...

Səfir: Azərbaycanla Pakistan arasındakı əlaqələr yüksək səviyyəyə çatıb (FOTO)

Siyasət Materials 15 Fevral 2017 12:10 (UTC +04:00)
Azərbaycan və Pakistan qardaş müsəlman ölkə olaraq ortaq tarixi, dini, mədəni və siyasi oxşarlıqlara malikdir.
Səfir: Azərbaycanla Pakistan arasındakı əlaqələr yüksək səviyyəyə çatıb (FOTO)

Bakı. Trend:

Azərbaycan və Pakistan qardaş müsəlman ölkə olaraq ortaq tarixi, dini, mədəni və siyasi oxşarlıqlara malikdir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin nüfüzlü Global Affairs jurnalına müsahibəsində deyib.

Pakistanla əlaqələrə dair fikrini bölüşən səfir bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra iki qardaş dövlət arasında münasibətlər inkişaf mərhələsinə qədəm qoymuş və nadir rast gəlinən həmrəyliyə çatmışdır. Azərbaycanla Pakistanı ortaq inanc, mədəni yaxınlıq, möhkəm köklər birləşdirir. Biz bir-birimizi beynəlxalq təşkilatlarda, həmçinin Kəşmir və Dağlıq Qarabağ məsələlərində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq dəstəkləyirik. Hər iki ölkənin rəhbərləri əlaqələrə böyük əhəmiyyət verirlər və hazırda iqtisadi əlaqələrimizin də yüksək səviyyəyə çatdırılması məqsədini irəli sürüblər.

Diplomat qeyd edib ki, kənd təsərrüfatı, enerji, idxal-ixrac, xarici investisiyanın ölkəyə cəlb olunması ilə bağlı sualları cavablandıran səfir Azərbaycanın 20 ildən çoxdur ki, bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sferada dinamik şəkildə inkişaf edən bir ölkə olduğunu bildirmişdir. Neft qiymətlərinin kəskin şəkildə düşməsinə baxmayaraq, ölkədə iqtisadi artım davam etməkdədir. Neftdən asılılığı azaldan Azərbaycan iqtisadiyyatı üçün kənd təsərrüfatı sahəsi xüsusi əhəmiyyətə malikdir və 2016-cı ildə Azərbaycanın meyvə-tərəvəz ixracatı ötən ildəkinə nisbətən 25% artmışdır. Bir neçə ay bundan əvvəl elektron ticarət portalı olan azexport.az-ın təqdimatının Azərbaycanda keçirildiyini bildirən səfir məqsədin Azərbaycan mənşəli məhsullar barədə məlumat əldə edilməsini asanlaşdırmaq və həmin məhsulların xarici və yerli bazarlarda satışını təmin etmək olduğunu bildirmişdir. Pakistanlı iş adamları da həmin portaldan yararlanaraq məlumat əldə edə və kənd təsərrüfatı sahəsində ticarət fəaliyyətlərini genişləndirə bilərlər. Azərbaycan tərəfi ölkədə Pakistan şirkətlərinin fəaliyyəti üçün lazımi şəraitin yaradılmasına hazırdır. 2016-cı ildə Azərbaycanla Pakistan arasındakı ticarət dövriyyəsi ötən ildəkinə nisbətən üç dəfə artmışdır.

O deyib ki, fevral ayında Azərbaycandan Pakistana səfər edən ticarət missiyasının məqsədi də iki ölkə arasındakı ticarət dövriyyəsini genişləndirməkdir. Bundan başqa, yaxın vaxtlarda iki ölkə arasında enerji sahəsində əməkdaşlığı ehtiva edən hökumətlərarası razılaşmanın imzalanması nəzərdə tutulur. Biz həmçinin, pakistanlılar üçün viza rejimini də sadələşdirmişik və indi hər kəs Azərbaycana onlayn viza əldə edə bilər. Azərbaycanda xarici investorlar üçün gözəl şəraitin mövcud olduğunu bildirən səfir hökumətin xarici investisiyanı ölkə iqtisadiyyatına cəlb etmək üçün açıq qapı siyasətini həyata keçirdiyini qeyd etmişdir. Bir çox beynəlxalq iqtisadi təşkilatlar müxtəlif statistik cədvəllərdə Azərbaycanı yüksək reytinqli ölkələr sırasına daxil etmişlər. Ölkəmizdə həmçinin, müxtəlif sənaye və texnologiya parkalrı mövcuddur ki, burada xarici şirkətlər və iş adamları bir çox vergi güzəştlərindən istifadə edirlər.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı sualları da cavablandıran Ə.Əlizadə bu təcavüzün sadəcə on minlərlə insanın öldürülməsi, soyqırımı ilə nəticələnmədiyini vurğulamış, həmçinin Azərbaycanın tarixini və mədəniyyətini silmək məqsədilə xeyli sayda dəyərli abidə və sənət əsərlərinin məhv edilməsi ilə nəticələndiyini qeyd etmişdir. Müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanı işğal olunmuş ərazilərdəki İslami abidələri məhv etdiyi üçün sərt şəkildə tənqid etmişlər. Qeyd olunan işğal faktı BMT Təhlükəsizlik Şurasının, İƏT-in, Qoşulmama Hərəkatının qətnamələrində, həmçinin Avropa Şurasının rəsmi sənədlərində öz əksini tapmış, beynəlxalq ictimaiyyət tərəfindən də təsdiqlənmişdir. Azərbaycanın hazırda regionda ən güclü orduya malik olduğunu qeyd edən səfir ordunun istənilən vaxt düşmən mövqelərini məhv etməyə hazır olduğunu, lakin Azərbaycanın münaqişənin sülh yolu ilə həllini istədiyini və bu istiqamətdə davamlı siyasət yürütdüyünü bildirmişdir. Dağlıq-Qarabağ Azərbaycanın tarixi ayrılmaz tərkib hissəsidir və Azərbaycan öz ərazi bütövlüyünü nə yolla olursa olsun bərpa edəcəkdir.

Azərbaycanın multikulturalizm ölkəsi kimi tanınması və Pakistanla bu sahədə əlaqələrə dair suala münasibət bildirən səfir qeyd etmişdir ki, 2016-cı il Azərbaycanda multikulturalizm ili elan edilmişdi, ölkəmiz müstəqil dövlət kimi regionda və dünyada multikulturalizm ənənələrinin inkişafına öz töhfəsini verməkdədir. Son illərdə Bakıda xeyli sayda beynəlxalq tədbir, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu və s. forumlar keçirilmişdir. 2016-cı ildə Bakıda həmçinin, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu təşkil edilmiş və tədbirin məqsədi sülhün möhkəmlənməsi, müxtəlif mədəni və dini kimliklərə malik insanların bir-birinə qarşılıqlı hörmət göstərməsini təşviq etmək olmuşdur. Bütün qeyd olunan forumlarda Pakistan nümayəndələrinin də iştirak etdiyini vurğulayan səfir multikulturalizm sahəsindəki fəaliyyətdən bəhs edərkən Heydər Əliyev Fondunun layihələrinin də qeyd edilməsinin vacib olduğunu bildirmişdir. Fondun müxtəlif ölkələrdə, o cümlədən Pakistan, Fransa, Rusiya, Macarıstan, İtaliya, Almaniyada həyata keçirdiyi sosial, humanitar və sağlamlıq layihələri Azərbaycanın mədəni müxtəliflik və universal dəyərlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, ölkəmizin mədəniyyətlərarası dialoqa və xalqlar arasındakı yaxınlaşmaya verdiyi töhfəni də göstərdiyini qeyd etmişdir.
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2017-ci ilin ölkədə İslam Həmrəyliyi İli elan edildiyini nəzərə çatdıran səfir, sərəncamın əsas məqsədinin İslam həmrəyliyində Azərbaycanın özünəməxsus rolunu gücləndirmək olduğunu bildirmişdir. Səfir Azərbaycanın bu ildə də tolerantlıq və dialoqun inkişafına və dünyada İslami dəyərlərin təbliğinə öz töhfəsini verəcəyini qeyd etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti