...

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üçüncü iclası keçirilib

Siyasət Materials 22 Fevral 2017 16:38 (UTC +04:00)
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üçüncü iclası keçirilib.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üçüncü iclası keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Fevralın 22-də Baş nazirin müavini Əli Əhmədovun iştirakı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üçüncü iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyünü və qarşıda hələ bir çox mühüm vəzifələrin dayandığını bildirib.

İclasda BMT ilə Azərbaycan hökuməti arasında sıx işbirliyinin olduğu vurğulanaraq, bu ilin iyul ayında nəzərdə tutulmuş BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ilkin hesabatının hazırlanması prosesi barədə Milli Əlaqələndirmə Şurasının sədr müavini, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin təqdim etdiyi məlumat müzakirə edilib. Qeyd olunub ki, xüsusilə ərzaq təhlükəsizliyi, səhiyyə, sağlam həyat, gender bərabərliyi və digər məqsədlər ətrafında ciddi hazırlıq işləri aparılmalıdır.

Həmçinin BMT Baş Məclisinin sədri Peter Tompsonun təşəbbüsü əsasında Təhsil Nazirliyi tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif təhsil pillələri və səviyyəsi üzrə tədris proqramlarına daxil edilməsi məsələsi də nəzərdən keçirilib. BMT-nin fəaliyyət planına uyğun olaraq Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi prosesi üçün müxtəlif qruplarla görüşlərin, simpoziumların, konfransların keçirilməsi barədə təşkilati tədbirlər müzakirə olunub.

İclasa yekun vuran Baş nazirin müavini Ə.Əhmədov Milli Əlaqələndirmə Şurasının Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilkin hesabatının nəzərdə tutulan vaxtda hazırlanması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verib.

İclasda cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti