...

Vüqar Rəhimzadə: Cocuq Mərcanlı kəndinin bərpası Ali Baş Komandanımızın vədinə sadiqliyinin təsdiqidir

Siyasət Materials 25 Yanvar 2017 16:59 (UTC +04:00)
Cocuq Mərcanlı kəndinin bərpası Ali Baş Komandanımızın vədinə sadiqliyinin təsdiqidir.
Vüqar Rəhimzadə: Cocuq Mərcanlı kəndinin bərpası Ali Baş Komandanımızın vədinə sadiqliyinin təsdiqidir

Bakı. Trend:

Ötən gün Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncam ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Sərəncamda qeyd edilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, düşmən işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzalanan Sərəncam Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin hər zaman xalq qarşısında verdiyi vədlərə sadiqliyini nümayiş etdirir:

“13 ildir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Ölkəmiz demək olar ki, qarşıya qoyulan bütün hədəflərə çatıb. Təbii ki, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin əsas istiqaməti məhz Dağlıq Qarabağ münaqişəsinin həllidir. Artıq uzun illərdir ki, bu istiqamətdə danışıqlar gedir, sülhün əldə olunması, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı mühüm işlər görülür. Lakin işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi və digər subyektiv səbəblərdən hələ də ciddi irəliləyiş əldə edilməyib. Ancaq dövlət başçısı bütün çıxışlarında qətiyyətlə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Hesab edirəm ki, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzalanan Sərəncam Ali Baş Komandanımızın qətiyyətli siyasətinin təsdiqidir.”

V.Rəhimzadənin sözlərinə görə, Prezidentin Sərəncamı ilə qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına böyük qayıdışının əsası qoyuldu:

“Bu qələbə Azərbaycan əsgərinin, xalqımızın qələbəsidir. Məhz güclü ordumuzun cəsarəti, peşəkarlığı nəticəsində ötən ilin aprel ayında düşmən təxribatının qarşısı alındı və minlərlə hektar ərazi işğaldan azad edildi. Ali Baş Komandanın bəyan etdiyi kimi, aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Sərəncamda qeyd edildiyi kimi, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Şübhəsiz ki, Cocuq Mərcanlı kəndi tezliklə bərpa ediləcək və illərdir ki, torpaq həsrətində olan soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar.Prezidentin qətiyyətli və ardıcıl siyasəti hər birimizdə əminlik yaradır ki, işğal olunmuş torpaqlarımız son qarışına kimi düşmən tapdağından azad ediləcək. O gün uzaqda deyil...”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti