...

Aydın Mirzəzadə: Bu, Azərbaycan dövlətçiliyində inqilabi bir sərəncamdır

Siyasət Materials 15 Fevral 2017 10:44 (UTC +04:00)
"Bu sərəncam həmin həssas kateqoriyanın, cəmiyyətin qorunmasına gətirib çıxaracaq".
Aydın Mirzəzadə: Bu, Azərbaycan dövlətçiliyində inqilabi bir sərəncamdır

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı Azərbaycan dövlətçiliyində inqilabi bir sərəncamdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, dövlət başçısının bu addımı insanların problemlərinin həlli istiqamətində görülən tədbirlərdəndir:

"Vaxtaşırı olaraq cənab Prezidentin ölkədə keyfiyyət dəyişikliyinə aparıb çıxaracaq addımlarına şahid oluruq. Ötən ilin əvvəlində cənab Prezident 2016-cı ilin ölkədə islahatlar ili olacağını dedi. Biz bunun şahidi olduq. Həmin islahatlar təkcə ötən illə kifayətlənmədi. Bu ilin əvvəlindən bir-birinin ardınca idarəçiliyin daha da təkmilləşdirilməsi, problemlərin həlli ilə bağlı bir çox tədbirlərin şahidi olduq".

Millət vəkili əlavə edib ki, bu günlərdə iki nazirliyin birləşdirilməsi və idarəetmənin çevik sistemə keçirilməsi, cəza sisteminin humnaistləşdirilməsi ilə bağlı sərəncamlar da bu qəbildəndir:

"Bu o deməkdir ki, iqtisadi cinayətləri artıq kriminal bölgədən inzibati bölgəyə keçirəcək, qısa bir zamanda problemin həllinə gətirib çıxaracaq. Bu, bir tərəfdən insanları buraxdığı səhvə görə mütləq həbslə bitəcək variantdan xilas edir. Dünya ölkələrində bu məsələlərinin ev dustaqlığı, şərti cəza verilməsi, vurduğu zərəri ödədikdən sonra məsuliyyətdən azad olma kimi alternativ variantları var. Bu, həmçinin ağır cinayətlər istisna olmaqla, digərlərinin az müddətli cəza ilə əvəz edilməsinə gətirib çıxaracaq. Ümumilikdə humanistləşdirmə cəmiyyətin xeyrinədir. İnanıram ki, 18 yaşına çatan uşaqlar və qadınlarla bağlı cəzaların yüngülləşdirilməsi variantı seçiləcək".

A.Mirzəzadə vurğulayıb ki, bu sərəncam həmin həssas kateqoriyanın, cəmiyyətin qorunmasına gətirib çıxaracaq:

"Məsələn, dünyada hər 100 min nəfərə düşən məhbusların sayına görə ən yaxşı vəziyyət Norveçdədir. Bu ölkədə hər 100 min nəfərə cəmi 41 məhbus düşür. Orada hər məsələni məhkəməyə gətirib çıxarmırlar. Yaşayış yeri üzrə icmalar müraciət edərək az ağır cinayətlər barədə onların müzakirə edib qərar çıxarmasını xahiş edirlər və bu da yerinə yetirilir. Ümumən götürəndə, mən bunun Azərbaycanın hüquq sisteminin islahatında növbəti əhəmiyyətli bir addım hesab edirəm. İnanıram ki, gələcəkdə bizim hüquq sistemimiz dünyanın aparıcı ölkələrinin, o cümlədən Azərbaycanın özündə yaxşı təcrübəsinin qanunvericilikdə əks olunması ilə bağlı növbəti addımlar da atılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti