...

Ziyafət Əsgərov: Hərbi vəziyyət elan edilən zaman yalnız mane olan partiyaların fəaliyyəti dayandırılacaq

Siyasət Materials 14 Fevral 2017 18:10 (UTC +04:00)
"Bu, "Leyli və Məcnun" dastanı deyil ki, yazasan və ya Füzulinin qəzəli deyil ki, oxuyasan".
Ziyafət Əsgərov: Hərbi vəziyyət elan edilən zaman yalnız mane olan partiyaların fəaliyyəti dayandırılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

“İstənilən hərbi nizamnamə, hərbi doktrina və ümumiyyətlə, hərbi sahə ilə bağlı sənədlərin xüsusi dili və hüquqi terminologiyası var. Bu, "Leyli və Məcnun" dastanı deyil ki, yazasan və ya Füzulinin qəzəli deyil ki, oxuyasan”.

Trend-in məlumatına görə, bunu Milli məclisin deputatı Siyavuş Novruzov “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib ki, qanuna əsasən hərbi vəziyyət elan olunan ərazidə siyasi partiyanın və digərlərinin fəaliyyətinin dayandırılması düzgün deyil:

“Tutaq ki, hərbi vəziyyət elan olunub. Bakıda da hər hansı partiyanın rəhbərliyi başqa məsələ ilə əlaqədar mitinq keçirir. İndi dövlət oradakı hərbi vəziyyəti aparmalıdır, yoxsa siyasi partiya ilə məşğul olmalıdır? Bundan başqa, qanunda mətbuatla bağlı məsələ ilə də razılaşmıram. Hansısa rayon qəzetinin fəaliyyətini dayandırmaqla iş bitmir. Çünki orada gedən məlumatlar respublika əhəmiyyətli məlumatlardır və həmin məlumatlar respublikanın əsas mətbuat orqanlarında, eləcə də internet saytlarda gedir. Bu baxımdan məsələ ciddi şəkildə ortaya qoyulmalıdır. Hərbi vəziyyət adi qayda deyil ki, partiyaların qanun pozuntusuna görə onu məhkəməyə verib fəaliyyətinin dayandırılması haqqında qərarı gözləyəsən. Hərbi vəziyyət elan edilən kimi bu məsələlər avtomatik olaraq dondurulmalıdır. Çünki bütün istiqamət ora yönəldilməlidir. Ərazimizin 20 faizi işğal altında olduğu üçün buna daha diqqətlə yanaşmalıyıq”.

S.Novruzov çıxışı zamanı söyləyib ki, ağır texnika sərhəddən xeyli aralıda yerləşdirilməlidir:

"Yəni sərhəd bölgəsində sərhəd qoşunları və onun texnikasından başqa əlavə texnika yerləşdirilə bilməz. Azərbaycan Prezidenti hərbi vəziyyət zamanı öz tapşırıqlarını verir. Lakin buna qədər məsələlər də var ki, onlar həll olunmalıdır. Bir neçə il bundan öncə qonşu dövlət öz texnikasını bizim ərazimizin 70 kilometrliyinə toplamışdı. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi bu texnikanın hansı əsaslara uyğun şəkildə yerləşdirilməsinə dair məsələ qaldırdı. Məlum oldu ki, texnikalar antiterror əməliyyatına görə yerləşdirilib. Lakin onlara sübut olundu ki, heç bir antiterror əməliyyatına belə texnika ilə gedilmir. İkinci Dünya müharibəsi zamanı da Sovet ordusu öz təchizatını sərhədə yığdığına görə müharibənin ilk ayında 30 faiz texnikasını itirmişdi”.

Məsələyə cavab olaraq Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinin 10-cu maddəsində hərbi vəziyyət elan edildiyi zaman yalnız mane olan partiyaların fəaliyyətinin dayandırılması öz əksini tapıb:

“Qalan hallarda partiya öz fəaliyyətini dayandırmayacaq. Heç bir əsas olmadan onların fəaliyyəti dayandırıla bilməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti