...

Siyavuş Novruzov: Parklanma yerlərinə elə qiymət qoyublar ki, orada "siçanlar oynayır"

Siyasət Materials 16 Dekabr 2016 14:19 (UTC +04:00)
"Tarif Şurası avtomobillərin parklanma yerləri ilə bağlı vahid qiymət müəyyənləşdirməlidir".
Siyavuş Novruzov: Parklanma yerlərinə elə qiymət qoyublar ki, orada "siçanlar oynayır"

Bakı. Elçin Mehdiyev - Trend:

"Tarif Şurası avtomobillərin parklanma yerləri ilə bağlı vahid qiymət müəyyənləşdirməlidir".

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Novruzov bildirib: "Parklanma yerlərinə elə qiymət qoyublar ki, orada "siçanlar oynayır". Bəs bunlar nədən ötrü tikilib istifadəyə verilib? Hər saatına da bir manat ödəniş tələb olunur. Hər hansı şəxs gündə 8 saat olmaqla həftə ərzində beş gün işləyirsə, deməli, avtomobilini yaxınlıqda olan parklanma yerində saxlamağa görə həftədə 40 manat pul ödəməlidir. Bu, ay ərzində 200 manata yaxın pul edir. Deməli, bir vətəndaş avtomobilinin saxlanmasına görə əməkhaqqının 30-40 faizini ödəməlidir. Buna görə də heç kim orada maşın saxlamır. Məcbur olur ki, qadağan olunmuş yerlərdə saxlasın. Digər tərəfdən, hökumətin tikdiyi, təhvil verdiyi yer boş qalır. Ona görə də qiymətlərə baxmaq lazımdır. Kim hansı qiyməti istəyirsə, onu da müəyyənləşdirir. Bir ticarət obyektinin gəlirləri yaxşıdırsa, müştəriləri çoxdursa, parklanmanın saatını 2 manat edir. Digəri isə başqa qiymət müəyyənləşdirir. Bu baxımdan yeraltı parklanma yerlərinin istifadəsindən dövlətə gələn rüsum qeydiyyata alınmalıdır. Ödənilən vəsait də avtomoatik müəyyənləşdirilməli, dövlətə vergi verilməlidir. Kim parkomatı hara istəyirsə, ora da qoyur. Kim haradan istəyir, oradan da pul götürür. Bunun dövlətə xeyri yoxdur, əlavə olaraq yollarda tıxac yaradır, vətəndaşlara problem yaradır”.

Millət vəkilinin sözlərinə görə, elə qiymət müəyyənləşdirilməlidir ki, vətəndaşlar orada maşın saxlasınlar.

Spiker Oqtay Əsədov isə S.Novruzovun fikrinə münasibət bildirərkən deyib ki, xarici ölkələrdə ticarət mərkəzlərində parkomat yerlərinin çoxu pulsuzdur: “Bəzilərində isə pulludur. Ümumiyyətlə, bu məsələ mənə də aydın deyil. Bununla bir daha maraqlanarıq, dövlət təşkilatlarıdırsa, bununla bağlı müraciət hazırlayarıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti