...

Dövlət Departamentində yeni administrasiyanın xarici siyasəti müzakirə edilib (FOTO)

Siyasət Materials 18 Yanvar 2017 08:16 (UTC +04:00)
17 yanvar tarixində Dövlət Departamentində ABŞ-ın yeni administrasiyasından xarici siyasət gözləntilərə dair konfrans keçirilib
Dövlət Departamentində yeni administrasiyanın xarici siyasəti müzakirə edilib (FOTO)

Bakı. Trend:

17 yanvar tarixində Dövlət Departamentində ABŞ-ın yeni administrasiyasından xarici siyasət gözləntilərə dair konfrans keçirilib. Amerika Xarici Siyasi Xidməti Assosiasiyası (The Associates of the American Foreign Service Worldwide) tərəfindən təşkil edilmiş konfransın əsas məqsədi Vaşinqtonda akkreditə olunmuş diplomat və ekspertlərin iştirakı ilə məsələ üzrə fikir mübadiləsinin aparılması olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə natiq qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Sinqapurun ABŞ-dakı səfiri Aşok Kumar Mirpuri və tanınmış siyasi şərhçi Duqlas Makqreqor çıxış edib. Konfransda Dövlət Departamenti və Vaşinqtondakı düşüncə mərkəzlərinin nümayəndələri, habelə diplomatik korpusun təmsilçiləri də daxil olmaqla təqribən 150 nəfər iştirak edib.

Səfir E.Süleymanov öz çıxışında Azərbaycan-ABŞ mövcud münasibətlərinin tarixi barədə danışıb, son 8 ildə ABŞ-ın apardığı xarici siyasətin bu ölkənin bir çox müttəfiq və tərəfdaşlarını məyus etdiyini xatırladıb. O, yeni administrasiyanın ardıcıl, strateji yanaşma tətbiq etməklə suveren bərabərlik, qarşılıqlı hörmət və maraqlar əsasında öz tərəfdaşları ilə münasibətləri inkişaf etdirəcəyinə dair ümidini ifadə edib.

Konfransın sual-cavab hissəsində natiqlər iştirakçıların çoxsaylı suallarına cavab verib və xarici siyasi məsələlərə dair öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, 1960-cı ildə yaradılmış Amerika Xarici Siyasi Xidməti Assosiasiyası ən qədim qeyri-hökumət təşkilatlarından biri olmaqla əsas vəzifəsi ABŞ diplomatik icmasına dəstək verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti