...

Vitse-spiker ATƏT PA-nın qış sessiyasının gündəliyini açıqladı

Siyasət Materials 10 Fevral 2017 11:00 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının (PA) builki qış sessiyasının gündəliyi açıqlanıb.
Vitse-spiker ATƏT PA-nın qış sessiyasının gündəliyini açıqladı

Bakı. İlhamə İsabalayeva - Trend:

ATƏT Parlament Assambleyasının (PA) builki qış sessiyasının gündəliyi açıqlanıb.

Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-in PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Trend-ə deyib ki, Avstriyanın paytaxtı Vyana şəhərində fevralın 23-24-də keçiriləcək qış sessiyasında ATƏT PA-nın komitələrinin iclasları, plenar iclaslar, eyni zamanda qurumun Daimi Komitəsinin iclası keçiriləcək.

B.Muradova qeyd edib ki, bu iclaslarda ATƏT rəsmilərinin çıxışlarının olacağı, hesabatlarının təqdim ediləcəyi və bu hesabatlar əsasında diskussiyaların keçiriləcəyi gözlənilir. Eyni zamanda, hazırkı vəziyyət nəzərə alındığından “Böhran şəraitində insan hüquqları” mövzusu həm plenar sessiyanın, həm də Siyasi və İnsan Hüquqları Komitəsinin gündəliyinə xüsusi müzakirə mövzusu kimi daxil edilib. İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə Ümumi Komitənin iclasında isə təbii ehtiyatların idarə olunması, su təhlükəsizliyi və iqlim dəyişmələrinə qarşı mübarizə sahəsi üzrə xüsusi müzakirənin keçirilməsi nəzərdə tutulur.

B.Muradova qeyd edib ki, sessiyada ATƏT PA-nın yay sessiyasına hazırlıq məsələləri müzakirə ediləcək, yay sessiyasına təqdim olunan məruzələrlə bağlı diskussiyalar aparılacaq:

“Azərbaycanın imkanı var ki, həm bu məruzələr, həm də Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı öz mövqeyini açıqlasın, bu məsələləri müzakirə olunan məsələlərlə bağlayaraq, təşkilat üzvü olan ölkələrin nümayəndələrini ATƏT-in öhdəliklərini yerinə yetirməyə dəstək verməyə çağırsın. Azərbaycan ATƏT PA-da bütün məsələlərin müzakirəsi zamanı yaranan imkanlardan istifadə edərək özünün marağında olan, həll etmək istədiyi məsələləri gündəmə gətirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti