...

Azərbaycanın Bolqarıstandakı səfirliyində ziyafət təşkil olunub (FOTO)

Siyasət Materials 27 Yanvar 2017 17:56 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı səfirliyində Bolqarıstanın aparıcı qeyri-hökumət təşkilatlarından olan “Uşaqlarımız üçün” Fondunun təşkil etdiyi xeyriyyə hərracında səfirlik tərəfindən irəli sürülmüş təklif çərçivəsində ziyafət təşkil edilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyində ziyafət təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfirliyində Bolqarıstanın aparıcı qeyri-hökumət təşkilatlarından olan “Uşaqlarımız üçün” Fondunun təşkil etdiyi xeyriyyə hərracında səfirlik tərəfindən irəli sürülmüş təklif çərçivəsində ziyafət təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ziyafətdə “Uşaqlarımız üçün” Fondunun icraçı direktoru İvanka Şalapatova, hərracda ən yüksək məbləğ təklif edərək səfirlikdə təşkil olunan ziyafətdə iştirak imkanını əldə etmiş “Petar Duçev” Dental Klinikanın rəhbəri Petar Duçev və klinikanın digər əməkdaşları Tsvetelina Duçeva, Tanya Mirçeva və Qabriela Xristova iştirak ediblər.

Səfir Nərgiz Qurbanova qonaqlara bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlər qurulmasının 25 illiyinin qeyd olunacağını, bu çərçivədə səfirlik tərəfindən silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırmışdır. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıqdan məmnunluğunu bildirən səfir ötən il ərzində yüksək və ən yüksək səviyyədə qarşılıqlı səfərlərin baş tutduğunu xatırlayıb.

İ.Şalapatova rəhbərlik etdiyi “Uşaqlarımız üçün” Fondunun fəaliyyəti barədə məlumat verərək fondun əsas fəaliyyət istiqamətinin tərk edilmiş uşaqların dəstəklənməsinə yönəldiyini bildirib. Ölkəsinin bu sahədə Aİ daxilində qabaqcıl ölkələrdən olduğunu vurğulayan direktor Azərbaycanla bu sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirilə biləciyini qeyd edib.

Səfir Azərbaycanda uşaq hüquqlarının müdafiəsinin prioritet istiqamətlərdən olduğu, ölkəmizdə bu sahədə məsul qurum olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2006-cı ildə yaradıldığı, eləcə də Komitəsinin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, o cümlədən ölkəmizin ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş uşaqlara dövlət dəstəyi barədə məlumat verib. N.Qurbanova ötən ilin 5-6 aprel tarixində Sofiyada Bolqarıstanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsinə sədrliyi çərçivəsində AŞ-ın Uşaq hüquqları üzrə 2016-2021-ci illər üzrə Strategiyasının qəbul olunmasına həsr olunmuş yüksək səviyyəli konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyini, səfər çərçivəsində A.Sofiyevanın Bolqarıstanın Uşaqların müdafiəsi üzrə Dövlət Agentliyinin sədri Eva Jeçeva ilə görüş keçirdiyini xatırladıb.

Azərbaycanın zəngin mətbəxinin olduğunu vurğulayan səfir Azərbaycanda lavaş bişirmə ənənəsi barədə məlumat verərək əlavə edib ki, 2016-cı il 28 noyabr- 2 dekabr tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən çoxmilli nominasiya şəklində YUNESKO-ya birgə təqdim edilən “Nazik çörək hazırlama və paylaşma mədəniyyəti: lavaş, katrıma, yupka, yufka” faylı YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə siyahısına daxil edilib.

Qeyd edək ki, 26 oktyabr 2016-cı il tarixində Səfirlik Bolqarıstanın aparıcı qeyri-hökumət təşkilatlarından olan “Uşaqlarımız üçün” Fondunun təşkil etdiyi xeyriyyə gecəsində iştirak edib. Tədbirdə iştirak edən diplomatik nümayəndəliklərdən töhfə olaraq hərraca ölkələrinin mədəniyyəti, tarixi və ya mətbəxini nümayiş etdirən əşya ianə etmək və ya müvafiq səfirlikdə ziyafət təşkil etmək xahiş olunub. Hərracda Azərbaycanın Bolqarıstandakı səfirliyinin səfirlikdə ziyafət təşkil etmək təklifi maraqla qarşılanıb və bu kateqoriyada toplanılmış vəsait baxımından səfirlik ikinci yer, hərracda ilk dəfə iştirak edən ölkələr arasında isə birinci yer tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti