevin Azərbaycanı beynəlxalq izolyasiya vəziyyətindən çıxardığını və ölkədəki daxili separatçılığa son qoyduğunu qeyd etdi.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Pakistandakı Səfiri Əli Əlizadə Azərbaycan tarixinin 35 illik dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Səfir Azərbaycanın müstəqilliyinin bərpası, möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun artmasında Heydər Əliyevin misilsiz xidmətlərini xatırlatmış, ümummilli liderin həyatını Azərbaycan xalqına həsr etdiyini vurğuladı.

Azərbaycan-Pakistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasında ulun öndərin əsaslı rolunu qeyd edən səfir, hər iki ölkənin bütün məsələlərdə bir-birinə həmrəylik göstərdiyini diqqətə çatdırdı. Ə.Əlizadə Azərbaycan və Pakistanın Kəşmir və Dağlıq qarabağ məsələsində bir-birlərini dəstəkləməsinin, 2005-ci ildə Pakistanda baş vermiş Kəşmir və Balakot zəlzələsi, daha sonra Sind əyalətində baş vermiş daşqın zamanı Azərbaycan tərəfindən göstərilən yardımların, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Müzəffərabad şəhərində qızlar üçün məktəbin tikilməsinin və həyata keçirilmiş digər humanitar-sosial yönümlü layihələrin həmrəyliyin bariz nümunələri və təzahürü olduğunu bildirdi. Əli Əlizadə konfransın keçirilməsinə yaradılan şəraitə görə Pakistan Hökümətinə, Universitet rəhbərliyinə və iştirakçılara öz təşəkkürünü bildirdi.

Ümummilli liderin həyat və fəaliyyətinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallar da konfrans zamanı sərgilənmiş, tələbələr arasında paylanmış və konfrans iştirakşıları üçün çay süfrəsi də təşkil edildi.

Konfrans iştirakçılar tərəfindən maraqla qarşılanmış və uğurla başa çatdı.

Həmçinin səfirlikdən Trend-ə bildiriblər ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın Pakistandakı Səfirliyində anılıb. Əvvəlcə Səfirliyin kollektivi ümummilli lider Heydər Əliyevin Səfirlikdəki büstü önünə çiçəklər qoymuş, xatirəsinə ehtiramlarını bildiriblər.

Səfirlikdə keçirilən tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə çıxış edərək ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə danışıb. Diplomat ölkəmizin müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub-saxlanmasında, beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolunu və xalqımız qarşısındakı unudulmaz xidmətlərini diqqətə çatdırılıb. Ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan inkişafın, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olduğunu vurğulamış, ulu öndərin həyat yolu və fəaliyyətinin, Azərbaycan-Pakistan əlaqələrinin yaranmasında göstərdiyi xidmətlərinin Pakistanda da gənc nəslin nümayəndələrinə tanıdılması istiqamətində aparılan işlərin davam edəcəyini bildirib. Səfir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulanıb.
Səfirliyimizin kollektivi həmçinin, İslamabad şəhərində yerləşən, bir çox dünya liderlərinin, o cümlədən, ulu öndər Heydər Əliyevin ağac əkdiyi Şəkərpariyan Parkına da baş çəkmiş, ulu öndərin əkdiyi ağaca qulluq göstərmiş, su veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti