...

Azərbaycanla Fələstin arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

Siyasət Materials 16 Fevral 2017 18:39 (UTC +04:00)
Bu gün Azərbaycan və Fələstin arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycanla Fələstin arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

Bakı. Trend:

Bu gün Azərbaycan və Fələstin arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Fələstini isə xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiya təmsil edib.

X.Xələfov ölkəmiz ilə Fələstin arasında tarixi köklərə malik olan əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycanın beynəlxalq səviyyədə Fələstini hərtərəfli dəstəklədiyini vurğulayıb.

X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmkarına ətraflı məlumat verib.

M.Şamiya Fələstinin Azərbaycan ilə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycanın Fələstinə beynəlxalq səviyyədə verdiyi dəstəyin və göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

M.Şamiya Fələstinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirərək, regionun lider dövləti kimi Azərbaycanın hərbi və iqtisadi gücünün artmasının münaqişənin sülh yolu ilə həllinə zəmin yaratdığını vurğulayıb. Azərbaycanın multikulturalizm, tolerantlıq və dini-mənəvi dəyərlərin qorunub saxlanılması, onların inkişafına böyük töhfə verdiyini bildirən Fələstinli nazir müavini Azərbaycanın islam dünyası üçün bir nümunə olduğunu və İƏT çərçivəsində ölkəmizin gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğulayıb.

X.Xələfov müsəlman dövlətləri arasında islam həmrəyliyinin gücləndirilməsində ölkəmizin rolu və əhəmiyyəti haqqında danışaraq, bu xüsusda ölkə başçısının sərəncamına uyğun olaraq, 2017-ci ilin “İslam Həmrəyliyi” ili elan olunmasına diqqəti çəkib. Həmçinin ölkəmizin 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyini qeyd edən X.Xələfov, bütün bu tədbirlər və görüləcək işlərin dövlətimizin, həmçinin Prezident İlham Əliyevin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisi olduğunu vurğulayıb.

Görüşdə həmçinin Azərbaycan və Fələstin arasında yüksək qarşılıqlı səfərlərin sayının artırılması, kənd təsərrüfatı, humanitar, turzim, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi kimi məsələlər müzakirə olunub və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş fikir mübadiləsi aparılıb.

Fələstin tərəfi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti