...

Elman Nəsirov: Azərbaycanın məcburi köçkünlərlə bağlı siyasəti digər dövlətlərə nümunə göstərilir

Siyasət Materials 24 Yanvar 2017 13:26 (UTC +04:00)
Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün çox müsbət tədbirlərdəndir.
Elman Nəsirov: Azərbaycanın məcburi köçkünlərlə bağlı siyasəti digər dövlətlərə nümunə göstərilir

​Bakı. Samir Əli - Trend:

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün çox müsbət tədbirlərdəndir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu fərman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin həyat tərzini daha da yaxşılaşdıracaq: "Əvvəllər bu qrupa aid olan şəxslər məcburi köçkünlərə ayrılan kommunal xidmətlər üçün nəzərdə tutulan limitləri təsdiqlətmək, məcburi köçkün və onlara bərabər şəxs olduğunu sübut etmək üçün aidiyyəti qurumlara arayışlar təqdim edəndən sonra həmin limitlərdən istifadə edə bilirdilər. Amma bu fərmandan sonra həmin arayışlara ehtiyac qalmayacaq. Artıq həmin məbləğ hər kəsin plastik kartına yüklənəcək. Əvvəllər həmin şəxslərə plastik kart vasitəsilə yalnız yemək pulu ödənilirdisə, indi kommunal xidmətlərin pulu da həmin karta köçürüləcək. Bu, prosesi bir az da asanlaşdıracaq. Bu fərman bir daha onu göstərir ki, Azərbaycan dövlətinin siyasəti sosial yönümlüdür. Hətta 2017-ci ilin dövlət büdcəsi bir qədər yığcam olsa da, həmin büdcənin 40,3 faizi sosial yönümlüdür".

E.Nəsirov bildirib ki, Azərbaycan dövlətinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərlə bağlı yürütdüyü siyasət hətta BMT səviyyəsində qəbul olunub və bu siyasət digər dövlətlərə nümunə göstərilir: "Cənab prezidentin imzaladığı bu fərman da həmin siyasətin davamıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti