...

Bəxtiyar Əliyev: Lapşin əməllərinə görə məhkəmə qarşısında cavab verəcək

Siyasət Materials 9 Fevral 2017 10:58 (UTC +04:00)
Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiyası beynəlxalq hüquq normalarına uyğundur.
Bəxtiyar Əliyev: Lapşin əməllərinə görə məhkəmə qarşısında cavab verəcək

Bakı. Samir Əli - Trend:

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiyası beynəlxalq hüquq normalarına uyğundur.

Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, A.Lapşin Azərbaycan qanunlarını pozub, qeyri-qanuni hərəkətlər edib: "O, Azərbaycana qarşı qanunvericilikdə cinayət təqibi nəzərdə tutulan çağırışlar edib. Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı materialları Belarus tərəfinə təqdim edib. Belarusda məsələyə qanun çərçivəsində baxılaraq müəyyən edilib ki, Lapşin cinayət əməli törədib və bu əməllərin istintaqının aparılması üçün dövlətlərarası sazişə və beynəlxalq hüquq normalarına uyğun olaraq, o, Azərbaycana ekstradisiya olunmalıdır. Azərbaycanda Lapşin ədalət mühakiməsi qarşısında cavab verəcək. Məhkəmə müəyyən edəcək ki, Lapşin hansı cinayət əməlini törədib və buna uyğun da qərar qəbul ediləcək".

Millət vəkili deyib ki, bu prosesdə heç bir qanun pozuntusu yoxdur və Azərbaycan daim beynəlxalq hüquq normalarına əməl edir: "Amma Azərbaycandan fərqli olaraq, Ermənistan və onun himayədarları hər zaman beynəlxalq hüquq normalarını pozurlar. Ermənistan insanlığa qarşı cinayət əməlləri, etnik təmizləmələr və soyqırımlar həyata keçirib. Vaxt gələcək, onlar bu cinayət əməllərinə görə cavab verəcəklər, cinayət əməllərini törədən şəxslər ölkəmizə ekstradisiya ediləcək və Azərbaycanın ədalət mühakiməsi qarşısına çıxarılacaq".

B.Əliyev deyir ki, A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi Azərbaycan prezidentinin siyasi iradəsinin bir təzahürüdür.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi. Fevralın 7-də A.Lapşin Bakıya gətirilib. Bundan əvvəl isə Belarus Ali Məhkəməsi tərəfindən bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayəti rədd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti