...

Əli Həsənov: Bu gün dünyada formalaşan islamofobiya xəstəliyinin qurbanlarından biri də azərbaycanlılardır (YENİLƏNİB)

Siyasət Materials 21 Dekabr 2016 16:58 (UTC +04:00)
Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə istehsal etdiyi “İrəvan-gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimi keçirilib.
Əli Həsənov: Bu gün dünyada formalaşan islamofobiya xəstəliyinin qurbanlarından biri də azərbaycanlılardır (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə istehsal etdiyi “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, digər dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, bu gün təqdimatında iştirak etdiyimiz film ciddi bir layihədir. PA rəsmisi əlavə edib ki, bu, mühüm layihə olsa da, yetərli deyil:

“Burada böyük zəhmətlə bərpa olunan qədim İrəvan tarixinin, o cümlədən məscidlərin, abidələrin daha təkmil təsvirini verməliyik, onların daha aydın açıqcaları olmalıdır, onlarla bağlı buktletlər hazırlanmalıdır, turistlər arasında yayılmalıdır ki, qoy ermənilərin Azərbaycan tarixini necə məhv etdiyini bilsinlər. Xaricə gedən diplomatlarımız, xaricdə yaşayan soydaşlarımız, gənclərimiz bu filmin dünyada yayılmasında iştirak etməlidir”.

Ə.Həsənovun sözlərinə görə, bu gün böyük geosiyasi dairələr yeni müstəqillik qazanmış ölkələrin dünyada təbliğinə bilərəkdən çətinliklər yaradırlar ki, bu ölkələrin tarixi saxtalaşdırılsın.

Prezidentin köməkçisi əlavə edib: “Ümummilli lider Heydər Əliyev son 200 ildə Azərbaycan xalqına qarşı törədilən qırğınlar haqqında danışarkən deyirdi ki, ermənilərlə qonşuluq Azərbaycan qarşısında daima bir geosiyasi vəzifə qoyur ki, biz bunu unutmamalıyıq. Adətən qonşu ölkələr bir-birinin inkişafına töhfə verir, ancaq ermənilərlə qonşuluq bizə yalnız problemlər, mədəniyyətimizin dağıdılma təhlükəsi, təhlükəsizliyimizə təhdid yaradıb, eləcə də xalqımıza qarşı soyqırım törədilib. Bizim geosiyasi vəzifəmiz isə ermənilərdən tariximizi, mədəniyyətimizi, fiziki varlığımızı, gələcək inkişafımızı qorumaqdır. Bəzən biz xristian dünyasında ermənipərəst dairələrə başa salırıq, lakin onlar xristian-müsəlman ayrıseçkiliyi fonunda bizə şübhə ilə yanaşır. Ona görə də biz çox iş görməliyik ki, ermənilərin saxtakarlığını üzə çıxaraq”.

Ə.Həsənov deyib ki, bu gün dünyada qədim müsəlman şəhərlərinə və tarixi abidələrinə biganə münasibət müşahidə olunur:

"Bu çox təəssüfedicidir. Dünyadakı bir çox qədim müsəlman-türk şəhərləri və tarixi abidələri dağıdılıb. Bütün müsəlman şərqinin tarixi abidələri və qədim şəhərləri, o cümlədən Suriya ərazisində yerləşən Palmira şəhəri bombalarla dağıdılıb".

PA rəsmisi əlavə edib: "Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycandakı multikulturalizmə də baxın, Qərbdəki multikulturalizmə də. Bizim fərqimiz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqlara, müxtəlif dinlərin mənsublarına özümüz qədər hörmət edirik, sevgi ilə yanaşırıq. Ancaq Qərbin ən yaxşı cəhəti o idi ki, başqa dildən, dindən olanlara bir müddət dözümlülük göstərdilər. İndi daha ona da dözmürlər. Bu gün hər kəs bilir ki, Qərb ölkələri miqrantlara, qaçqınlara hansı münasibəti göstərir, onları didərgin salır, sərhədlərdə güllələyirlər. Sonra da dünyaya Qərb sivilizasiyasının tolerantlığını təqdim edirlər. Onların tolerantlığı məhz budur. Bu gün dünyada formalaşan islamofobiya xəstəliyinin qurbanlarından biri də biz azərbaycanlılarıq”.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev isə təqdim olunan yeni filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib.

N.Mehdiyev bildirib ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən ingilis, həmçinin Azərbaycan və rus dillərində istehsal olunan “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filmi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqətin ermənilər tərəfindən uzun illərdir gizlədilməyə çalışması haqqındadır:

“Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə sağlam şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir. İrəvanda bu gün bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, yer üzündən silinib. Filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk-müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyət, İrəvanda azərbaycanlıların mədəni irsinin məhv edilməsi, azərbaycanlıların İrəvandan köçürülməsi, müasir İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlar və təsvirlərlə bəhs edilir".

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus qeyri-maddi, mədəni tarixi abidələr məhv edilir:

“Bu vəhşiliklər daha əvvəllər İrəvanda, sonra Zəngəzur, Göyçə, Verdibasar və s. tarixi ərazilərdə baş verib. Ən böyük zərbə İrəvan şəhərinə vurulub. Dünyada bəlkə heç bir şəhər İrəvan qədər talan edilməyib. Yüzlərlə tarixi abidə məhv edilib. Qalan bir-iki abidə isə başqa millətlərə mənsubiyyəti ilə nümayiş etdirilir”.

Nazir vurğulayıb ki, bu gün təqdim edilən film elmi araşdırmaların geniş kütləyə çatdırılmasının uğurlu yoludur:

“Azərbaycan xalqı heç vaxt ermənilərin vəhşiliyini unutmayacaq. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpağımızıdır və biz azərbaycanlılar da o torpaqlara qayıdacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti