...

Səyavuş Heydərov: Xarici siyasi dairələrin radikallardan istifadə etməsi ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir (MÜSAHİBƏ)

Siyasət Materials 27 Yanvar 2017 08:03 (UTC +04:00)
İstənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai və milli təhlükəsizlik risklərini artıra bilər.
Səyavuş Heydərov: Xarici siyasi dairələrin radikallardan istifadə etməsi ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir (MÜSAHİBƏ)

Bakı. Elçin Mehdiyev – Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi

- Səyavuş müəllim, ötən il Azərbaycanda dini radikalizm və ekstremizmə qarşı aparılmış inzibati mübarizəni necə dəyərləndirərdiniz? Hansı işlər görüldü, nə kimi nəticələr əldə olundu?

- İstənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai və milli təhlükəsizlik risklərini artıra bilər. Hətta bəzən müəyyən xarici siyasi dairələrin radikallardan istifadə etməsi və bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmaq üçün süni şəraitin formalaşdırılması həmin ölkələr üçün ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir. Məhz ona görə də ideoloji sahə ilə yanaşı, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və inzibati tədbirlərin görülməsi radikalizmlə mübarizədə əsas məsələlərdən sayılır.

Azərbaycan Respublikası bu sahədə kifayət qədər geniş qanunvericilik bazasına malikdir. Xüsusilə, 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsi problemlə mübarizədə çevik və koordinasiyalı fəaliyyət üçün geniş imkanlar yaradıb. Bu qanun dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının, eləcə də vətəndaşların hüquq və vəzifələrini təsbit edir.

Qanuna əlavələrin edilməsi dini radikalizm və ekstremizmə qarşı mübarizənin daha təkmil mexanizmini formalaşdırıb

Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, eləcə də “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq əlavələrin edilməsi dini radikalizm və ekstremizmə qarşı mübarizənin daha təkmil mexanizmini formalaşdıraraq, dövlətin bu sahədə konkret mübarizə taktikasını səciyyələndirib. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsində dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması ilə bağlı müddəalar öz əksini tapıb. Bu maddəyə görə, fiziki şəxslərə min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Eləcə də, İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsində dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması ilə bağlı müddəalar yer alır. Bu maddəyə əsasən, inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

- İnzibati tədbirlər çərçivəsində icazəsiz dini ədəbiyyatların yayılması istiqamətində hansı işlər görülüb?

Fəaliyyətimizin əsas istiqamətlərindən biri icazəsiz dini ədəbiyyatların yayılmasının qarşısının alınmasıdır

- Ümumiyyətlə, radikalizmlə mübarizədə fəaliyyətimizin əsas istiqamətlərindən biri qanunsuz dini ədəbiyyat və materialların ölkə vətəndaşları arasında yayılmasının qarşısının alınmasıdır. Məlumdur ki, dini məzmunlu materialların müvafiq qanunvericiliyə uyğun ekspertizasının aparılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə aiddir. Yalnız ekspertizanın nəticəsinə uyğun olaraq, müvafiq müsbət rəy əsasında, eləcə də nəzarət markası ilə markalanma həyata keçirildikdən sonra dini məzmunlu materiallar ölkə ərazisində yayıla bilər. Lakin radikal təmayüllü şəxslər qanunvericiliyin tələblərini pozaraq özündə zərərli məlumatları ehtiva edən dini materialları yaymağa cəhd göstərirlər. Bu məqsədlə ötən ildə dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar, dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində tədbirlər davam etdirilib. Belə ki, ötən ildə 383 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Eləcə də, qeyd edim ki, ötən ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və Masallı rayonunda dini təyinatlı materialların satışını həyata keçirən 40 mağazada müvafiq monitorinqlər keçirib. Qeyd olunan mağazalarda aşkarlanan pozuntulara görə 12 mağaza sahibi məhkəmənin qərarı ilə ümumilikdə 53 500 manat məbləğində cərimə edilib. 17 mağaza sahibi barədə İnzibati Xətalar Məcəlləsinin 516.0.2-ci maddəsi (“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və ya video materialların, mal və məmulatların, yaxud dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması – red.) ilə məhkəmə araşdırması, eləcə də 2 mağaza sahibi barədə polis orqanları tərəfindən təhqiqat davam edir. Həmin mağazalardan və digər yerlərdən götürülmüş dini ədəbiyyatların dinşünaslıq ekspertizası aparılıb. Ümumilikdə dinşünaslıq ekspertizasına göndərilmiş 856 adda dini ədəbiyyata baxılaraq, onlardan 394 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşdirilib.

Səyavuş Heydərov: Ölkəyə gətirilən, yaxud ölkə ərazisində çap olunan dini ədəbiyyatların milli müəlliflərimizin məhsulları ilə əvəz edilməsi vacibdir (MÜSAHİBƏ)

Səyavuş Heydərov: Ölkəyə gətirilən, yaxud ölkə ərazisində çap olunan dini ədəbiyyatların milli müəlliflərimizin məhsulları ilə əvəz edilməsi vacibdir (MÜSAHİBƏ)

Məlumat üçün bir daha bildirmək istəyirəm ki, Cinayət Məcəlləsinin 167-2-ci maddəsinə əsasən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədilə idxal etmə, satma və ya yayma - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum edilməklə cəzalandırılır.

- Bəs qanunsuz fəaliyyət göstərən dini obyektlərlə bağlı hansı işlər görülüb?

- Ötən müddətdə yerli icra strukturları ilə birgə qeyri-qanuni olaraq dini ibadət yeri kimi fəaliyyəti aşkarlanan obyektlərlə bağlı müvafiq inzibati tədbirlər davam etdirilib. Keçirilən inzibati tədbirlərin bir neçəsini nümunə kimi qeyd edə bilərik. Məsələn, hüquq-mühafizə orqanları ilə birgə təkcə Göyçay rayonunun üç kəndində qanunsuz ibadətgah kimi fəaliyyət göstərən ünvanlara baxış zamanı aşkar olunmuş 130 ədəd dini ədəbiyyatdan 72-nə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən idxalına və ya nəşrinə müvafiq icazənin verilmədiyi müəyyən edilib. Baxış zamanı, həmçinin icazəsi olmayan 127 ədəd disk, 3 ədəd videokaset aşkarlanaraq götürülüb. Xüsusilə, Bakı, Şəki, Mingəçevir şəhərləri və Zaqatala, Şamaxı, İsmayıllı rayonlarında mövcud olan belə dini obyektlərin fəaliyyəti dayandırılıb.

Qanunsuz dini kursların fəaliyyətinin aşkarlanması istiqamətində də işlər görülüb. Bakı və Mingəçevir şəhərlərində aşkarlanmış belə kursların fəaliyyəti dayandırılıb.

Həmçinin, missionerlik fəaliyyətinin qarşısının alınması ilə bağlı keçirilən tədbirlər zamanı Zaqatala rayonunda üç nəfər Cənubi Koreya vətəndaşı saxlanılıb. Araşdırma zamanı həmin şəxslərin missionerlik fəaliyyəti müəyyənləşdirilərək, onların ölkədən deportasiya olunması üçün aidiyyəti qurumlara müraciət edilib.

Dini icmaların fəaliyyət qaydasının pozulması hallarının aşkarlanması istiqamətində də tədbirlər görülüb. Səbail rayonunun Badamdar qəsəbə dini icmasına baxış zamanı “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin pozulduğu aşkarlanıb. Həmin ünvandan Dövlət Komitəsinin müvafiq razılığının olmadığı dini təyinatlı məlumat materialları aşkarlanaraq götürülüb.

Eyni zamanda, Dövlət Komitəsi mütəmadi olaraq kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən monitorinqlərin aparılması istiqamətində fəaliyyətini davam etdirir. Ötən müddətdə bəzi saytlar vasitəsilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn məlumatların yayılması halları aşkarlanıb. Həmin faktlar barədə müvafiq qaydada tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.

- Xaricdə dini təhsil alanların ölkədə din xadimi kimi fəaliyyət göstərməsi üçün hər hansı perspektiv varmı?

- Apardığımız təhlillər göstərir ki, qeyri-qanuni şəkildə xaricdə dini təhsil almış şəxslərin bir hissəsi təhsil aldıqları ölkələrin dövlət-din modellərinin yayılması istiqamətində fəaliyyətə cəlb olunub. Nardaran və digər analoji hadisələrin təhlilinə əsaslanaraq qeyd edə bilərik ki, dini mühitdə aktivlik göstərən, xüsusilə dövlətçilik əleyhinə keçirilən “tədbirlər”də təşkilatçı qismində çıxış edən şəxslərin mütləq əksəriyyəti vaxtı ilə xaricdə qeyri-qanuni yollarla dini təhsil almış gənclərdir. Ona görə də bu gün Azərbaycanda xarici ölkələrdə dini təhsil alanların sayının azalması fonunda gənclər arasında yerli ali dini tədris müəssisələrinə rəğbət hissi formalaşdırılır və müvafiq islahatların aparılması istiqamətində iş görülür.

Xaricdə dini təhsil alanların ölkədə din xadimi kimi fəaliyyət göstərməsi üçün hər hansı perspektiv yoxdur

Hazırda xaricdə dini təhsil alan şəxslərin ölkədə din xadimi kimi fəaliyyət göstərməsi üçün hər hansı perspektiv yoxdur. Belə ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 21-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin keçirilməsi qadağandır.

Biz, eyni zamanda düşünürük ki, xaricdə dini təhsil almış şəxslərin dini ayinlərin icrasına məhdudiyyət qoyulması barədə qanunvericiliyə edilmiş dəyişikliklərlə əlaqədar həmin kontingent arasında neqativ proseslərin cərəyan etməsini nəzərə alaraq, onların dini sahədə fəaliyyətləri istisna olmaqla, cəmiyyətə inteqrasiya mexanizminin hazırlanması və tətbiq edilməsi üzrə yerli icra strukturları ilə birgə zəruri tədbirlərin həyata keçirilməsi məsələsi də aktuallıq kəsb edir.

Eləcə də xaricdən qaynaqlanan zərərli dini-ideoloji təlimin aktiv radikal təbliğatı və təşkilatçılığı ilə məşğul olan konkret şəxslərin fəaliyyətinin neytrallaşdırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birgə profilaktik tədbirlərin görülməsi davam etdirilməkdədir.

Onu da bildirmək istəyirəm ki, yuxarıda göstərilən maddələrin tətbiqi konkret hüquq pozuntusu baş verdiyi hallarda, yaxud müvafiq şikayətçinin müraciəti əsasında reallaşdırılır. Lakin təcrübə göstərir ki, dini radikal təmayüllü hadisələrin dinamik inkişafı fonunda inzibatçılıq baxımından bəzən gecikmələrə yol verilir. Bu da hüquqi müstəvidə müəyyən boşluqların mövcudluğuna dəlalət edir. Təbii ki, zamanın tələblərinə uyğun olaraq bu sahədə qanunvericiliyin daim təkmilləşdirilməsi vacib məsələlərdəndir.

Ümumiyyətlə, ötən ildə hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə dini radikalizmlə mübarizə istiqamətində 50-dən artıq tədbir həyata keçirilib.

Ümumilikdə, görülən bu inzibati tədbirlərdə effektivliyə nail olunmasının başlıca səbəbi koordinasiyalı fəaliyyətdir. İstər icra strukturları, istərsə də hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə daim məlumat mübadiləsinin həyata keçirilməsi işimizdə çevikliyi daha da artırıb və müəyyən olunan problemlərin qısa müddətdə aradan qaldırılmasına geniş imkanlar yaradıb.

Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti