...

Bahar Muradova: Hansı məktublara cavab tələb ediriksə, ona cavab yazılır

Siyasət Materials 19 Yanvar 2017 11:15 (UTC +04:00)
"Amma bizə gələn cavabların ümumi faizi çox azdır. Bu, həm komitəyə hörmətsizlik, həm də Milli Məclisə olan soyuq münasibətin göstəricisidir".
Bahar Muradova: Hansı məktublara cavab tələb ediriksə, ona cavab yazılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Milli Məclisin İnsan hüquqları komitəsinə edilən müraciətlər daha çox məhkəmə və Ədliyyə Nazirliyinin icra orqanları ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, komitəyə daxil olan müraciətlər aiddiyyəti dövlət qurumlarına, nazirliklərə göndərilir:

"Amma bizə gələn cavabların ümumi faizi çox azdır. Bu, həm komitəyə hörmətsizlik, həm də Milli Məclisə olan soyuq münasibətin göstəricisidir. Halbuki Konstitusiyaya görə, göndərilən məktub və ya sorğu 15-30 gün müddətində cavablandırılaraq, şikayətçi və ya təşkilata göndərilməlidir. Bu kimi hallar baş verdikdə vətəndaşlar Milli Məclisdən incik düşürlər. Vətəndaşlar məktublarını bizə təqdim etdikləri üçün elə düşünürlər ki, komitə onların hüquqlarını tam şəkildə müdafiə edən təşkilatdır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova isə bildirib ki, komitəyə daxil olan məktubların hamısı aiddiyəti üzrə qurumlara cavab tələb etmək üçün göndərilmir:

“Bu baxımdan Milli Məclisdən gedən məktublarla gələn cavablar arasındakı fərq parlament tərəfindən göndərilən müraciətlərə diqqətsiz yanaşıldığını sübut etmir. Bu, qətiyyən belə deyil. Ona görə, biz nə öz işimizi, nə cəmiyyətin, nə hökumətin, nə də dövlətin münasibətini bu qədər dar çərçivəyə sala bilmərik. Biz hansı məktublara cavab tələb ediriksə, ona cavab yazılır. Əgər məsələ ilə bağlı hansısa narahatlıq, problem varsa, o zaman vətəndaş növbəti qəbulda yenə gəlir. Lakin çox nadir halda, bizim müraciətimizdən sonra məsələyə diqqətsiz yanaşıldığı barədə bizə növbəti dəfə müraciət edilir. Bu baxımdan bildirmək istəyirəm ki, həm Milli Məclisə, həm də millət vəkillərinin sorğularına olan münasibət yüksək səviyyədədir. Mən şəxsən bizim müraciətlərə göstərilən diqqətdən razıyam. Əlbəttə ki, 100 faiz razı olmaq mümkün deyil. Bu da digər məsələlərlə bağlıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti