...

Səfir: Azərbaycan Aİ ilə münasibətlər üçün möhkəm zəmin yaradılmasında maraqlıdır

Siyasət Materials 9 Yanvar 2017 20:59 (UTC +04:00)
Trend səfir Fuad İsgəndərovun "EurActiv" xəbər portalına 2016-cı ilin yekunlarına dair müsahibəsini təqdim edir.
Səfir: Azərbaycan Aİ ilə münasibətlər üçün möhkəm zəmin yaradılmasında maraqlıdır

Bakı. Trend:

Trend Azərbaycanın Avropa İttifaqı (Aİ) yanındakı nümayəndə heyətinin rəhbəri, Azərbaycanın Belçikadakı səfir Fuad İsgəndərovun Avropa məsələlərini işıqlandıran "EurActiv" xəbər portalına 2016-cı ilin yekunlarına dair müsahibəsini təqdim edir

Avropa İttifaqı Azərbaycanla hərtərəfli müqavilə üçün danışıqlara başlayacaq. Məhz Azərbaycan ilkin sənəd layihəsini təqdim edən tərəf olub, elə deyilmi?

- Bəli, Azərbaycan Aİ tarixində tərəfdaş ölkə qismində sənəd layihəsi təqdim etməyə nail olan ilk ölkə olub. Bu əvvəllər baş verməyib, çünki adətən, Aİ sənəd layihəsini təqdim edir və sonra hər iki tərəf bunun üzərində işləyir. Beləliklə, bu, bizim etdiyimiz bir ilk idi. Bu niyə baş verdi? Çünki bizim münasibətlərin gələcəyinə dair fikrimiz ondan ibarət idi ki, onlar strateji səciyyə daşıyan və gələcəyə köklənən bərabərhüquqlu əlaqələr olmalıdır. Bunlar, Riqa Zirvə Görüşü zamanı Avropa Komissiyasına təqdim edilmiş yeni sənəd layihəsinin əsas elementlərindən idi. Məncə, bu kifayət qədər aydındır: Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində enerji, təhlükəsizlik, miqrasiyanın idarə edilməsi və digər müxtəlif sahələrdə Aİ-nin həqiqi tərəfdaşına çevriləcək. Biz bu əməkdaşlıqdan hər hansı möcüzə gözləmirik, bizim buna dair çox praqmatik yanaşmamız var. Anlamaq lazımdır ki, siyasi dialoqun bütün elementləri çox möhkəm əsaslara arxalanmalıdır. Məsələn, Avropaya gedən Cənub Qaz Dəhlizi bizim əməkdaşlıq üçün hazırda və gələcəkdə çox yaxşı təməl rolunu oynayır. Azərbaycan həm də coğrafi cəhətdən Asiya və Avropa üçün aşkar nəqliyyat mərkəzidir. Bu nöqteyi-nəzərdən, siyasi dialoq üçün çox möhkəm əsasımız var. Məncə, bu proseslər sinxronlaşdırılmalıdır və bu səbəbdən, Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən Azərbaycanla danışıqların aparılması üçün mandat verilməsi bizi sevindirir. Ümid edirik ki, danışıqlar tezliklə başlayacaq. Onlar çətin ola bilər, lakin əminəm ki, növbəti aylarda nəticələr bilinəcək.

- Siz Cənub Qaz Dəhlizindən danışdınız. Bu layihə ilə 2020-ci ildə Azərbaycan qazının Avropaya gətirilməsi gözlənilir və bu Şərqdən gələn qazla ilk həqiqi diversifikasiya olacaq. Siyasi və iqtisadi cəhətdən bu layihə nə qədər vacibdir?

- Əlbəttə, bu layihə hər iki tərəf, Aİ və Azərbaycan üçün çox önəmlidir. Mən, hətta “hər iki tərəf” demək istəmirəm. Əvvəlcə, bu, layihəyə cəlb olunmuş ölkələr və şirkətlər üçün əhəmiyyət daşıyır. Bu çox önəmlidir. İkincisi, bu həqiqi layihə idarəçiliyi məsələsidir. Şərq Tərəfdaşlığı, bir layihə kimi təsdiq olunub. Lakin, təəssüf ki, bir çox hallarda bu Aİ-nin altı Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli əməkdaşlıq istiqamətlərinin kompilyasiyası kimi görünür. Şərq tərəfdaşlığının ciddi proqram kimi işləməsi üçün bir sıra ölkələri birləşdirən layihələrə ehtiyac var ki, onun mövcudluğunu və uğurlu olduğunu göstərsin. Düşünürəm ki, Cənub Qaz Dəhlizi xüsusi nümunədir. Misal üçün, bu layihə iki Aİ ölkəsini (İtaliya və Yunanıstan), iki üzvlüyə namizəd ölkəni (Türkiyə və Albaniya), assosiativ tərəfdaş kimi Gürcüstan və enerji sahəsində strateji tərəfdaş olan Azərbaycanı əhatə edir. Dörd növ fərqli ölkələr cəlb olunub: üzv dövlətlər, üzvlüyə namizəd ölkələr, assosiativ tərəfdaş və gələcək strateji tərəfdaş. Bu həqiqi layihə idarəedilməsi nümunəsidir. Buna görə düşünürük ki, bu layihə həm də Şərq Tərəfdaşlığının uğuru üçün çox böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu həm də enerji barədə, doğma Avropanın gələcəyi barədədir. Bu bizim üçün də əhəmiyyətlidir, çünki enerji olmadan gələcəyi qurmaq olmaz. Biz bunu həm yeni ixrac bazarı, real gəlir üçün imkan və ən sonda, siyasi və praktik dialoq üçün çox yaxşı və möhkəm əsas kimi görürük.

- Beynəlxalq aləmdə Azərbaycan özünü multikulturalizm nümünəsi kimi nümayiş etdirir. İslamı və qaçqınları hədəf alan Avropadakı populizmə sizin ölkənizin münasibəti necədir?

Azərbaycan həqiqətən sivilizasiyaları və mədəniyyətləri birləşdirməyi bacaran ölkədir. Bu ölkə coğrafi cəhətdən sivilizasiyaların kəsişməsində yerləşir. Təəssüf ki, tarixdən göründüyü kimi, bir çox hallarda bu yolayrıcları döyüş meydanlarına çevrilir. Bizim halımızda isə, biz körpülər qurmağı bacardıq və buna çox sevinirik. Məncə, bizim mövcudluq modelimiz Avropalı dostlarımıza nümunə ola bilər. Çünki Azərbaycan dünyəvilik və Avropa yaşam tərzinin harmoniya olunduğu müsəlman çoxluğa malik bir ölkədir. Bu başqa ölkələr üçün çox çətindir, lakin bizim üçün deyil. Buna görə də, düşünürəm ki, Şərq tərəfdaşlarından biri kimi Azərbaycan təcrübəsi Avropalı dostlarımız üçün faydalı ola bilər. Əlbəttə, Avropa daxilində bir çox problemli məsələlər var, ancaq əminəm ki, Avropa sivilizasiyası yaşamağa davam edəcək. O, iki dünya müharibəsindən sonra dirçəlib və daha güclü olubdur. Öz tərəfdaşları ilə və Şərq qonşuluğundakı güclü əməkdaşlığını istifadə edərək, məncə, Aİ üzv dövlətləri bütün çətin maneələri dəf edəcək.

- Dağlıq Qarabağ münaqişəsi 25 ildir ki, həll olunmamış olaraq qalır. Bu ərazi Azərbaycana aid olsa da, azərbaycanlılar zorla qovulduğundan burada yalnız ermənilər yaşamaqdadır. Münaqişənin həllinə aparacaq dialoq üçün mümkün başlanğıcı nədə görürsünüz və sizcə, Avropa İttifaqı münaqişənin həllində daha böyük rol oynamalıdırmı?

- Əvvəlcə, münaqişəyə dair qeyd edim ki, Azərbaycan ərazisinin 20%-i digər ölkə Ermənistan tərəfindən işğal edilib. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var və işğal edilmiş ərazilərdə bir nəfər də azərbaycanlı yoxdur. Bu, Azərbaycan üçün böyük problemdir və biz dialoq vasitəsilə həll yolu tapmağa cəhd edirik. Biz daha çox diplomatik dialoqa üstünlük vermişik və bir çox hallarda, hər iki ölkənin müvafiq rəsmiləri arasında birbaşa görüşlər keçirilib. Bu davam edir, lakin danışıqlar prosesinə cəlb olunmuş ölkələrin məqsədləri fərqlidir. Ermənistan status-kvonu saxlamaq istəyir, digərləri isə bu vəziyyəti dəyişməyə çalışırlar, çünki Şərq Tərəfdaşlığına üzv ölkələrdən birinin digərinin ərazisini zəbt etməsi tamamilə qəbuledilməzdir. Fikrimcə, Avropa İttifaqının səsi bu məsələdə daha ucadan gəlməlidir. Bugünədək Avropa İttifaqı rəsmiləri və qurumları tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirən xeyli sayda qətnamələr və bəyanatlar qəbul olunub. Həm Aİ tərəfindən qəbul edilən yeni Qlobal Strategiyada, həm noyabrda keçirilmiş Xarici İşlər Şurasının nəticələrində də açıq-aşkar bəllidir ki, Aİ-yə daxil olan və olmayan bütün ölkələrin ərazi bütovlüyü və suverenliyinə dəstək verir. Bu bizim üçün çox önəmlidir. Digər ölkələrin nümunələrində, məsələn, Gürcüstan və Moldovada münaqişələrin həllinə Aİ birbaşa cəlb olunsa da, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində o bu rolu oynamır. Lakin istərdik ki, Aİ-nin beynəlxalq hüquqa uyğun olan dəqiq mövqeyinin şahidi olaq. Sevindirici haldır ki, indi biz bunu görə bilirik.

- Azərbaycanı ən kəskin tənqid edənlərdən biri Ermənistandır, lakin başqa tənqidçilər də var. İnsan haqları və mətbuat azadlığı ilə bağlı tənqidlərə nə cür cavab verərdiniz?

- Bilirsiniz, bu dünyada heç kəs mükəmməl deyil. Tənqidlərlə bağlı deyərdim ki, biz həqiqi və konstruktiv dialoqa hazırıq. Lakin biz, buradakı bəzi siyasətçilərin nümayiş etdirdiyi və tərəfimizdən dərhal reaksiya verilmiş günahlandırma və utandırma münasibətini qəbul edə bilmərik. Xatırlayırsınızsa, Azərbaycan və Avropa İttifaqı arasında parlamentlərarası münasibətlər bir ildən çox idi ki, dondurulmuşdu. Biz Avronestdə, parlament əməkdaşlıq komitəsində də iştirakımızı Avropa Parlamentinin 2015-ci ilin sentyabrında qəbul etdiyi qərəzli və ədalətsiz qətnamə ilə əlaqədar dayandırdıq. İlk növbədə biz başa düşdük ki, Avropa Parlamenti tərəfindən bizi dinləmək, mövqeyimizi anlamaq və demək istədiklərimizi eşitmək üçün hər hansı səy göstərilməyib. Daha sonra isə, cari ilin sentyabrında Parlament, Şura və Avropa Komisiyasından olan üzvlərdən ibarət xüsusi nümayəndə heyəti Bakıya səfər etdi, Avronest və parlament əməkdaşlıq komitəsinin həmsədrləri tərəfindən qəbul edilmiş bəyənatlar əsasında parlamentlərarası münasibətləri canladırmağa nail oldular. Problemləri dialoq vasitəsilə həll etməyin vacibliyini anlamaq çox önəmlidir. Əgər problemli məsələlərdən danışırıqsa, əmin deyiləm ki, Azərbaycanda problemli məsələlərin sayı, misal üçün bir çox Aİ-yə üzv ölkələrdə olduğundan daha artıqdır. Avropa ölkələrində bir çox hadisələr baş verib, lakin biz heç vaxt öz tərəfdaşlarımıza qarşı tənqidi yanaşmamışıq və ya baş verənlərdən istifadə edərək onları hansısa addımlar atmağa məcbur etməmişik. Tənqid etmək əvəzinə, həmişə bu problemlərin həllinə dəstək verməyə və konstruktiv dialoq aparmağa çalışmışıq. Bu səbəbdən də, siz qaçqınlarla bağlı problemli məsələlərə toxunanda, demək istəyirəm ki, biz dostlarımızı dəvət etməyə və öz təcrübələrimizi onlarla bölüşməyə hazırıq. Biz miqrasiya, terrorizmlə mübarizə, qeyri-qanuni miqrasiya, mütəşəkkil cinayətkarlıq məsələlərində əməkdaşlıq etməyə hazırıq və artıq birlikdə addımlar atmağa da başlamışıq. Bəli, biz bir-birimizi günahlandıra və əməkdaşlığı dayandıra bilərik, ancaq düşünmürəm ki, hazırki vəziyyət bunu tələb edir. Əgər çətinliklərimiz varsa, biz onları diplomatik yolla müzakirə edə bilərik və etmişik də. Oktyabr ayında Bakıda insan haqları üzrə altkomitənin iclası təşkil edildi və biz Aİ və Azərbaycanda olan bütün problemləri dost, səmimi və konstruktiv şəkildə müzakirə etdik. Fikrimcə, problemlərimizin həll yolunu tapmağın ən yaxşı vasitəsi budur.

- Enerji ixrac edən digər ölkələr kimi neftin qiymətinin qeyri-sabitliyi Azərbaycana da təsir etdi. Ölkənizin qeyri-neft və qaz sektorunun inkişafı ilə bağlı planları nədən ibarətdir?

- Bu yaxınlarda, Azərbaycanın postneft erası ilə bağlı yol xəritələri qəbul edildi. Növbəti illərdə iqtisadiyyatın diversifikasiyası Azərbaycan üçün ən ciddi prioritetlərdən biri olacaq. Əlbəttə ki, enerji sahəsindəki fəaliyyətlərimizə davam edəcəyik. Lakin iqtisadiyyatın inkişaf etdirilməsi üçün əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik, misal üçün, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət. Biz Aİ-dən olan dostlarımızla onların bu sahədə malik olduqları təcrübəni nəzərə alaraq davamlı və konstruktiv danışıqlar aparmaq istərdik. Onlar da öz növbəsində bu iqtisadi diversifikasiyanı necə həyata keçirə biləcəyimizlə bağlı fikirlərini bölüşə bilərdilər. Biz bunu həyata keçirməyə nail olacağıq və sizlər nəticəni tezliklə görəcəksiniz.

- Avropa Ittifaqının həm daxilində, həm də xaricində onu məhv etmək istəyən bir çox qüvvələr var. Azərbaycan üçün birbaşa Avropa İttifaqı ilə yoxsa ona üzv olan ölkələrlə ayı-ayrılıqda əməkdaşlıq etmək daha önəmlidir?

- Bu yanaşmanı hazırda bu cür ziddiyyətli formada qoymaq istəməzdik. Aİ-yə üzv ölkələrdən hər hansı ilə problemli ikitərəfli münasibətlərimiz yoxdur, hətta bəzi ölkələrlə strateji tərəfdaşıq. Ölkələrin bir çoxu ilə ikitərəfli müstəvidə müstəsna əməkdaşlıq və dostluq münasibətlərimiz var. Biz eyni zamanda, çoxtərəfli səviyyədə də ciddi əməkdaşlıq edirik. Biz hal-hazırda yardım axtarışında deyilik. İndi məqsədimiz daha çox texnologiya, təhsil layihələri və təcrübə sahəsində Avropa institutları ilə mübadilə aparmaqdır. Əmin deyiləm ki, Aİ institutları ilə əməkdaşlıq etmədən Cənub Qaz Dəhlizi kimi iri bir layihənin həyata keçirilməsi mümkün olaydı. Buna görə də Aİ qurumları ilə paralel olaraq üzv ölkələrlə də əməkdaşlıq etmək vacibdir və biz bunu edirik. Burada istər Aİ qurumları, istərsə də üzv ölkələrin daimi nümayəndəlikləri ilə gözəl dostluq əlaqələri qurmuşuq. Hər iki istiqamətdə də işləyirik. Aİ-nin hal-hazırda üzləşdiyi ciddi təhlükələrlə bağlı deyərdim ki, bu təhlükələrin bir qismi qonşuluqdan gəlir. Bu səbəbdən də avropalı dostlarımıza təklifimiz üzv ölkələr, qonşu ölkələr, xüsusilə qonşu müsəlman ölkələri ilə birgə əməkdaşlıq etməkdən ibarətdir. Azərbaycan doğma Avropanın dəyərlərini qorumaq naminə bu cür əməkdaşlığa hazırdır. Fikrimcə, əgər qərar verilibsə, biz bunu etməyə nail olacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti